Buğda və unun ƏDV-dən azad olunma müddətinin uzadılması aktuallaşdı

13 Avqust 2013 08:08 (UTC+04:00)

Dünyada ərzaq məhsullarının qiymətində yaşanan dəyişikliklər son dövrlərdə getdikcə daha çox diqqət cəlb etməyə başlayır. Məsələ burasındadır ki, Qərb ölkələrində yaşanan iqtisadi böhranla bağıl olaraq ərzağın qiyməti son bir neçə ayda ucuzlaşmaqdadır. Bunu müvafiq beynəlxalq rəsmi qurumlar da təsdiq edir.

Məsələn, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO artıq üçüncü dəfədir ki, dünyada əzaq qiymətləri indeksini endirib. Təşkilat 2013-cü ildə rekord həddə taxıl hasilatının olacağını və buna görə də qiymətlərin enəcəyini proqnozlaşdırıb. Qurumun Azərbaycan nümayəndəliyindən bildiriblər ki, dünyadakı ucuzlaşma tendendensiyası ölkəmizə də təsirsiz ötüşməyəcək.

Son məlumatlara görə isə, ərzaq məhsulları ilə bağlı indeks iyun ayı ilə müqayisədə 2% enərək 205,9 olub. 2012-ci illə müqayisədə ərzaq məhsulları 3,3% ucuzlaşıb. Ötən ay taxılın qiymət indeksi iyun ayına nisbətən 3,7% enərək 227,7 - yə düşüb. 2012-ci illə müqayisədə isə bu 13% ucuzlaşma deməkdir. Təkcə bu həftə taxılın qiyməti son 3 ilin minimum səviyyəsinə enib. Buna səbəb əsas dənli bitkilərin 25-30% qiymətdən düşməsidir. Bu mövsüm məhsul istehsalının rekord həddə çatacağı ilə bağlı proqnozlar da ucuzlaşmanın davam edəcəyini deməyə əsas verir. Qiymətlərin enməsinə digər səbəb havaların isti keçməsi ilə bağlı buğda və qarğıdalının tədarükünün artmasıdır. Dolların məzənnəsinin digər əsas valyutalara nisbətən yüksəlməsi də ucuzlaşmanın əsas səbəblərindəndir. Çünki birjalarda taxılın qiyməti bu valyutayla hesablanır. Şəkər, ət və süd məhsullarının qiymətləri də iyul ayında bir qədər enib. Amma, FAO-nun mütəxəssisləri bildirir ki, sürətli ucuzlaşma nəticəsində qiymətlərin uçurumundan söhbət gedə bilməz. Çünki inkişaf edən ölkələrdə əhali sayının artması, Asiya ölkələri, xüsusən Çin və Yaponiyada qarğıdalı idxalının çoxalması kəskin ucuzlaşmanın qarşısını alır. Dünyanın ən böyük idxalçılarından olan Əlcəzair və Misirdə də taxıla tələbat artıb.

Yuxarıda qeyd olunduğu kimi FAO-nun Azərbaycan nymayəndəliyindən bildiriblər ki, dünyada ərzaq məhsulları, xüsusən də taxılın qiymətinin düşməsi Azərbaycan bazarına öz təsirini göstərəcək. Qurumun Bakı ofisinin rəhbəri Təranə Bəşirova "Lider" televiziyasına bildirib ki, FAO təşkilatı kənd təsərrüfatı məhsulları istehsalının azalması və daxili bazarda qiymət artımına qarşı qabaqlayıcı tədbirlər planı hazırlayıb. Layihə dövlət orqanları ilə müzakirədədir. Bir neçə aydan sonra sənədin icrasına başlanacaq. Qeyd edək ki, Dövlət Statistika Komitəsi iyul ayında Azərbaycanda ərzaq məhsullarının 1,7 faiz ucuzlaşdığını bildirib.

Sadalanlar fonunda ən çox maraq doğuran məsələlərdən biri isə dünyada taxılın, xüsusən də ərzaq buğdasının ucuzlaşması ilə bağlıdır. Azərbaycanın ərzaq buğdasına və una olan tələbatının bir hissəsini idxal hesabına ödəməsi nəzərə alınarsa, onda yaşanan ucuzlaşmasının ölkəmizə təsiri qaçılmazdır. Lakin məsələnin maraqlı tərəflərindən biri gələn aydan etibarən buğda və una tətbiqi müvəqqəti təxirə salınan əlavə dəyər vergisinin yenidən bərpa olunmasının gözlənilməsidir.

Xatırladaq ki, ötən il Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərara dəyişiklik edib. Həmin sənədə əsasən, ölkəmizə gətirilən və əlavə dəyər vergisindən (ƏDV) azad olunan digər malların siyahısına buğda və meslin, həmçinin buğda unu və ya buğda-çovdar unu da daxil edilib.

Onu da qeyd edək ki, həmin qərar sentyabr ayının 24-dən etibarən qüvvəyə minib və bir il müddətində qüvvədə qalacaq. Həmin vaxtdan sonra isə əlavə dəyər vergisinin tətbiqi gətirilən buğda və unun qiymətinin 18 faiz artmasına səbəb olacaq. Bu səbəbdən ekspertlər əlavə dəyər vergisinin ləğvinin uzadılmasını da vacib sayır. Əks halda dünya bazarlarında buğdanın qiymətində yaşanan ucuzlaşma Azərbaycana ciddi şəkildə təsir göstərməyəcək. Halbuki, buğda və una əlavə dəyər vergisinin ləğvi müddətinin uzadılması sözügedən məhsulların ölkəmizdə də nəzərəçarpacaq dərəcədə ucuzlaşmasına rəvac verərdi. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, cari ildə Azərbaycanın özündə də bol taxıl yetişib. Bu fonda idxal buğda və una əlavə dəyər vergisinin tətbiqinin yenidən təxirə salınması ölkəmizdə bu məhsulların ciddi ucuzlaşmasını qaçılmaz edərdi.