Lənkəranda ata 18 yaşlı qızını belə öldürüb

8 Avqust 2013 12:45 (UTC+04:00)

Lənkəranda iki il öncə baş verən dəhşətli qətlin üstü açılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 2 il əvvəl bir bacını öldürən, digər bacını da öldürəcəyilə hədələyən şəxsin doğma ataları olduğu məlum olub. Belə ki, 2012-ci ilin dekabr ayının 26-dan itkin düşən Lənkəranın Sərinbulaq kənd sakini 18 yaşlı Əfsanə Cavadova bu il avqustun 5-də Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb. Saxlanılan Əfsanə Cavadova hüquq-mühafizə orqanlarına verdiyi ilkin izahatda atası İsrafil Cavadovun 2011-ci ilin iyun ayında Sərinbulaq kəndinin ərazisindəki pay torpaq sahəsində bacısı Rəqsanəni qətlə yetirdiyini, onu da öldürəcəyilə hədələdiyi üçün evdən qaçdığını bildirib. Baş Cinayət Axtarış İdarəsi, Səbail rayon Polis İdarəsi və Lənkəran şəhər polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İsrafil Cavadov saxlanlınıb. Həmçinin Əfsanə Cavadovanın izahatı əsasında araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları İsrafil Cavadova məxsus pay torpaq sahəsində qızı Rəqsanənin meyiti qeyd edilən ərazidə aşkar edib. Meyid ekshumasiya edilərək kənd qəbristanlığında dəfn olunub. Saxlanılan İsrafil Cavadovun ailə üzvlərinin verdiyi məlumata görə, hadisə namus üstündə baş verib. Onun oğlanları 26 yaşlı Amid və 20 yaşlı Ramidin sözlərinə görə, ataları bacılarını namus üstündə qətlə yetirib. Amma bu barədə onlar heç nə bilməyiblər. Bacısı saxlanılandan sonra bu məsələ aydın olub. Belə ki, qətlə yetirilən Rəqsanə Astarada Ramiq adlı bir oğlanla tanış olub. Həmin oğlan Rəqsanəni sevdiyini bildirərək onu qaçırdıb. Hətta 2 gün evində saxlayıb. 2 gündən sonra onu evindən qovub. Bir müddətdən sonra Rəqsanənin hamilə qaldığı məlum olub. Bunu bilən ata qızını pay torpağında və bacının gözləri qarşısında qətlə yetirib.

Hazırda faktla bağlı Lənkəran rayon Prokurorluğu tərəfindən cinayət işinə başlanılıb, araşdırma aparılır.