UZİ-lər hələ də demoqrafiyamıza böyük təhdid yaradır

15 May 2012 14:26 (UTC+04:00)

Adil Qeybulla: "Nə qədər ki, təbliğat yoluyla öz həllini tapmayıb, abortlarla bağlı həmişə kriminal meyarlar olacaq"

Xeyli vaxtdır ki, cinsiyyətin müəyyənləşdirilməsinə xidmət edən ultrasəs müayinənin (UZİ) ləğvi məsələsi gündəmdədir. Amma nədənsə proses hələ də gecikir. Ailələr isə hələ də əksər hallarda uşağın cinsini müəyyən etmək üçün UZİ-yə müraciət etməkdə davam edir. Bu zaman valideynlərin əksəriyyəti əsasən oğlan uşağının olmasına daha çox diqqət ayırdığından, qız uşağı olduqda aborta gedilməsinin tərəfdarı kimi çıxış edir.

Belə tendensiyanın hökm sürməsinin nəticəsidir ki, artıq Azərbaycanda doğulan oğlan uşaqların sayı qız uşaqların sayını keçib. Nəticədə də ölkə əhalisi arasında qadınları xüsusi çəkisi azalmağa doğru gedir. Belədə isə gələcəkdə ölkə demoqrafik təhlükə ilə üz-üzə qala bilər. Görəsən, abort edilməsinin ləğvilə bağlı məsələ gündəmdə olsa da, prosesin hələ də öz həllini tapmamasının səbəbləri nədir?

Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovanın fikrincə, sözügedən məsələnin həllinə maneə olan mövcud steoreotiplərdir: "Cinsiyyətin müəyyənləşməsinə kömək edən ultrasəs müayinənin ləğvi məsələsinin uzanmasında, ilk növbədə, cəmiyyətdə olan mövcud steoreotiplər rol oynayır. Həmin steoreotip isə oğlan uşağının olması ilə ailədə fəxr etmələri, qız uşağına isə sanki ikinci dərəcəli məxluq kimi baxmaları ilə bağlıdır. Əksər Azərbaycan ailəsi oğlan uşağının olmasına soyadın, nəslin davamçısı kimi yanaşaraq qızların olmasına qısqanclıqla yanaşırlar. Onlara görə qız uşağının olması daha çox problem gətirir, nəinki oğlan uşağının olması. Bu steoreotipin keçmiş zamanla da bağlılığı var. Nə qədər ki, qadının reallıqda statusu kişilərlə bərabər olmayacaq, sözügedən problem qalmaqda davam edəcək. Azərbaycanda sözügedən məsələ ətrafında siyasət dəyişməyincə, qadının rolu yüksəlməyincə, gender bərabərliyi haqqında qanun işləməyincə övlad məsələsində oğlan uşağına üstünlük vermək kimi steoreotiplər də dəyişməyəcək. Belə vəziyyət bir çox hallarda qadının boşadılması ilə nəticələnir. Qızın doğulması ilə anaya münasibət bir sıra ailələrdə mənfi tendensiya alır və sonda qadını boşayırlar. Yəni bilməyərək prosesdə qadını günahkar çıxarmaqla onu çətin duruma salırlar. Steoreotiplərlə bağlı tendensiya nə qədər ki, aradan qalxmayıb, ölkəmizdə abortların sayı artmaqda davam edəcək. Cinsin müəyyənləşdirilməsi üçün ultrasəs müayinəyə qadağa qoyulması da əslində çıxış yolu deyil. Çünki bizdə adətən ultrasəs müayinəsindən öncə qadınlar cinsin müəyyənləşdirilməsi üçün bəzən dədə-baba adətlərindən də istifadə edir. İkinci bir tərəfdən sözügedən problemin həlli üçün ultrasəs müayinənin ləğvi rüşvətxorluğun artmasına stimul verəcək. İstər-istəməz ailədə söz-söhbətin, boşanmanın olmaması üçün qadının özü rüşvət vermə yolu ilə uşağın cinsini müəyyən etməkdə maraqlı olacaq. Seleksion abortlara gətirib çıxaran amil ailədə oğlan uşağının olmasını istəməklə bağlıdır. Bu düşüncə aradan qalxmayınca, məsələnin həlli mümkünsüzdür".

