Bazar inhisarçılarının belini qıracaq layihə

14 Avqust 2013 09:02 (UTC+04:00)

Araşdırmalar dünya bazarlarında bir sıra ərzaq mallarının qiymətinin enməkdə olduğunu göstərir. Proseslərin inkişaf istiqaməti bu qənaətə gəlməyə əsas verir ki, bol məhsul əldə edilməsi və tələbin müəyyən qədər azalması fonunda ərzaq mallarının qiyməti bundan sonra da azalmaqda davam edəcək. Bundan başqa mövsümi amillər də vəziyyətə təsirsiz ötüşmür.

Əksər ekspertlərə görə, dünyada ərzaq məhsullarının qiymətinin enməsi Azərbaycana da təsirini göstərəcək. Ərzaq, xüsusilə taxıl məhsulları un və çörəyin qiymətində enmə proqnozlaşdırılır. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ilin sonuna qədər ölkədə taxıl istehsalı 2.9 milyon ton olacaq. Təkcə ötən həftə dünyada taxılın qiyməti son 3 ilin minimum səviyyəsinə enib. Buna səbəb əsas dənli bitkilərin 25-30 faiz qiymətdən düşməsidir. Bu mövsüm məhsul istehsalının rekord həddə çatacağı ilə bağlı proqnozlar da ucuzlaşmanın davam edəcəyini deməyə əsas verir.

Dünya bazarındakı bu prosseslərin Azərbaycana təsiri hələ yüksək sayılmır. Mütəxəssislər deyir ki, indi olmasa da, yaxın gələcəkdə ucuzlaşma ölkəmizdə də özünü göstərəcək. Düzdür, bazarda ümumən qiymətlərin enməsi müşahidə olunur. Amma satıcıların sözlərinə görə bu mövsümi xarakter daşıyır. Yəni, həmişə yayda olduğu kimi meyvə-tərəvəzin, dənli bitkilərin və bəzi başqa məhsulların qiyməti düşüb. Ekspertlər deyir ki, hazırda Azərbaycanda bazarında məhsulların qiyməti ilk növbədə fermerlərin onu neçəyə satmasından və yol xərclərindən asılıdır. Dünya bazarındakı proseslərin ölkəmizə təsir etməsi üçün isə müəyyən qədər vaxt keçməlidir.

Bu arada "Lider" televiziyasının məlumatına görə, ölkəmizdə qiymət artımının qarşısını almaq və ərzaq məhsulları sahəsində düzgün strategiyanın qurulması üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Kənd Təsərrüfatı Nazirliyi yeni layihə hazırlayıb. Layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının qiymətləri üzrə vahid məlumat bazası yaradılacaq. Bu baza həm dövlət qurumları, həm də fermerlər üçün açıq olacaq. Layihənin icrasına sentyabr ayından başlanacaq. Bu daxili bazarda süni qiymət artımının qarşısını almağa kömək edəcək. Ekspertlər hesab edir ki, bu layihə baş tutsa, bazarlarda inhisarçı qüvvələrə böyük zərbə dəyəcək.

Bundan başqa hesab olunur ki, qiymətlərin ucuzlaşmasına nail olmaq üçün ölkədə tədarük-satış bazaları yaradılmalıdır. Çünki həmin obyektlər yaradılsa, fermerlərdən və sahibkarlardan alınan məhsullar müqavilə yolu ilə xarici ölkələrin bazarlarına, eləcə də Azərbaycanın şəhərlərinə və rayon mərkəzlərinə göndərilə bilər. Nəticədə alverçilər və satıcılar süni bahalaşma yarada bilməz. Proseslərin gedişi isə tədarük-satış bazalarının reallaşma ehtimalının yüksək olduğunu göstərir. Bunu şərtləndirən əsas səbəb isə "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsidir. Yeni qanun, Konstitusiyanın 94-cü maddəsinə əsasən, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı kooperativləri və onların ittifaqlarının fəaliyyətinin, kooperasiyanın inkişafının dövlət tənzimlənməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, kooperasiya prosesində yaranan münasibətləri tənzimləyəcək. Sənədə görə, kooperativlər dövlət və bələdiyyə orqanları və digər hüquqi şəxslərlə birlikdə kənd təsərrüfatı məhsullarının topdansatış bazalarının və pərakəndə satış yerlərinin təşkilində iştirak edə və ya onları sərbəst təşkil edə bilər. Bu isə inhisarçı mövqedə olanlara ciddi zərbə deməkdir.

Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının süni bahalaşmasının qarşısını almaq üçün başqa mexanizmlər də işə salınmalıdır. Təklif olunan belə mexanizmlərdən birinə əsasən, məhsulları fermerlərdən alan topdansatış bazası fermerlərdən aldığı qiymətin üzərinə ən çoxu 10% əlavə edə bilər. Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olanlar isə, öz növbəsində, onun üzərinə yol verilən limit daxilində əlavə edə bilər. Qiymət artımının bu sxemi bahalaşma və süni qiymət artımının qarşısının alınması üçün nəzərdə tutulub.

Qeyd edək ki, belə təcrübə bir sıra xarici ölkələrdə, o cümlədən Vyetnam və bəzi Avropa dövlətlərində (İspaniyada) mövcuddur. Bu sistemin kənd təsərrüfatı məhsullarının satıldığı bütün nöqtələrdə, yəni yarmarka və bazarlarda, ixtisaslaşmış və adi ərzaq mağazalarında tətbiqi məqsədəuyğun sayılır. Bütün bunlar ölkədə ərzaq məhsullarının istehsalını artımını stimullaşdıra bilər.

Hesabalamalara görə, dövlət tərəfindən atılan addımlar sayəsində Azərbaycanda daha çox ərzaq məhsulu istehsalı gözlənir. 2015-ci ilə qədər ölkə əsas ərzaq məhsulları ilə təminatı tamamilə yerli istehsalı hesabına ödəməyi planlaşdırır. Ekspertlər bunu olduqdca vacib sayır. Çünki dünyada ərzaq təhülkəsizlinin təmin edilməsi artıq əksər ölkələrin əsas prioritetinə çevrilib. Bu sıraya Azərbaycan da aiddir.