Azərbaycanda iqtisadi artım davam edəcək

14 Avqust 2013 17:37 (UTC+04:00)

Azərbaycan hökumətinin, Mərkəzi Bankın, habelə beynəlxalq təşkilatların proqnozlarına görə yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir.


"APA-Economics"in xəbərinə görə, bu barədə Mərkəzi Bankın I yarımillik üzrə hazırladığı "Pul siyasəti İcmalı"nda deyilir.

 İcmala əsasən, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankının açıqladıqları son iqtisadi xülasələrdə Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə müvafiq olaraq 4,1% və 3,1% təşkil edəcəyini proqnozlaşdırılır. Qeyd edək ki, yanvar-iyul ayları üzrə iqtisadi artım 5%-ə bərabərdir.

 

AMB tərəfindən aparılan Real Sektorun Monitorinqinin nəticələrinə görə, ilin 6 ayında Biznes İnam İndeksi yaxşılaşıb. Buna səbəb sənayedə istehsalın, ticarətdə isə satışın artmasıdır. Eyni zamanda monitorinq iqtisadi aktivlik üzrə gözləntilərin optimist olduğunu göstərir.

 

Belə ki, RSM nəticələrinə əsasən ilin əvvəlindən xidmətə tələb indeksi və ticarət üzrə satış gözləntisi indeksi artıma meyllidir. Pozitiv gözləntilər eyni zamanda sənayenin qida, tikinti materiallarının istehsalı və toxuculuq alt seksiyalarında, ticarətin isə mebel, elektrik məişət avadanlıqları seqmentlərində müşahidə edilib. Gözləntilərin belə pozitiv olması sənayedə realizə olunmamış izafi mal ehtiyatının azalmasında da özünü büruzə verib. Ümumilikdə AMB tərəfindən aparılan RSM nəticələri son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayının yüksəldiyini və bu meylin dayanıqlı olduğunu göstərir.