Şamaxı rəsədxanası bağlandı

12 Avqust 2013 15:35 (UTC+04:00)

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası sentyabra qədər ziyarətçilərin üzünə bağlı olacaq. Səbəb rəsədxanada almaniyalı mütəxəssislər tərəfindən teleskoplarda güzgülərin yenilənməsidir.


Rəsədxananın direktoru Əyyub Kərimovun AzNews.az-a verdiyi məlumata görə, 1 həftə davam edəcək prosesdən sonra daha 15 gün ərzində yenilənmə prosesinin nəticələrini gözləmək lazım gələcək. Beləliklə də rəsədxana ancaq sentyabr ayında qapılarını ziyarətçilər üçün açacaq. 


Qeyd edək ki, bu il noyabrın 4 – 6-da rəsədxananın 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Konfransa MDB-nin böyük rəsədxanalarının rəhbərləri ilə yanaşı, bir sıra tanınmış alimlər dəvət olunacaq. Konfransda ŞAR- da 60- ildə aparılmış elmi-tədqiqat işləri barədə qısa məruzələr (Günəş fizikası, Günəş-Yer əlaqələri , ulduzlar fizikası və Günəş sistemi cisimləri) və dəvət olunmuş mütəxəssislər tərəfindən müasir astronomiyanın aktual problemlərinə həsr olunmuş mühazirələrin dinlənilməsi nəzərdə tutulur.