Yuyucu maddələrdə təhlükə

14 Avqust 2013 17:20 (UTC+04:00)

Yuyucu tozların, yuyucu maddələrin çeşidi artdıqca keyfiyyət məsələsi gündəmə gəlir. Bu gün Azərbaycana yuyucu maddələr xarici ölkələrdən gətirilməklə yanaşı, ölkədə də istehsal olunur. Yuyucu məhsullar bazarındakı bolluq qiymətdə və çeşiddə seçimə imkan yaratsa da, bəzən istehlakçılar aldıqları məhsulun keyfiyyətindən narazılıq edirlər. Tərkibinə kimyəvi maddələr qatılan yuyucu tozlar bəzən alıcıların sağlamlığına da təsirsiz ötüşmür. Rusiya bazarında bu günlərdə xeyli sayda belə yuyucu maddələr aşkarlanıb. Məlum olub ki, həmin yuyucu məhsulların tərkibində toksiki maddələr var. Azərbaycan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Azərbaycana gətirilən və ölkə daxilində istehsal edilən yuyucu məhsulların keyfiyyətinin nəzarət altında olduğunu söyləyir. RGEM-nin şöbə müdiri deyir ki, ölkəyə gələn yuyucu məhsullar həm gömrükdə, həmçinin də Respublika Sanitar Karrantin Müfəttişliyndə yoxlanılır. Ölkə daxilində istehsal edilən yuyucu məhsullar isə müayinələrə cəlb edilməklə toksiki göstəricilərinə görə yoxlanılır: " 7 ay ərzində yoxlamalar zamanı yuyucu məhsulların tərkibində toksiki maddələr aşkarlanmayıb. Yuyucu məhsulların tərkibinin resepturaya uyğun olduğu müəyyənləşib".   

Həkimlər isə yuyucu məhsulların tərkibindəki kimyəvi maddələrin dəri-zöhrəvi xəstəliklərə, hətta zəhərlənməyə belə yol aça biləcəyini söyləyirlər. Vital klinikanın həkimi Sevinc Məmmədova deyir ki, yuyucu məhsulların  tərkibindəki kimyəvi maddələr normadan artıq olarsa dəridə qaşınmaya səbəb olan xəstəliklər yarada bilər. Eyni zamanda toksiki hallara belə gətirib çıxarda bilər.