Bakı Ukraynada Ermənistan üzərində daha bir mühüm qələbəyə imza atdı

18 Sentyabr 2020 09:03 (UTC+04:00)

Bakı Ukraynada Ermənistan üzərində daha bir mühüm qələbəyə imza atdı
Natiq Cəfərli: “Bizləri birləşdirən bəzi ümumi problem və məsələlər var”
Ukrayna yeni milli təhlükəsizlik strategiyasında Azərbaycanı strateji tərəfdaş elan edib. Ukraynanın milli təhlükəsizlik üzrə yeni strategiyasında Azərbaycan strateji tərəfdaş dövlət siyahısına salınıb.
Ukrayna Prezidenti Vladimir Zelinski Ukrayna Milli Təhlükəsizlik və müdafiə şurasının 14 sentyabr 2020-ci il tarixli “Ukraynanın milli təhlükəsizliyinin strategiyası haqqında” qərarına dair əmr imzalayıb. Əmrin müvafiq bəndində qeyd olunub ki, Ukrayna öz milli maraqlarını qorumaq və regional təhlükəsizliyi gücləndirmək üçün bir sıra ölkələrlə münasibətləri inkişaf etdirəcək. Sənədin 36-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası, Türkiyə Respublikası ilə strateji tərəfdaşlıq, digər Baltik və Şimali Avropa ölkələri ilə tərəfdaşlıq, həmçinin Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə yaxın qonşuluq münasibətləri, Belarus Respublikası və Moldova Respublikası ilə praqmatik əlaqələr, Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsində NATO üzvü olan ölkələrlə praktik əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edək ki, rəsmi Kiyev Bakı ilə əlaqələrə hər zaman mühüm önəm verib. Bu mənada Azərbaycanın strateji tərəfdaş elan edilməsi də bunun bariz nümunəsidir. Deməli, Kiyev Azərbaycanla ikitərəfli əlaqələrə, bu münasibətlərin daha da yüksəlməsinə xüsusi önəm verir. Hər iki ölkə separatizmdən, ərazilərin işğalından əziyyət çəkir. Ukrayna Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi sahəsində də ölkəmkizə ən çox dəstək verən dövlətlərdəndir. Eyni zamanda, Azərbaycan da bu istiqamətdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu ölkələr GUAM-da birgə fəaliyyət göstərirlər.  İki ölkə arasında iqtisadi əlaqələr də durmadan inkişaf edir.
Düzdür, indiki halda Ukrayna-Azərbaycan ticarət mübadiləsinin həcmi 1 milyard dollardan aşağıdır. 2014-cü ilə qədər bu rəqəm daha yüksək olub. Amma strateji tərəfdaşlıq münasibətləri bu sahədə də artıma səbəb olacaq. 2019-cu ilin məlumatına  görə Azərbaycan Ukraynaya 327 milyon dollarlıq mal ixrac edib, idxal 385 milyon dollar olub.
Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycanı strateji tərəfdaş elan  etməsinin səbəbi nədir? Bu Azərbaycana hansı üstünlüklər vəd edir?  Ukraynada erməni lobbisini sıxışdırmağa nə dərəcədə əsas yaradır?
ReAL-ın icra katibi Natiq Cəfərlinin fikrincə, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycanı strateji tərəfdaş elan  etməsinin səbəbi hər iki ölkəni birləşdirən bəzi ümumi problem və məsələlərin olması ilə bağlıdır: “Azərbaycanla Ukrayna arasında siyasi iqtisadi münasibətlər çoxdan yaranıb. Müstəqillik əldə etdiyimizdən üzü bəri bu münasibətlər hər zaman kifayət qədər yüksələn xəttlə inkişaf edib. Çox zaman Ukraynanın bir sıra məsələlərinin həllində və bu ölkə ilə bağlı hansısa beynəlxalq məsələlərin müzakirəsində Azərbaycan hər zaman Kiyevin haqlı mövqeyinə dəstək verib.
Çünki bizləri birləşdirən bəzi ümumi problem və məsələlər var. Ukrayna ərazisinin də bir hissəsi işğal altındadır. Burada da bəzi yerlərdə qeyri-qanuni terrorçu silahlı dəstələr var. Azərbaycanın ərazisinin də bir hissəsi uzun illərdir Ermənistan və Dağlıq Qarabağda yerləşən qeyri-qanuni silahlı qruplar tərəfindən işğal edilib. Bu məsələlərdə beynəlxalq arenada bir-birimizə dəstək vermək, kömək olmaq kimi ümumi xətt üzrə  birgə hərəkət edirik. Bununla yanaşı, iki dövlət arasında iqtisadi münasibətlər də kifayət qədər inkişaf edir. Bu nöqteyi nəzərdən, Kiyevin strateji tərəfdaşlıq sənədlərində Bakının da yer alması təbiidir”.
Bu proses həmsöhbətimizə görə, Azərbaycan və Ukraynaya bir çox beynəlxalq məsələlərin həllində burgə addımların atılması üçün əsas yaradır: “Həmin addımlar isə əsasən hər iki ölkənin ərazi bütövlüyünün bərpasında, iki ölkənin üzləşdiyi haqsızlıqların aradan qaldırılmasında fəaliyyət üçün kifayət qədər ciddi proses yaradır”.
Digər tərəfdən, ekspertə görə Kiyevin bu addımı Ukraynada yaşayan azərbaycanlıların təşkilatlanması yolunda, xüsusən də oradakı erməni lobbisinə qarşı mübarizədə mühüm əsas yarada bilər: “Ukraynada yaşayan ermənilərin lobbi fəaliyyəti qurduğunu nəzərə alsaq, azərbaycanlılar say etibarı ilə bu ölkədə heç də onlardan az deyil. Sadəcə olaraq bu yöndə ciddi təşkilatlanmaya ehtiyac vardır. Bu fonda strateji tərəfdaşlıqdan istifadə edərək, Ukrayna dövlətindən dəstək alaraq, azərbaycanlılar da orada lobbi fəaliyyətini güclənidrməlidirlər. Siyasi və iqtisadi sahədə erməni lobbisinin atdığı addımların qarşısını almaq üçün Kiyev hökumətindən müəyyən dəstək almaqla Azərbaycan lobbi təşkilatları orada ciddi fəaliyyət qura bilərlər. Yəni hər şeyi Ukrayna hökumətindən gözləmək doğru deyil. Azərbaycanlılar özləri də ciddi təşkilatlanaraq, erməni lobbisinin Ukraynada atdığı  addımların qarşısını ala bilər”.
R. SOLTANOV