Bakıda vəzifəli şəxsin qətl törədən oğlu polisə təslim oldu

21 Sentyabr 2020 10:15 (UTC+04:00)

Xəzər Rayon Prokurorluğu Türkan qəsəbəsində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Mövqe.az-a daxil olan məlumada deyilir: 

Sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranan münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

09:29
Türkan qəsəbəsində qətl törədən şəxs saxlanılıb.

Mövqe.az-ın əldə etdiyi məlumata görə, bacısının ölümündə şübhəli bilinən Məhəmməd Babayev hadisədən sonra polisə gedərək könüllü təslim olub.

Məlumata görə, M.Babayev Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğludur. O, odlu silahdan atəş açaraq bacısını öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, R.Babayevin adı qoca yaşda olan Türkan qəsəbə sakininin torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı mətbuatın gündəminə gəlmişdi.