Açıq müstəvidə sətiraltı etiraz

17 Sentyabr 2020 09:04 (UTC+04:00)


Azərbaycanın xarici siyasətinin prioritet istiqamətinin ilk mövzusu ölkənin ərazi bütövlüyünün bərpa edilməsidir.

Dövlət başçısı bu faktı ölkənin ən böyük problemi adlandırır və müxtəlif istiqamətlərdə uzanan xarici siyasətin qolları bu nöqtədə həmişə bitişir. Xarici diplomatlarla elə bir görüş ola bilməz ki, orada Qarabağın azadlığı məsələsi gündəmə gətirilməsin. Bunun diplomatik deyimi odur ki, biz siyasətimizi torpaqlarımızın azadlığı fonunda qururuq və sizinlə də yalnız bu konteksdə əməkdaşlığımızı davam etdirə bilərik.
Bu günlər Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edərkən probleminhəllini mövcud situasiyaya uyğun olaraq qaldırıb. Çünki Fransa ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir və onun işğalçı Ermənistana da təsir imkanları genişdir.
Görüşdə iqtisadi sferada ölkələrarası əməkdaşlığın hazırkı durumu və perspektiblər haqda fikir mübadiləsi aparmaqla yanaşı, təbii ki, biz tərəfin təşəbbüsü ilə Qarabağ münaqişəsinin həlli yollarına da toxunulub.   
Yayılan məlumatda bildirilir ki, nazir Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Fransa səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Münaqişənin həlli üzrə danışıqlar prosesinin Ermənistan tərəfinin nümayiş etdirdiyi son dərəcə təxribatçı və məsuliyyətsiz davranış səbəbindən dalana dirəndiyini qeyd edib. Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alovlanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsini təəssüflə vurğulayıb. İşğalçı Ermənistan ilə, ərazilərə 30 ilə yaxındır ki, işğal altında saxlanılan Azərbaycana tarazlı mövqe nümayiş etdirilməsinin düzgün olmadığı deyilib. Həmçinin son zamanlar Ermənistanın geniş şəkildə silahlanmasının bu ölkənin yeni təxribatlarda maraqlı olduğunun göstəricisi olduğu vurğulanıb.
Bəlkə də ilk baxışda bu sözlər, fikirlər oxucuya adi görünə bilər. Amma diplomatik anlamda bu kəskin etitaz ifadə edir. Çünki, sadalanan üç amildən aydın görünür ki, Minsk qrupu yarltmaz fəaliyyət göstərir. Birincisi, Ermənistanın təxribatları ona dəlalət edir ki, o, beynəlxalq hüququ, o cümlədən ATƏT-in barışdırıcı missiyasına saya salmır.
İkincisi, ATƏT və onun Minsk qrupu təcavüzkar ilə təcavüzə məruz qalanı eyni səviyyədə dəstəkləyir və bu dəstəkdə həmsədr Fransanın da rolu var.
Üçüncüsü, Ermənistanın silahlanmasının güclənməsi və Livandan, habelə digər ölkələrdən mülki əhalinin və terrorçuların Qarabağa fəal çəkildə köçürülməsini həyata keçirməsinə MQ-nin susqunluq nümayiş etdirməsi, əslində  qrupun tərəf tutması deməkdir və buna görə də MQ-dən imtina etmək üçün ciddi əsaslar yaranıb.
Səfir Zakari Qros Fransanın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb, münaqişənin həlli üzrə danışıqlarda irəliləyişin əldə olunmamasından ökəsinin də narazı olduğunu qeyd edib. Çox gözəl! Əslində səfirin bu etirafı da diplomatik anlamda sətiraltı mənalardan xali deyil. Yəni, bir həmsədr olaraq Fransa tərəfi gedişatdan narazıdırsa, demək, ATƏT-in Minsk qrupu münaqişəni nə vaxtsa həll etmək missiyasına malik deyil. Belə olan halda, onda bu qrupu saxlamağın mənası nədir? Həsdərin narazılığından doğan başqa bir həqiqət isə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin vaxtı çatdığına işarədir.

Hərçəndi, uzun illərin təcrübəsi sübut edir ki, Fransanın “münaqişə” adlandırdığı işğalın aradan qaldırılması Azərbaycanan ərazi bütövlüyündən çox Azərbaycan ərazisində yaşayan ermənilərin “öz müqəddəratını təyinetmə prinsipi”nə söykənir. Elə buna görədir ki, torpaqlarımızın azadlığı məsələsi uzanır. Əgər Azərbaycan bu məsələdə bir balaca zəiflik göstərsə, onda dərhal  həmsədrlər  bütün gücləri ilə işə girişərdilər. Onların qarşısını kəsən Azərbaycanın işğalı aradan qaldırmaq üçün göstərdiyi qətiyyət və siyasi iradədir. Ceyhun Bayramovun Fransa səfirinə çatdırdığı niyyət də məhz, bununla bağlıdır. Çünki, səfir bu söhbətin məzmununu Parisə raport edəcək və orada Azərbaycanın nə demək istədiyi diqqəti cəlb edəcək.
N.NOVRUZ