Minsk Qrupundan imtina aktuallaşır

17 Sentyabr 2020 09:57 (UTC+04:00)

Bu günlərdə Baş Nazirin müavini, YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov “Erməni təxribatları və Minsk Qrupunun susqunluğu” sərlövhəli məqaləsində qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeni fazaya keçdiyi müşahidə edilməkdədir:  “Erməni təxribatlarının davamlı şəkildə genişləndirilməsi əvvəlki dövrlərdə qorunub saxlanan nisbi sabitliyi getdikcə daha artıq dərəcədə əvəz etməyə başlayıb. İki ay bundan əvvəl Azərbaycanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatları nəticəsində baş verən döyüşlər, onun ardınca Ermənistanın silahlandırılması ilə əlaqədar üzə çıxan faktlar, Goranboy istiqamətində erməni diversiantının saxlanılması münaqişə zonasında və münaqişə ilə əlaqədar erməni təxribatlarının kiçik siyahısıdır. Ermənistanın Baş Nazirinin tez-tez işğal zonalarına səfər etməsi, nizamasalma prosesinə daban-dabana zidd olan bəyanatlar səsləndirilməsi növbəti erməni təxribatlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Paşinyan hakimiyyətinin ilk aylarında xanım Paşinyanın “sülh çağırışlarının” son vaxtlar Kalaşnikov avtomatı ilə birlikdə çəkdirdiyi fotolarla əvəz olunması erməni təxribatının nə qədər eybəcər xarakter aldığından xəbər verir.”
Ə.Əhmədov bildirib ki, gündən-günə genişlənən və azğınlaşan erməni təxribatları fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nizama salmaq misiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun susqunluğu, bitərəf müşahidəçiyə çevrilməsi, yumşaq şəkildə desək, təəccüblü görünməyə bilməz:  “Onsuz da Minsk Qrupu münaqişənin bu qədər uzanmasının, düzgün və ədalətli nizamasalma formulunu tapa bilməməsinin məsulliyyətindən yaxasını kənara çəkə bilməz. İndi isə onun gözləri qarşısında erməni tərəfi yeni, daha acı nəticələrə gətirib çıxara biləcək növbəti cinayəti törətməkdə davam etməkdədir. Azərbaycan münaqişənin dinc yollarla, lakin ədalətli şəkildə, işğal olunmuş bütün torpaqların azad olunması şərti ilə nizama salınmasının tərəfdarıdır. Bəzi istisnalar olmaqla, 1994-cü ildən bu günə qədər davam edən atəşkəs rejimi bunun birbaşa təzahürüdür. Lakin münaqişənin indiyədək nizama salınmaması, getdikcə artmaqda və azğınlaşmaqda olan erməni təxribatları, habelə vasitəçilərin sükunəti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanlarını məhdudlaşdırır. Azərbaycan işğal olunmuş torpaqlarını qaytarmalıdır və qaytaracaq. Əgər vasitəçilər və diplomatlar bu işdə öz təsirli sözünü deyə bilməsələr, qəhrəman Azərbaycan Ordusu öz şərəfli vəzifəsini yerinə yetirməli olacaq. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşləri Ordumuzun nəyə qadir olduğunu nümayiş etdirib. Hərbçilərimizin həmləsi ilə ədalətin zəfər çalacağı heç kimdə zərrə qədər şübhə dogurmur".
YAP İcra katibi Əli Əhmədovun son açıqlamaları Azərbaycanın Minsk Qrupundan narazılığının artmaqda olduğunu göstərir. Bu sonda Minsk Qrupundan imtinaya rəvac verə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Minsk qrupundan imtina Bakının atacağı ən radikal addım olardı: “Azərbaycan rəsmilərinin ATƏT-in Minsk Qrupu haqqında mənfi fikirləri son dövrlər getdikcə artır. Artıq ölkə rəsmiləri də etiraf edir ki, həmsədrlər formatında aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur. Azərbaycanda həmsədrlərin fəaliyyəti ilə bağlı neqativ fikirlərin artması fonunda rəsmi Bakı Minsk Qrupunun gələcəyi ilə bağlı bir neçə mümkün variantdan birini seçə bilər.
Bu variantlar arasında indi ən çox səslənəni Minsk Qrupu formatında aparılan danışıqlardan imtinadan ibarətdir. Ondan imtina, rəsmi Bakının atacağı ən radikal addım olardı. Danışıqların getdiyi bu illər ərzində həmsədrlərdən imtina zaman-zaman gündəmə gəlib. Bəzən bu mövzunun ictimaiyyətin müzakirəsinə çıxarılmasında Azərbaycan hakimiyyətinin birbaşa marağı olub. Rəsmi Bakı bununla həmsədr dövlətlərə “vətəndaşlarımız sizdən narazıdır” tipli mesajlar göndərməyi lazım bilib. Ancaq Minsk Qrupu formatından imtina faktiki sülh danışıqlarının dayandırılması və müharibə anonsunun verilməsi deməkdir. Minsk Qrupundan imtina bölgədəki vəziyyəti gərginləşdirər, atəşkəsin pozulması hallarını artırar. Digər tərəfdən, Azərbaycanın beynəlxalq aləmlə münasibətlərində gərginlik ocağı yaradar.  Bu belədir. Ancaq bütün hallarda Azərbaycan Minsk qrupunun fəaliyyətsizliyinə sona qədər dözməyəcək. Azərbaycan əvvəl-axır yaranmış vəziyyətdə torpaqları işğaldan azad etmək üçün qəti addım atmalı olacaq. Mövcud vəziyyət ondan xəbər verir ki, Azərbaycanın indiki halda yeganə çıxış yolu Türkiyənin burada hərbi bazalarının yaradılması ilə işğala son qoymaq üçün hərbi əməliyyatlara başlamaqdan ibarətdir”.
Rüfət NADİROĞLU