Korrupsiyaya qarşı mübarizədə yeni dalğa

17 Sentyabr 2020 09:30 (UTC+04:00)

Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev korrupsiyaya qarşı mübarizə Komissiyasına sədr seçilib. Komissiyanın qərarı ilə baş prokuror Kamran Əliyev isə antikorrupsiya şəbəkəsi üzrə milli koordinator seçilib. Azərbaycanın bir nömrəli bəlası adını almış korrupsiya fəlakəti ilə mübarizənin bu təyinatlarla daha da güclənməsi gözlənilir. Ölkədə gedən kadr islahatları fonunda mənən möhkəm, işdə şəffaf fəaliyyətləri ilə fərqlənən kadrların irəli çəkilməsi ictimai-siyasi həyatımızın inkişafında yeni dalğa deməkdir. Komissiyanın yeni sədri bu vəzifədə verdiyi ilk açıqlamaları ilə mübarizə üsullarının yeni forma və metodlarından, ictimaiyyətin bu işdə daha da fəallaşdırılmasından danışıb.
Ümumiyyətlə, bir nömrəli bəlaya qarşı mübarizənin gücləndirilməsində böyük siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizəni inkişaf strategiyasının tərkib hissəsi sayır. Bu ciddiyyətin sayəsində Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır.
Samir Nuriyev Komissiyanın islasında çıxış edərək bildirib ki, dövlətin apardığı səmərəli siyasət bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyənləşdirib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Bununla yanaşı o, yeni sədr kimi görüləcək işlərin hansı istiqamətdə genişləndiriləcəyini açıqlayıb: “Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir”.
Komissiya sədri vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir və artıq bu istiqamətdə milli fəaliyyət planının hazırlanması barədə artıq tapşırıq verilib.
Hazırda dövlət başçısının keçən ildən sürətlə həyata keçirdiyi kadr islahatlarından göründüyü kimi, hakimiyyətin yuxarı eşalonunda köhnə dünyagörüşlü insanların əksəriyyəti dəyişdirilib.

Yeni kadrların  fəaliyyətində şəffaflıq prioritetə malikdir və onlar da korrupsiyaya qarşı mübarizənin fəal icraçılarındandır. Əsas məsələlərdən biri nisbətən aşağı səviyyədə, xüsusilə də bilavasitə əhali ilə işləyən icra başçıları və onların komandalarının üzvlərinin qəyyumluq, rüşvətxorluq əməllərinin aradan qaldırılması, bu səbəblərdən həbs və cinayət məsuliyyətinə cəlb edilmiş insanların qanunun tələblərinə uyğun şəkildə güzəştsiz mühakimə edilməsi vacib şərtdir.

Belə ki, əgər cinayət törədənlərin hansınasa güzəşt edilsə, onda əhali arasında ciddi narazılıq yaranır və bu da mübarizənin əhəmiyyətini sıfırlayır. Çünki, hamı bilir ki, güzəştlər yalnız müəyyən haqq müqabilində, daha doğrusu, ruşvət qarşılığında baş verir. Təbii ki, ittihamın arxasında faktlar, neqativ əməllər durmalıdır.
Korrupsiyaya qarşı mübarizə Komissiyasının yeni tərkibində yer alanların açıqlamalarından aydın olur ki, qarşıdakı dövr üçün fəaliyətin başlıca prinsipi bu işdə ictimai nəzarətin gücləndirilməsi olacaq.  Yeni texnologiyalardan istifadə etməklə bu məsələ innovativ əsasda həll olunacaq. Beynəlxalq təşkilatlarda fəaliyyətin gücləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi də prioritetlik qazanacaq. Bu isə, təbii ki, müsbət təcrübələrin ölkəımizdə tətbiqini də nəzərdə tutur. Xüsusilə, əhali qruplarının fəallaşdırılması vaşib amildir. Çünki rüşvəti alanla yanaşı onu verən tərəf də var və ictimaiyyətin şüuruna birdəfəlik yeridilməlidir ki, neqativ üsulları həyat tərzinə çevirmək korrupsiyanın çiçəklənməsi üçün münbit şərait yaradır.

Hər kəs qanunların çərçivəsində işini qurmağı öyrənməli, bacarmalı və bundan kənara çıxmağın cinayət olduğunu anlamalıdır.
N.NOVRUZ