"Təmiz Dünya" Qadınlara Yardım Mərkəzinin rəhbəri Mehriban Zeynalova isə qeyd etdi ki, yalnız qanun çərçivəsində qərarın qəbulundan sonra abortların ləğvilə bağlı məsələsinin real həllinə nail olmaq olar: "Sürroqat ana, cinsiyyətin müəyyənləşdirilməsinin ləğvilə bağlı indiyə kimi çoxsaylı müzakirələr aparılıb. Məsələyə ölkədə ikili münasibət var. Bir çoxları cinsiyyətin əvvəlcədən müəyyənləşdirilməsinin və abortun saxlanılmasının tərəfdarı kimi çıxış edir. Onlar uşaqların anormal doğula və nəticədə ailəyə pis təsir göstərə biləcəyini əsas gətirərək UZİ-dən keçməyin vacib olduğunu söyləyirlər. Bəziləri də buna əks gedir. Onların narahatçılığı isə abort etdirməklə ailələrin oğlan uşağına üstünlük verməsi yolu ilə ölkədə demoqrafik vəziyyətin təhlükəli hala çatması ilə bağlıdır. Məsələnin müzakirəsinə dini qurumlar da qoşulub. Xristian kilsəsi və ölkədəki müsəlman icmaları da abort edilməsinin əleyhinə çıxaraq, dölün əvvəlcədən öyrənilməsi və hamiləliyin ilk günlərində cinsə görə onun ləğv edilməsini günah əməli hesab etdilər. Lakin buna baxmayaraq, məsələ hələ də açıq olaraq qalır. Konkret olaraq cinsin müəyyənləşdirilməsinə kömək edən ultrasəs müayinənin ləğvinin reallaşması ilə bağlı hər hansı bir addım yoxdur. Əslində qanunun müzakirəsi dövründə əsasən süni mayalanma zamanı dölün yoxlanılması halını müzakirə edirdilər. Bu isə absurd məsələdir. Çünki illərlə uşaq gözləyən ailə üçün dünyaya gələn övladın oğlan və ya qız olması fərq eləmir. Əslinə baxanda cinsin UZİ-lə müəyyənləşməsinin tam qadağan olunması da məqsədəuyğun sayılmır. Çünki arzuolunmaz hamiləlikdən uşaqların küçəyə atılması və onların öldürülməsinə gətirib çıxaran çox amillər var ki, birinci növbədə, məhz onların həll olunması vacibdir. Görünür, ictimai rəy öyrənilməlidir. Yalnız qanun çərçivəsində qərarın qəbulundan sonra abortların ləğvilə bağlı məsələnin tətbiqi məcburi ola bilər".

Tibb elmləri doktoru Adil Qeybulla isə prosesin uzanmasının günahını təbliğatın zəif aparılmasında görür: "Abortun ləğvinin adminstrativ yollarla baş verməsi düzgün deyil. Qanunvericilik baxımından aborta getmək kriminal xarakter daşıya bilər. Amma bəzi ailələrdə oğlan olmasını istəyirlər. Belə olan halda isə həmin situasiya arzuolunmayan hamiləlik sayılır. Bu cür məsələlər nə qədər ki, təbliğatı yollarla öz həllini tapmayıb, burada həmişə kriminal meyarlar olacaq. Proses gizli həyata keçiriləcək, bu da qanundankənardır. Ona görə də hesab edirəm ki, insanlara daha çox təbliğat yolu ilə məsələni başa salmaq gərəkdir. Burada təbii ki, həkimlərin məsuliyyət məsələsini də qaldırmaq gərəkdir. Həmçinin ultrasəs müayinəsi zamanı birmənalı olaraq göstəriş olmalıdır ki, uşağın cinsi məsələsini bildirəndə diqqətli olsunlar". A. Qeybulla vurğuladı ki, abort məsələsi Azərbaycan reallığında birmənalı olaraq öz həllini asanlıqla tapmayacaq. Çünki bizim mentalitetdə oğlan uşağının olması məsələsi əsas faktorlardan biridir. Bu da insanların şəxsi arzusudur. Ona görə də həmin məsələylə əlaqədar kimlərisə qınamaq, onlara təzyiq etmək də düzgün deyil. Hətta bəzən xəstələr abort etmək üçün evdə hamiləliyi ləğv edən isti vannaya oturmaq, ağırlıq qaldırmaq kimi müxtəlif metodlardan da bəhrələnməyə çalışırlar. Lakin anlamırlar ki, bu bəzən mənfi fəsadlara, qanaxmaya, dərmandan uşağın zədələnməsinə gətirib çıxarar. Hesab edirəm ki, abort məsələsilə bağlı yaranmış vəziyyətin həlli üçün kompleks tədbirlər həyata keçməlidir. Ya birdəfəlik göstəriş olmalıdır ki, uşağın cinsi təyin olunmasın, ya da xəstənin xahişilə kriminal abortlara gedən ginekoloqların bundan çəkinmələri üçün məsuliyyət dərəcəsi qaldırılmalıdır. Belə olacağı təqdirdə insanlar da başqa yolun olmadığını görəcək. Amma bütün hallarda cinsin müəyyənləşdirilməsinin qarşısını tam şəkildə almaq mümkün deyil".

Rüfət NADİROĞLU