DİN Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşının qətli ilə bağlı məlumat yayıb

15 Avqust 2013 13:45 (UTC+04:00)

Daxili İşlər Nazirliyi ötən gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.


Mövqe.az-ın xəbərinə görə, DİN-in saytında yerləşdirilən məlumatda bildirilir ki, avqustun 14-də Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Elmira Dadaşova öz evindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb. 

 

Faktla əlaqədar cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

 Qeyd edək ki, ötən gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı qətlə yetirilib.

 Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Hökməli qəsəbəsində Əliağa Vahid küçəsində qeydə alınıb.

 Aqil Dadaşova məxsus ikimərtəbəli evə oğurluq məqsədilə gələn şəxslər onun evdə olan həyat yoldaşı, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetiriblər.

 Hadisəni törədən şəxslərin müəyyənləşməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.