Bakı və Moskvanın İrəvanı qorxudan hərbi əməkdaşlığı

15 Avqust 2013 08:50 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində diqqət yetirilən mühüm nüanslardan biri də ölkəmizlə şimal qonşumuz arasında hərbi sferada münasibətlərin inkişafında yeni bir mərhələnin başlanmaq üzrə olduğunun öz təsdiqini tapması oldu.

Azərbaycan Prezidenti İlham Əliyev bu xüsusda çox maraqlı fikirlər səsləndirdi. Dövlət başçısı bildirdi ki, Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq aktiv inkişaf edir və artım tendensiyasına malikdir: "Hazırda Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollar təşkil edir". O, bu əməkdaşlığın aktiv şəkildə davam edəcəyinə əminliyini ifadə edib: "Azərbaycan artıq dünyada haqlı olaraq ən yaxşılardan sayılan Rusiya texnikasının alıcısı olan aparıcı ölkələr sırasındadır".

Beləliklə, məlum olur ki, Azərbaycan bundan sonra da silah alışında Rusiya ilə sıx əməkdaşlıq edəcək və indiyə qədər Rusiya silahlarının Azərbaycana satışına qadağa qoyulmasına dair məlumatlar əslində, reallıqdan çox uzaqdır. Özü də tərəflər arasında hərbi əməkdaşlığın həcmi milyardlarla dollar həcmindədir və qarşıdakı dövr ərzində bu məbləğin həcminin artması tamam gözləniləndir. Bir müddət əvvəl isə şimal qonşumuzun media orqanlarında yayılan məlumata əsasən, Rusiyadan Azərbaycana 1 milyard dollar civarında silahın daşınmasına başlanıb. Onu da xatırladaq ki, belə bir iddia ilə Rusiyanın "Vedomosti" və "Nezavisimaya qazeta" qəzetləri çıxış edib.

"Vedomosti"yə faktı təsdiqləyən Rusiya müdafiə sənayesindəki iki mənbə bildiriblər ki, 2011-2012-ci illərdə Azərbaycanla bağlanmış müqavilə paketi üzrə quru qoşunları texnikasının göndərilməsi prosesi həyata keçrilir. Mənbənin məlumatına görə, söhbət T-90S tankı (94 ədəd), təxminən üç batalyon üçün BMP-3 hərbi piyada maşını (100-ə yaxın), "Mcta-C özüyeriyən artilleriya qurğusu divizionu (18), "Smerç" yaylım atəşli reaktiv sistem divizionu (18), "Vena" özüyeriyən artilleriya silahları (18 ədəd), TOC-1A "Solnsepek" ("Buratino" sisteminin yeni modifikasiyası) ağır odsaçan sistemdən (6) gedir. Tanklarla yanaşı tam xidmət və yanğın nəzarəti üçün lazım olan bütün maşınlar, BREM-1 zirehli təmir-evakuasiya, T-90 bazasında İMR-3 M mühəndis-nəqliyyat maşınları alınıb. Bununla yanaşı, tanklar və artilleriya sistemi üçün müqavilədən əlavə opsionlar, xüsusilə 94 T-90S üçün opsion var. Araşdırmalara görə isə, 2010-2011-ci illərdə Azərbaycanın Silahlı Qüvvələrinə və digər güc strukturlarına ümumi 3 milyard dollar həcmində S-300PMU-2 zenit-raket sistemləri, bir neçə "Top2ME" zenit-raket kompleksi, 60 ədəd Mi-17 nəqliyyat vertolyotu, 24 həmlə vertolyotu verilib.

İndi gözlənir ki, Rusiyadan silah alışının həcminin genişlənməsi fonunda ordumuzun ixtiyarına yeni müasir hərbi texnika daxil ediləcək. Belə vəziyyət isə daha çox erməniləri narahat edir. Artıq erməni politoloqları Vladimir Putinin Bakıya səfərini meydan oxumaq kimi qiymətləndirilər. Onlar hesab edirlər ki, hazırki mərhələdə Serj Sarkisyanın Vladimir Putini dəfələrlə Ermənistana dəvət etməsinə baxmayaraq, o, Bakıya gəldi. Bu ənənənin gələcəkdə də təkrarlana biləcəyi ilə bağlı Ermənistana aydın siqnaldır. Rusiya-Azərbaycan əlaqələrinin yaxşılaşmasını ekspertlər Ermənistan diplomatiyasının tamamilə iflası kimi qiymətləndirilər.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə bildirir ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Kremlin yüksək səviyyəli dialoqa verdiyi fasilənin başa çatması deməkdir: "Vladimir Putinin Azərbaycana səfəri onun Kremlə qayıdışından sonra yüksək səviyyəli dialoqa verilən fasilənin başa çatmasının göstəricisidir. Bu fasilə prinsip etibarilə Rusiyanın regiona və Azərbaycana qarşı yürütdüyü siyasətin yenidən qiymətləndirilməsinə, yəni onların ortamüddətli perspektivdə kiminlə münasibət quracağının müəyyənləşdirilməsinə həsr edilmişdi". R.Musabəyov hesab edir ki, bu mərhələ başa çatıb və bu səfər işgüzar xarakterli olsa da, Rusiya prezidentini müşayiət edən nüfuzlu nazirlər qrupu onu göstərir ki, Azərbaycan Rusiyanın çox vacib strateji tərəfdaşıdır və Moskvanın Bakı ilə müzakirə edəcək mövzuları var.