Britaniyada internet caniləri yeniyetməni ölümə sövq etdilər

12 Avqust 2013 12:12 (UTC+04:00)

Mövqe.az azadqadın.az saytına istinadən xəbər verir ki, Britaniyada  bir yeniyetmə internetdə lağa qoyulduqdan sonra intihar edib. Bu, ölkədə və ümumən, Qərbdə ilk belə intihar deyil. Özünü asaraq öldürmüş 14 yaşlı Hanna Smit "Ask.fm" internet saytında çoxsaylı təhqiramiz mesajlar aldıqdan sonra həyatla üzülüşmək qərarına gəlib.


Mesajlarda ona "get xlor iç, öl", "səni görüm xərçəngə tutulasan" və "öl" kimi hədələr yağdırılırdı.


Hannanın İngiltərənənin Lesterşir əyalətində yaşayan ailəsi "Ask.fm" saytının bağlanmasını tələb edir. Bu internet saytının 2010-cu ildə keçmiş sovet respublikası, hazırda Avropa İttifaqının üzvü olan Latviyada qurulduğu xəbər verilir. Saytda yeniyetmə uşaqlar anonim təhqiramiz və təhdidedici kommentlər yazmaq imkanına malikdirlər.


İNTERNET CANİLƏRİNİN DİLİ


Britaniyanın bir sıra uşaq təhlükəsizliyi ekspertləri sözügedən saytı "stalker cənnəti" adlandırırlar. İngilis sözü olan "stalker" – "qarabaqara izləyən" deməkdir.

İnternetin virtual, xəyali dünyasında real dünyamızda olduğu kimi cinayətlər törədilir. Lakin ən faciəlisi budur ki, xəyali dünyada törədilən cinayətlər realdır. İnternet cinayətkarlığının real dünya cinayətkarlığı kimi öz "dili" var.

Məsələn, internetdə birisini dəlilik həddinə çatdıracaq mesajlara "troll" deyirlər. Sözün dəqiq mənası bilinmir, lakin qədim Şimal dilində "qulyabanu", "ifritə", "xortdan" mənalarında işləndiyi düşünülür.

 


Zavallı Hannanın internet hesabında onu lağa qoyan onlarca "troll" aşkar edilib. Bəzi mesajlarda onu "eybəcər" və "gombul" adlandırırdılar. Lakin bunlardan da dəhşətlisi onu intihar etməyə çağıran mesajlar olub.


"Ay eybəcər, get özünü öldür, hamımız rahat olaq" – deyilirdi mesajlardan birində.


Hanna əvvəlcə onu təhqir edənlərlə nəzakətli olmağa çalışıb (uşaq ki uşaq) və "bəli ola bilər ki, mən kifirəm, lakin sizin qəlbiniz kifirdir" – yazırdı yeniyetmə. Onu intihara çağıran başqa bir trolla cavab olaraq qızcığaz yazmışdı: "Doğrudanmı mən özümü öldürsəm, mənə acımazsınız?"


HƏBSLƏR GÖZLƏNİLİR


Hannanın ölümünü araşdıran polis xəfiyyələri bu qənaətdədirlər ki, təhrikedici mesajları yazanlardan bəzilərı qızı tanıyan adamlar olublar, çünki yazışmada Hannanın ata-anası da adları ilə təhqir edilirdi.

Mesajlardan birində deyilirdi: "Elə yaxşı oldu, sənin əmin xərçəngdən öldü, gorbagor"…

İndi Britaniyada bədnam Ask.fm saytının bağlanmasını tələb edən kampaniya aparılır və internet petisiyası tərtib edilib. Bu saytda yazılan mesajlara görə artıq bir neçə yeniyetmə öz həyatına son qoyub.


Bu ilin aprelində Lankaşir əyalətində 15 yaşlı Coşua həmin saytdan təhqiramiz mesajlar aldıqdan sonra özünü həyətyanı sahədə asıb.

Ötən il irlandiyalı yeniyetmələr Siara Puqsli (15) və Erin Qallager (13) Ask.fm saytından təhqir və təhdid dolu mesajlar aldıqdan sonra həyatla vidalaşmaq qərarına gəliblər.

Ask.fm, başqa bu sayaq saytlardan ona görə təhlükəlidir ki, istifadəçilərinə tam anonimlik şəraiti yaradır.

Ask.fm saytının sahiblərindən alınan cavabda isə deyilir ki, "biz istifadəçilər üçün əyləncə ab-havası yaratmaq məqsədi güdürük. Bununla yanaşı, saytımız narazı olanların şikayət edə bilmələrinə də şərait yaradır".

"Məsələn, təhqiramiz mesajlar alan şəxs belə mesajları göndərən anonimi bloklaya bilər" – yazır sayt.


Bu arada, Lesterşir polisi Hannanın kompüterini təhqiqat üçün götürüb.

Həbslər gözlənilir.

Xəyali dünyanın real cinayətlərinin cəzası real dünyada verilməlidir.