Qəbələ artıq beynəlxalq mərkəzə çevrilir

15 Avqust 2013 11:20 (UTC+04:00)
"Qəbələ artıq beynəlxalq turizm mərkəzinə çevrilib". APA-nın verdiyi məlumata görə, bu sözləri prezident İlham Əliyev Qəbələdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib. Burada dağ xizək kurortunun da yaradıldığını deyən dövlət başçısı eyni zamanda Qəbələnin sənaye potensialının artdığını vurğulayıb: "İş yerləri, yeni müəssisələr, zavodlar, fabriklər açılır. Bu fabriklər, zavodlar müxtəlif sahələri əhatə edir. Qəbələnin timsalında biz Azərbaycan bölgələrinin uğurlu inkişafını görürük. Burada görülən işlər yüksək qiymətə təqdirəlayiqdir. Mən bu işləri alqışlayıram. Əminəm ki, gələcəkdə də Qəbələ şəhəri, Qəbələ rayonu uğurla inkişaf edəcək".
Dövlət başçısı qeyd edib ki, müasir otellərin fəaliyyəti, eyni zamanda, Beynəlxalq Aeroportun tikilməsi artıq Qəbələni beynəlxalq mərkəzə çevirir. "Dünyada indi Qəbələ haqqında kifayət qədər geniş məlumatlar var. Burada keçirilən beynəlxalq tədbirlər, siyasi, mədəni tədbirlər Qəbələnin şöhrətini bütün dünyaya yayır. Burada ənənəvi musiqi festivalı keçirilir. Bu yaxınlarda növbəti festival keçirilib. Dünyanın aparıcı musiqiçiləri, ifaçılar, bəstəkarlar Qəbələyə toplaşırlar. Qəbələnin və Azərbaycanın mədəni həyatına bu festivalın fəaliyyəti böyük töhfədir", - deyə o vurğulayıb.
Prezident həmçinin bu günlərdə Qəbələdə Türkdilli Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşünün keçiriləcəyinə diqqət yetirib. Bu toplantının Qəbələdə keçirilməsinin vacibliyini önə çəkən İlham Əliyev qeyd edib ki, Qəbələdə istənilən beynəlxalq tədbirin keçirilməsi üçün imkanlar var.
"Belə möhtəşəm konqres zalları heç də hər bir ölkədə tikilmir. Aeroport, bir neçə beşulduzlu otel, digər otellər, turizm mərkəzləri, keçən dəfə burada olarkən mədəniyyət mərkəzinin açılması onu göstərir ki, doğrudan da, burada çox böyük işlər görülür. Həm dövlət öz vəsaitini ayırır, bütün infrastruktur layihələri dövlət hesabına icra edilir, eyni zamanda, özəl qurumlar həm biznes sahəsinə, həm də ki, sosial obyektlərə investisiya qoyurlar. Bu, çox sevindiricidir. Çünki biznesin sosial məsuliyyətli məsələləri dünyada geniş müzakirə olunur. Bəzi ölkələrdə böyük bizneslə məşğul olanlar sosial məsələlərə o qədər də diqqət yetirmir. Azərbaycanda isə mənim tövsiyələrimlə biznes qurumları da öz sosial məsuliyyətini dərk edir və sosial məsələlərin həllinə də kömək göstərirlər. İndi Qəbələdə keçən illər də görülmüş işləri siz məndən yaxşı bilirsiniz. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, infrastruktur, sosial obyektlər, aeroport, yollar, qazlaşdırma, elektriklə təchizat, turizm kompleksləri - bütün bunlar düşünülmüş siyasətin nəticəsidir".