Beynəlxalq hüquqa qəsd dünyanı xaosa sürükləyir

23 Sentyabr 2020 15:22 (UTC+04:00)

 

“Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var”. Bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında söyləyib: “Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.
Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.
Qeyd edək ki, 27 ildən çoxdur BMT Baş Assambleyası Azərbaycanın işğal edilmiş rayonlarından Ermənistan Silahlı Qüvvələrinin çıxarılması barədə 4 qətnamə qəbul etsə də, bu günə qədər həmin qərarlar kağız üzərində qalmaqda davam edir. Buna baxmayaraq, BMT kimi nüfuzlu qurum, onun 5 daimi üzvü, hansı ki, 3-ü həmçinin ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir, bir dəfə də olsun bu qətnamələrin icrası istiqamətində addım atmayıblar. Amma böyük dövlətlər özlərinə lazım gələndə, onlar istənilən məsələ üzrə istənilən qətnaməni dərhal qəbul edib, anındaca onun icrasını həyata keçirməyə girişirlər. Bunu Liviya və İraq məsələsində müşhidə etdik. Belə ikili standart vəziyyət istər-istəməz BMT kimi qurumun nüfuzuna xələl gətirir, onu hörmətdən salır.
Beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı ödənilməsə, dünya xaosa yuvarlana bilərmi?
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirdi ki, güc üzərində qurulan siyasət sonda dünyanı xaosa sürükləyə bilər: “Azərbaycan BMT kimi nüfuzlu beynəlxalq təşkilata, regional təşçkilat sayılan ATƏT-ə ümid bəsləyirdi ki,  onlar imkan və nüfuzlarından istifadə etməklə Ermənistanın işğalçılıq siyasətinə son qoymasına, işğalın nəticəsini aradan götürüb regionda sülhün bərqərar olmasına nail olacaqlar. Amma bu baş vermədi. Sonuncu hadisələr də göstərir ki, həmin qurumlar buna nail olmayıb.  Bu baxımdan Azərbaycanın həmin iradı həm də ona yönəlib ki, bəlkə beynəlxalq ictimaiyyət bu qəbildən olan məsələlərə diqqət yetirib problemin həllinə nail olmaq üçün hansısa effektiv yol tapacaq. Lakin  buna da ümid çox deyil. Azərbaycan hər halda indiki mərhələdə daha çox öz imkanlarına əsaslanan siyasət həyata keçirir. Bu mənada Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında səsləndirdiyi çağırış dünyada artıq real vəziyyəti əks etdirən bir məsələdir. Cənab Prezident ilk dəfə deyil ki, belə bir mövqe ilə çıxış edir. Ondan öncə də belə fikirlər səsləndirib. Amma təəssüf ki, beynəlxalq aləmdə siyasət qanunlar deyil, güc üzərində qurulub. Onun da nəticəsində BMT kimi qurumun qəbul etdiyi bir sıra qərar və qətnamələr illərdir ki, icra olunmayara kağız qzərində qalmaqdadır. Güc üzərində qurulan siyasət sonda dünyanı xaosa sürükləyə bilər.
BMT-nin məsələyə belə yanaşması birinci hal deyil. Qurum daxilində verilən qərarların icrası üçün mexanizmlər mövcuddur. Həmin mexanizmlər Koreya məsələsində, keçmiş Yuqoslaviyaya aid məqamlarda istifadə olunub. Həmin ölkələrə münasibətdə sülhə məcbur etmək üçün hansısa addımlar atılıb. Ancaq indiki mərhələdə görünən odur ki, belə imkanlar yoxdur. Açığını deyək ki, fövqəldövlətlər prosesi öz bildikləri, maraqlarına cavab verən istiqamətə yönəldirlər. Digər, kiçik dövlətlərin rəyini nəzərə almaq bəlkə də onların heç marağında da deyil. BMT hərbi əməliyyatları nizamlayan bir orqandır. Yəni onun bununla bağlı strukturu var, amma ondan istifadə etmirlər. Ona görə də hazırda uzun müddət mövcud olan dünya əhəmiyyətli problemlərin BMT-nin iştiakı ilə həll olunacağına inanmıram.  Yaranmış bu vəziyyət dünyanı xaosa sürükləyə bilər. Qurum özü tərəfindən verilən qərarların icrasına da çalışmalıdır. Bu baş verməsə BMT kimi qurum heç kimə lazım olmayacaq. Dünyada iddiaları müxtəlif olan ölkələr mövcuddur. Çin və Rusiya da indi bir sıra məsələlərdə ABŞ-la rəqabətə girişib. Bu müstəvidə də BMT çərçivəsində super dövlətlərin hər biri öz marağından çıxış edərək bu və ya digər məsələlərə öz mənafeləri prizmasından baxırlar. Ona görə də qəbul edilən bir qətnamə dərhal yerinə yetirilsə də, digərinə münasibətdə 27 ildir ki, susqunluq hökm sürür. Yaranmış bu vəziyyət BMT-nin nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. BMT-nin bu fonda nüfuzunun aşağı düşməsi isə dünyanı sonda xaosa sala bilər. Mövcud vəziyyətdə bu, gözləniləndir”.
R. SOLTANOV