Mənzil sahələri ilə bağlı böyük ziddiyyət

13 Avqust 2013 16:59 (UTC+04:00)

Zöhrab İsmayılov: "Ola bilsin ki, köhnə binalardakı yaşayış sahələri azalsın"


Bu gün Azərbaycanda yaşayış üçün mənzil sahələrinin tikintisi ötən illərlə müqayisədə azalmaqdadavam edir. Halbuki, mənzilə olan tələbat artır. Bu ziddiyyəti şərtləndirən səbəblərlə bağlı  "MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov Mövqe.az açıqlamasında bildirib:

" 2007-2008-ci illərdə Azərbaycanda həddindən artıq çox mənzil tikintisi həyata keçirilmişdi. Və onların böyük hissəsi, demək olar ki, 90%-i həmin illərdə təhvil verilməmişdi. O mənzillərin təhvil verilmə prosesi və bütün mənzillərin satılması bu günə qədər davam edir. Əgər rəsmi  statistikaya müraciət etsək, onda görərik ki, il ərzində milyon yarim, 2 milyon kvardratmetrə yaxın yaşayış mənzil sahəsi Dövlət Mənzil Komitəsinə təhvil verilir. Bunlar hamsı heç də bu gün tikilən mənzillər deyil. Yəni, böyük bir hissəsi o illərdə tikilən mənzillərdəndir, amma indi təhvil verilir. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən də o binalar 5-10 il əvvəl tikilsə də, satışı indi də davam edir. Həmin binalarda  yerləşən mənzillərin böyük bir hissəsi bu gün də boşdur ".  

Ekspert yaxın 3-5 ildə mənzil yaşayış sahələrinin tikintisində kəskin artım olacağını da qeyd edib:  " Tələb-təklif balansı hələ tənzimlənməyib. Yəni hələ nizamlanmayıb. Yəqin ki, yaxın 3-5  ilə o artıq təklif ortadan qaldırılacaq və mənzil yaşayış sahələrinin tikintisində yeni bir sıçrayış müşahidə olunacaq. Amma bu gün hələ ki, demək olar ki, mənzil bazarında kifayət qədər boş, satılmamış mənzillər var. Ona görə də, investorlar üçün bu sahəyə investisiya yatırmaq, mənzillərin tikintisi maraqlı deyil. Yəqin ki, bu pozulmuş balans düzələndən sonra o sahəyə investisiya axını yenidən güclənəcək " .   

Iqtisadçı-ekspert Zöhrab İsmayılov isə mənzil tikintisi sahəsində azalmanın müşahidə olunmadığını düşünür:  "Mən hesab eləmirəm ki, yaşayış sahələri ildən-ilə azalır. Hər il Azərbaycanda çoxlu sayda yeni binalar tikilir və onların da əksəriyyətini yaşayış sahələri təşkil edir. Ona görə də, mən inamıram ki, bu məlumat həqiqətə uyğun olsun. Ola bilsin ki, köhnə binalardakı yaşayış sahələri azalsın. Bu da təbiidir. Çünki, zamanla köhnə binalar tələbatı ödəyə bilmir və bu yaşayış binalarının bir hissəsi qeyri-yaşayış sahələrinə çevrilir. Onlar şəhərin mərkəzində ofislərə, mağazalara çevrilir və s. Bunun müqabilində isə yeni binalar tikilir və bu binalarda da yaşayış sahələri üstünlük təşkil edir. Yəni, ümumilikdə mənzil sahələrinin həcmi də, tələbata uyğun olaraq ildən-ilə artır".