Bakı və Ankaradan düşmənə yeni göz dağı

17 Sentyabr 2020 10:04 (UTC+04:00)


Son zamanlar göründüyü kimi, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq sürətlə genişlənir. Bu yaxınlarda Ermənistanın Tovuz təxribatına cavab olaraq Azərbaycanda iki qardaş ölkə hərbçilərinin birgə hərbi təlimləri keçirildi.  Bakının işğalçı bolşevik rejimindən azad olunması günü isə Gəncə səmasında Türkiyə və Azərbaycan qırıcıları birgə uçuş təşkil etdilər.   Azərbaycan və Türkiyə qırıcılarının Gəncə səmasında uçuşu  Gəncəni vurmaqla hədələyən ermənilərə hansı mesaj verir?
Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, Türkiyə və Azərbayan qırıcılarının Gəncə səmasında uçuşu İrəvan üçün işğal etdiyi torpaqları uzun müddət əlində saxlaya bilməyəcəyinə bir mesajdır: “Azərbaycan əslində hər gün Ermənistana mesaj verir. Ermənistanla bütün əlaqələri kəsməklə, Silahlı Qüvvələrimizi daha da möhkəmləndirməklə, Dağlıq Qarabağ məsələsində tutduğumuz prinsipial mövqedən geri çəkilməməklə düşmən ölkəyə mesaj veririk. O, cümlədən dost və qardaş olan Türkiyə ilə əlaqələri gücləndirməyimiz, onunla hərbi sahədə əməkdaşlığı yüksək səviyyəyə qaldırmağımız da İrəvana ciddi mesajdır. Bu tək Ermənistana deyil, Azərbaycanın müstəqilliyini istəməyən digər dairələrə də ciddi bir mesajdır. Ermənistan bilməlidir ki, onun hərbi təxribatlarının, siyasi populizminin bir sərhədi olmalıdır. Ermənistan müəyyən dairələrə arxalanaraq Azərbaycanla hədə dililə danışmasın. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bir nömrəli məsələdir. Müstəqilliyi yeni qazandığımız dövrdə dövlətimizin  zəifliyindən istifadə edib işğal etdiyi torpaqları İrəvan heç də uzun müddət əlində saxlaya bilməyəcək”.
Milli Dərçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyevin fikrincə, sözügedən birgə uçuş düşməni verilən və onu lərzəyə salan göz dağı idi: “Türkiyə və Azərbaycan qırıcılarının Gəncə səmasında uçuşu bir neçə baxımdan əhəmiyyətli məsələdir. Əvvəla, həmin uçuş Nuru Paşanın Bakının köməyinə gəlməsi və 1918-ci ilin sentyabrın 15-də paytaxtımızın azad edilməsi baxımından əhəmiyyət kəsb edir. Yəni həmin uçuş bir mənada bu prosesin qeyd olunması kimi dəyərləndirilir. Bu həm də bir mesajdır ki, Türkiyə daima Azərbaycanın yanındadır. Türkiyə cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi kimi, tək Türkiyə Bakıdakı qardaşlara kömək etməyib, azərbaycanlılar da Çanaqqalada türk qardaşlarla birlikdə azadlıq uğrunda vuruşublar.
Bütün hallarda sözügedən uçuş Türkiyənin Azərbaycanın yanında olmasına bir mesajdır. Bu mənada da həmin hadisə ermənilərin guya Gəncəni vurmaq barədə hədələrinə tutarlı şəkildə veriən möhtəşəm bir cavab oldu. Düşmən tərəf Gəncəni vurmaq xülyasına düşərsə, bilməlidir ki, Azərbaycan qırıcıları bir neçə saata, hətta Naxçıvandan hərəkət etsək bir neçə dəqiqəyə İrəvanı yer üzündən silərlər. Yəni birgə uçuş onu göstərdi ki, Azərbaycanın maraqlarına toxunduqları halda bütün üsullarla düşmənin qarşısında dayanacağıq. Türkiyə hazırda ən modern, hədəfləri daha dəqiq vuran hərbi silahlarla təmin edilib. Bu istiqamətdə qardaş ölkə son illər xeyli dərəcədə irəli gedib. Bu mənada qardaş ölkənin bütün hərbi imkanlarının Azərbaycanın əmrində olduğu barədə verdikləri bəyanat düşmənə bir mesajdır. Gəncədəki birgə uçuş da göstərdi ki, Türkiyənin bütün vasitələri, o cümlədən hava qüvvələri də Azərbaycanın əmrindədir. İki qardaş dövlət bütün resurslardan ortaq istifadə edir.
Bu mənada Gəncə səmasında qırıcı təyyarələrin həyata keçirdiyi birgə uçuşlar  düşmənə göz dağı, keçmişi yad etmək və Türkiyə ilə Azərbaycanın daim bir yerdə olması barədə gələcəyə verilən mesaj idi. Bu bütün dünyaya həm Azərbaycan, həm də Türkiyə baxımından verilən bir mesajdır. Ona görə də Gəncə səmasındakı görüntüləri tək sadə xoş bayram ovqatı kimi deyil, siyasi məna daşıyan bir hadisə kimi dəyərləndirirəm”.
R. SOLTANOV