Yeni bina: yenə meyarlar müəyyən olunacaq

15 Avqust 2013 12:27 (UTC+04:00)

Dövlətin Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikdiyi binada evlər ötən ay bölüşdürüldü. Təbii ki, müraciət edənlərin heç də hamısı ev ala bilmədi. Onların bir çoxu eyni yerdə təməli qoyulmuş növbəti binadan ev almağa ümidlidir. Həmin bina 2015-ci ildə təhvil veriləcək.

Bu il istifadəyə verilmiş evdən mənzil almaq üçün müraciət etmiş, amma bölgüdən kənarda qalmış jurnalistlərin 2015-ci ildə yenidən namizədliyini irəli sürməsi lazım gələcək, yoxsa onların builki müraciətləri bəri başdan nəzərə alınacaq?

"Media forum" saytına açıqlama verən KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, bu il mənzil almayan jurnalistlərin iki il sonra mütləq mənzillə təmin olunacağını bəri başdan demək mümkün deyil: "Müraciət edən jurnalist meyarlara cavab verməlidir. Bu il kənar müraciətlər çox idi. Elə şəxs vardı ümumiyyətlə jurnalistikaya aidiyyəti yox idi. Eləsi də vardı evini oğlunun, qızının adına keçirdib mənzil almaq istəyirdi".

Vüqar Səfərli bildirib ki, gələcəkdə yenə meyarlar müəyyən olunacaq: "Yenidən sənədlər qəbul ediləcək. İndidən bu barədə danışmaq tezdir. Bəlkə də builki meyarlar olduğu kimi saxlanacaq, bəlkə də 2015-ci ildə dəyişiklik olunacaq. Buna bina tikilib hazır olunandan sonra qərar veriləcək. Bu il mənzil almaq üçün müraciət etmiş jurnalistlərin sənədləri arxivdə qaldı. Müraciətlər bu bina üçün idi, bitdi".

Mətbuat Şurasının sədri Əflatun Amaşov "Media forum"a bildirib ki, yeni binanın tikintisi iki il davam edəcək: "Bina hazır olandan sonra yenidən toplaşıb parametrlər üzərində düşünə bilərik. Hadisələri qabaqlamaq lazım deyil. Növbəti dəfə redaksiyalar kimləri münasib bilsələr, onlar da növbəti binadan mənzil ala biləcəklər.

Bu il bölgüdən kənarda qalmış jurnalistlərin 2015-ci ildə nəzərə alınıb-alınmayacağına gəlincə, bəlkə kimsə o vaxta qədər jurnalistikadan getdi? Mənzillərin verilməsində redaksiyaların mövqeyi əsas götürülür. Yeni binada da bu cür olacaq. Ola bilsin ki, builki mənzil bölgüsündə verilən meyarlar 2015-ci ildə də qalacaq. Meyarlarda müəyyən qədər dəyişiklik də mümkündür".

İyul ayının 22-də istifadəyə verilmiş binada mənzillərin bölüşdürülməsi meyarlarına görə, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşları namizəd kimi irəli sürə bilib.