"Qarabağ" "Sumqayıt"la oyunda əzmkar heç-heçə etdi

25 Sentyabr 2020 21:15 (UTC+04:00)
Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib. "Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Bank Respublika Arena"da "Qarabağ"ı qəbul edən "Sumqayıt" rəqibi ilə bərabərə qalıb - 2:2. Görüşdə bütün qollar ikinci hissədə vurulub. 52-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani "gənclik şəhəri" təmsilçisini hesabda önə çıxarıb. Bu, cənubi azərbaycanlı hücumçunun cari mövsümdə 4-cü qolu olub. Cəmi 2 dəqiqə sonra Cəmaləddin Xocaniyazov 2-ci topu Ağdam klubunun qapısından keçirib. "Qarabağ" 59-cu dəqiqədə Kvabena Ovusunun qolu ilə hesab arasındakı fərqi minimuma endirib. 90+5-ci dəqiqədə isə qonaqlar bərabərlik qolunu vurublar. Filip Ozobiç matçda yekun nəticəni müəyyənləşidirib. Bu heç-heçədən sonra "Sumqayıt" 7 xalla vahid lider olub. "Qarabağ" isə 5 xalla 4-cü sıraya yüksəlib. Qeyd edək ki, IV turun daha 2 oyunu - "Səbail" - "Sabah" və "Keşlə" - "Zirə" matçları sabah keçiriləcək. Tura sentyabrın 27-də "Neftçi" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.