İlham Əliyev: "Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub..."
15 Avqust 2013 12:19 (UTC+04:00)
Prezident İlham Əliyev avqustun 14-də regionlara
səfəri çərçivəsində İsmayıllını içməli su ilə təchiz edəcək kəmərin
açılışı mərasimində də iştirak edib. Rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşən prezident öz nitqində məmurların ünvanına
sərt tənqidlər səsləndirib.Movqe.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, açılış mərasimində
çıxış edən prezident bunları bildirib: "Dünyanın bir çox
ölkələrində böhran yaşanır. Artıq 4-5 ildir ki, bəzi ölkələr bu
böhrandan çıxa bilmirlər. Böhran həm iqtisadi tənəzzülə, həm də
sosial proqramların dayandırılmasına gətirib çıxarır, iş yerləri
ləğv edilir. Amma Azərbaycanda biz bunun tamamilə əksini görürük.
Azərbaycan inkişafdadır. İndi bütün iqtisadi göstəricilər ən yüksək
səviyyədədir. Bu ilin altı ayının
yekunlarına görə qeyri-neft sektorumuz 11 faiz artmışdır. Ümumi
iqtisadiyyatımız 5 faiz artmışdır. İş yerləri açılmışdır. O
cümlədən bölgələrdə quruculuq işləri görülmüş, infrastruktur
layihələri həyata keçirilmişdir. Azərbaycanda bir dənə də olsun
sosial infrastruktur layihəsi dayandırılmamışdır. Bax, bu su
layihələri, doğrudan da, böyük vəsait tələb edən
layihələrdir. Yaxşı xatırlayıram ki,
hələ bir neçə il bundan əvvəl bu layihələri icra etmək, xaricdən
kreditlər almaq üçün bizdə müəyyən çətinliklər yaranmışdı. Yəni, o
vaxt beynəlxalq maliyyə qurumları kreditlərin ayrılmasına o qədər
də maraq göstərmirdilər. Xüsusilə sosial layihələrə ki, bu
layihələrə qoyulan vəsait heç vaxt qayıtmayacaq. Ancaq bu gün
iqtisadi islahatlar nəticəsində biz elə bir güclü iqtisadi baza
yaratmışıq ki, nəinki xaricdən kredit almağa ehtiyacımız yoxdur,
özümüz də bəzi ölkələrə kreditlər veririk. Beynəlxalq maliyyə qurumlarına kreditlər veririk. Bu da
iqtisadi, siyasi cəhətdən bizim maraqlarımızı təmin
edir.Azərbaycan bölgənin lider dövlətidir.
Bunu artıq bütün beynəlxalq aləm də etiraf edir. Azərbaycan dünya
miqyasında böyük nüfuza malikdir, dünyanın ən mötəbər qurumu olan
BMT Təhlükəsizlik Şurasının üzvüdür, iqtisadi islahatlar sahəsində
nümunə göstərən ölkədir. Bilirəm ki, Azərbaycanın bölgələrində
aparılan islahatlar və regional inkişaf proqramları ilə bağlı
təcrübə başqa ölkələrdə də öyrənilir. Biz buna necə nail ola
bilmişik? Biz bölgələri necə canlandıra bilmişik?
Hələ görüləsi işlər çoxdur. Elə rayonlar vardır
ki, orada işlər çox yaxşı gedir. Elə rayonlar vardır ki, bir qədər
zəif gedir. Ona görə, mən də çalışıram ki, bütün rayonlarda
mütəmadi qaydada olum və işlərin nə yerdə olduğunu öz gözümlə
görüm. Bəzi hallarda yerli icra
orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə
bilmirlər. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri,
onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz
hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan
halda əlbəttə ki, ciddi tədbirlər görülür və
görüləcək. Bütün vəzifəli şəxslər
qarşısında qoyduğum əsas tələbləri mən qeyd etdim. Bir daha demək
istəyirəm - mütləq Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət
etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa
xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni
mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli
şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün
çalışmalıdır. Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu
prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə
qabağa gedəcək. Əldə edilmiş uğurlar
heç bir yerdə təkrarlana bilməz. Biz son ilin statistikasını,
görülən işləri götürsək görərik ki, iqtisadi sahədə, bütün başqa
sahələrdə Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Ancaq
bu bizi kifayətləndirməməlidir. Biz daha da böyük işlər görməliyik
və görə də bilərik. Çünki zəhmətkeş xalqımız, xalqla iqtidar
arasında birlik, dövlət siyasəti vardır. Bu siyasətin mərkəzində
vətəndaşdır, Azərbaycan vətəndaşıdır. Gözəl ölkəmiz, gözəl
təbiətimiz, təbii sərvətlərimiz, artıq gözəl infrastrukturumuz
vardır. Bundan sonra Azərbaycan daha da sürətlə qabağa getməlidir.
Bölgələrin inkişafı gələcəkdə
ölkəmizin ümumi inkişafını təmin edəcəkdir. Çünki hələ ki,
iqtisadiyyatımızın əsas hissəsi təbii ehtiyatlardır. Ancaq on
ildən, iyirmi ildən sonra, bəlkə də ondan da tez bir vaxtda
iqtisadiyyatımızın əsas hissəsi qeyri-neft sektoru olacaqdır. Artıq
bu proses başlamışdır. İqtisadiyyatımızın əsas hissəsi indi
qeyri-neft sektorunda yaranır. Ancaq gələcəkdə qeyri-neft
sektorunun payı daha da artmalıdır. Ona görə hər bir bölgədə iş
yerləri - kənd təsərrüfatı, yüngül sənaye, infrastruktur layihələri
- hər bir kənddə, hər bir şəhərdə problemlər həll olunmalıdır. Belə
olan halda ölkədə bütün problemlər həll
olunacaq."