Azərbaycanlı teleaparıcı: "Üç dəfə nişanlı olmuşam..."

15 Avqust 2013 12:18 (UTC+04:00)
Teleaparıcı Seva Camalovanın Milli.Az-a müsahibəsi.

- Necə oldu ki, aparıcı olmaq qərarına gəldiniz?

- Mən ixtisasca rəssamam. Ancaq aparıcı olmağım sırf bu sahəyə olan marağımdan irəli gəlir. Bu peşəni çox sevirəm.

- Televiziya sahəsi sizin xasiyyətinizdə nəyi dəyişdi?

- Xasiyyətimdə elə də böyük bir dəyişiklik olmayıb.

- Ümumiyyətlə, təbiətcə necə insansınız?

- Emosionalam, özümdən çox tez çxıram.

- Sizi özünüzdən ən tez nə çıxarda bilər?

- Yalan eşitmək və ikiüzlülüklə qarşılaşmaq məni çox əsəbləşdirir.

- Bəs hirsinizi nə ilə soyudursunuz?

- Alış-veriş etməklə əsəblərimi sakitləşdirirəm.

- Çox yalan eşitmisiniz?

- Həddindən artıq çox eşitmişəm.

- Bəs sizi yıxmaq istəyənlər necə, olub?

- Çox olub. İndi də var.

- Siz onları tanıyırsınız?

- Bəli, yaxşı tanıyıram. Əksəriyyəti ətrafımda olan insanlardır. Sadəcə olaraq, mən onlara cavab vermək üçün məqam gözləyirəm.

- Ailəlisiniz?

- Xeyir. Mən bu vaxta qədər ailə qurmaq istəməmişəm, amma indi tezliklə ailə qurmaq istəyirəm.

- Elçilərinizin sayı çoxdur?

- Kifayət qədər var. Amma mənim ürəyimcə olan insan hələ qarşıma çıxmayıb. Üç dəfə nişanlı olmuşam. Onların da heç biri ilə ailə qurmamışam.

- Səbəb nə idi?

- Ürəyim istəməyib, çünki valideynlərimin istəyi ilə nişanlanmışdım.

- Sizə elçi düşənlər sizi olduğunuz kimi qəbul edirlər?

- Bəli, necə varamsa, elə də qəbul edirlər. Məni dəyşmək istəyənlər də var. Ancaq mən həyat yoladaşı seçmək baxımından heç kimə inanmıram.

- Təklikdən yorulmursunuz?

- Qətiyyən yorulmuram. Nə qədər ki subayam, cavanlıq edib həyatın dadını çıxardıram (gülür).

- Həyatın dadını çıxartmaq üçün hər şey edirsiniz?

- Ürəyim istəyən hər bir şeyi rahatlıqla edirəm.

- Bu rahatlıq sizi öz "çərçivə"nizdən çıxartmır?

- Hər insan kimi mənim də özümə aid bir çərçivəm var. Ürəyim istəyən hər şeyi edirəm, amma baxır harada və necə. Zamana və məkana xüsusilə diqqət edirəm.

- Nələrdən zövq alırsınız?

- Çaılışıram ki, hər şeydən zövq alım.

- Zövq almaq üçün hələ yerinə yetirə bilmədiyiniz nəsə qalıb?

- Qalıb. Göydən paraşütlə tullanmaq və hündür körpüdən kəndirlə sallanmaq istəyirəm. İnşallah, yaxın zamanda onları da yerinə yetirmək fikrim var.

- Niyə çox vaxt qısa ətəkli paltarlar geyinirsiniz?

- Özümü belə çox rahat hiss edirəm, ona görə. Əvvəllər avtomobilim olmayanda bir o qədər də qısa geyinmirdim. Ancaq indi çox vaxt avtomobildə, sükan arxasında oluram. Belə olan təqdirdə, kimdir məni görən (gülür)?

- Bəs ailə üzvlərindən sənin bu geyminə görə etiraz edənlər olmur?

- Əvvəllər anam etiraz edirdi. Deyirdi ki, qonşular görərlər, nə deyərlər və s. Amma mənə ətrafdakı insanların fikri maraqlı deyil. Mənim pis günlərimdə məgər qonşu gəlib mənim qapımı döyüb mənim vəziyyətimlə maraqlanırdı ki, indi də geyim tərzimə nəsə desin?!

- Pis günləriniz çox olub?

- Hər insan kimi mənim də əziyyətli günlərim olub. Mən həmin günlərimi unutmuram. Amma bəziləri kimi bunu özümə dərd etmirəm. Şükürlər olsun ki, indi çox şeyə sahibəm. Əsas olan, məncə, budur.

- Siz model kimi də fəaliyyət göstərmisiniz?

- Bəli, əvvəllər fotomodellik etmişəm.

- Bəs indi niyə bu sahədə çalışmırsınız?

- Nə bilim, bəlkə də, mənim üçün maraqsızlaşdığına görə.

- Bəlkə az gəlir gətirirdi ona görə?

- Deməzdim, ona görə. Çünki mən etdiyim işləri pula görə yox, sadəcə marağım və həvəsim olduğuna görə edirəm.

- Televiziyadan aldığınız məvacib sizi qane edir?

- Pis deyil, normaldır.

- Bəs başqa yerdən gəliriniz var?

- Yoxdur, amma ailəm mənə çox maddi dəstək olur.

- Filmlərə çəkilmirsiniz?

- Filmlərə çox dəvət alıram. Çəkildiyim filmlər olub. Rusların Bakıda çəkdikləri bir filmdə də rol almışam.

- Kürəyinizi asanlıqla söykəyəcəyiniz insan var?

- Əslində, heç kimə etibar etmirəm. Amma atamla çox yaxınam. Onunla hər dərdimi, sirrimi asanlıqla bölüşə bilirəm, həmçinin o da mənimlə rahat bir şəkildə danışır.

- Nəyin "əsir"inə çevrilmisiniz?

- Heç nəyin əsiri deyiləm. İstədiyim kimi yaşayıram, bu baxımdan azadam.

- Fizioloji quruluşunuzdan razısınız?

- Tam razıyam.

- Güzgüyə baxanda xarici görünüşünüzdə hansısa çatışmazlıq aşkar edirsiniz?

- Bir az kökəlmək istəyirəm, amma hələ bunu bacarmıram (gülür). Mən əvvəl belə deyildim, yəni müəyyən qədər köklüyüm var idi. Tədricən arıqladım. Təsəvvür edin, təkcə "Özünə bax" layihəsində nə az, nə çox, altı kiloqram arıqlamışdım.

- Plastik əməliyyatdan yararlanmısınız?

- Xeyr, heç bir plastik əməliyyat etdirməmişəm. Yalnız bir dəfə burnumu bir az kiçiltmək istəmişəm, lakin nə ətrafımdakı insanlar, nə də həkimlər buna lüzum görməyiblər.

- Siz də sosial şəbəkələrin "aludəçisi" olmusunuz?

- Bəli, belə demək olar. Ancaq mən yazışmağı elə də xoşlamıram. Sədəcə olaraq, sosial şəbəklərdə şəkil paylaşıram, nəyəsə öz fikrimi, münasibətimi bildirirəm və s.