Azərbaycanda yeni pnevmakok peyvəndlə bağlı qərar açıqlandı-Özəl

12 Avqust 2013 11:20 (UTC+04:00)

Azərbaycanda uşaqlar üçün yeni, pnevmakok peyvəndlərin tətbiqinə hazırlıq işlərini qiymətləndirən Ümumdünya Səhiyyə Təşkilatının  (ÜST) qiymətləndirmə missiyasının nümayəndələri işləri başa vurub. Bu barədə məlumatı Movqe.az-a hazırda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva verib. A. Əliyeva bildirib ki, qiymətləndirmə missiyası işini yekunlaşdırıb: "ÜST-ün nümayəndələri Azərbaycanda uşaqlar üçün yeni, pnevmakok peyvəndlərin tətbiqinə hazırlıq işlərini yüksək səviyyədə qiymətləndiriblər.  Rayonlarda peyvəndin saxlanılması üçün soyuq zəncir sistemi avadanlaıqlarına baxış keçirildi, tibb işçilərinin vaksinin tətbiqi marifləndirilmə səviyyəsi yoxlanıldı. ÜST-ün nümayəndələri hazırlıq işlərindən razı qaldılar. Pnevmakok vaksininin tətbiqi ilə bağlı Azərbaycanda hazırlıq səviyyəsini yüksək qiymətləndirdilər. ÜST-ün qiymətləndirmə missiyasının gəldiyi qərar hazırlanaraq Səhiyyə Nazirliyinə və ÜST-ün Avropa regional ofisinə təqdim olunacaq. Yaxın vaxtlarda yeni peyvəndlərin Azərbaycana gətirilməsinə başlanılacaq". 

A. Əliyeva Azərbaycana ayrılan yeni pnevmakok peyvəndlərin Belçika istehsalı olduğunu bildirdi. Onun sözlərinə görə, pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Qeyd edək ki, bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərlə rastlaşma tezliyi çox azalacaq.