10-a yaxın bankın taleyi sual altına düşür

15 Avqust 2013 16:26 (UTC+04:00)

Samir Əliyev: "Ola bilsin, nizamnamə kapitalının icrası ilə bağlı bankların bağlanması aylar çəksin"


Məlum olduğu kimi cari ilin sonuna kimi Mərkəzi Bankın tələbi ilə  yerli kommersiya bankları nizamnamə kapitalını indiki ilə müqayisədə 5 dəfə artırmalıdırlar. Hazırda sözügedən kapitala bağlı  tələb 10 milyon manatdırsa, gələn ilin əvvəlindən etibarən, 5 dəfə artaraq 50 milyona çatmalıdır. Bankların hamısının bu tələbi ödəyib-ödəyə bilməyəcəkləri hələ dəqiq məlum deyil. Nizamnamə kapitalını artıra bilməyən bankların və bura yatırılan əmanətlərin taleyi necə olacaq? 


Mövzu ilə əlaqədar  iqtisadçı-ekspert Vüqar Bayramov Mövqe.az-a açıqlamasında deyib: "Bankların nizamnamə kapitalını 10 milyon manatdan 50 milyon manata qədər artırılması qərarı faktiki olaraq ilin sonunadək nizamnamə kapitalını 5 dəfə artırmağı tələb edir və bu mövcud kommersiya banklarının taleyinə təsir edəcək. Belə proqnozlaşdırılır ki, heç də bütün kommersiya banklarının Mərkəzi Bankın yeni nizamnamə kapitalına olan tələbləri həyata keçirməyə imkanları yoxdur. Bu onunla bağlıdır ki, kommersiya banklarının bir qisminin nizamnamə kapitalı olduqca azdır. Nizamnamə kapitalı az olduğu üçün onların qısa zamanda bu kapitalı ifadə edən məbləği 50 milyona qədər artırması praktiki olaraq mümkün deyil. Aparılan araşdırmalar da göstərir ki, Mərkəzi Bankın nizamnamə kapitalının artırılması ilə bağlı qərarını mövcud bankların hamısı əməl edə bilməyəcək. Nəzərə alsaq ki, ölkədə 43 bank var və ilkin beynəlxalq qiymətləndirmə təşkilatının qiymətləndirməsinə görə, hazırda 43 bankdan təxminən 30-u Mərkəzi Bankın nizamnamə kapitalı ilə bağlı tələbinə əməl etmək imkanına malikdir. Qalan bankların, təəssüf ki, buna əməl etmək imkanları yoxdur. Ona görə də, güman olunur ki, ilin sonunadək kommersiya banklarının təxminən 10-u nizamnamə kapitalına əməl edə bilmədikləri üçün onlar ya özlərinin müflis olduqlarını elan edəcəklər, ya da Mərkəzi Bank kommersiya banklarının statuslarının dəyişməsi, yaxud onların bağlanması haqda qərar qəbul edəcək. Amma bütün hallarda güman olunur ki, Mərkəzi Bank hələlik nizamnamə kapitalını yerinə yetirməyən kommersiya banklarının müflis olması ilə bağlı qərarı qəbul etməyəcək və bu, kommersiya bankları sahəsinə inamın azalmasının qarşısını almaq üçün həyata keçiriləcək. Maksimum çalışılacaq ki, bankların birləşdiriməsi həyata keçirilsin, lakin bankların fəaliyyətinin qiymətləndirilməsi göstərir ki, kommersiya bankları birləşməkdə maraqlı deyillər. Banklar birləşməkdə maraqlı olmadığı üçün Mərkəzi Bank kommersiya banklarının öz statuslarını dəyişmək, bank olmayan kredit təşkilatları kimi fəaliyyət göstərməyi təklif edir. Güman olunur ki, bankların sayı birinci mərhələdə 35-ə, sonra isə 30-a qədər azalacaq. Və nizamnamə kapitalını artıra bilməyən banklar artıq statuslarını dəyişməyə məruz qalacaqlar ki, bu da  2014-cü ilin əvəllərində Azərbaycan kommersiya bank sektorunda bankların sayında kəskin azalma ilə müşahidə olunacaq". 

 

Iqtisadçı-ekspert Samir Əliyev də saytımıza  verdiyi açıqlmada bankların hamısının qoyulan tələbi ödəyə bilməyəcəklərini deyib: " Bəli, belə bir qərar verilib. Bu vaxta kimi nizamnamə kapitalına olan minimal tələb 10 milyon manat idi. Bu o demək idi ki, kapitalı 10 milyondan aşağı olan banklar bazarı tərk etməlidir. Və yeni qərara görə, 2014-cü ilin yanvarından 1-dən  məcburi kapital 50 milyon təşkil etməlidir. Söhbət 5 dəfə artırılmaqdan gedir. Həmin qərar veriləndə, Azərbaycanda fəaliyyət göstərən 43 bankın 15-i bu tələbə cavab verirdi. Yəni, 15 bankın nizamnamə kapitalı 50 milyon manatdan çox idi. 28 bankda bu göstərici aşağı idi və bu bir il yarım müddətində nəzərdə tutulurdu ki, nizamnamə kapitalı artıb 50 milyona çatsın. Düzdür, bu məlumatlar heç yerdə açıqlanmır. Nə Mərkəzi bankın saytında, nə də ayrı-ayrı yerlərdə. Banklar məlumatı gizlədir, amma statistika göstərir ki, prinsipcə,  bankların böyük bir əksəriyyəti bu problemi ya həll edibdir, ya da ki, həll etmək üzrədir. Yəni ki, bu növbəti 6 ayda problemi həll etməyə nail olacaqlar. Təxmini müşahidələr onu göstərir ki, artıq  mövcud tələblərə cavab verməyən bankların sayı 10-dan aşağıdır. Mütəmadi olaraq göstərilir ki, bazarı tərk edən bankların sayı təxmini 5-6 civarında olacaqdır. Mən gözləmirəm ki, yanvarın 1-i olan kimi nizamnamə  kapitalı 50 milyondan aşağı olan banklar bağlanacaq. Yəqin ki, Mərkəzi Bank bu banklara müəyyən bir müddət verəcək. Əks halda,  2014-cü il ərzində belə bankların  bazarı tərk etməsini müşahidə edəcəyik. Onsuz da, məcburi nizamnamə kapitalı 10 milyon olanda, hardasa 2-3 bank var idi ki, onlar bu tələbə cavab vermirdilər. Amma buna baxmayaraq, Mərkəzi Bank onları bağlamırdı, lisenziyasını geri almırdı. Ola bilsin, nizamnamə kapitalının icrası ilə bağlı bankların bağlanması aylar çəksin. Yəni, bu uzun prossesdir. Birdən-birə baş veməyəcək". 

Ekspert bankların qarşısında bir neçə seçim imkanı olduğunu deyib: "Bu vəziyyətdə bankların təbii ki, seçim imkanı olacaqdır. Seçim imkanı ondan ibarətdir ki, birincisi, banklar birləşə  bilərlər. Yəni bir neçə zəif bank və ya bir zəif bir güclü bank birləşəndə onlar 50 milyondan çox nizamnamə kapitalına malik olacaqlar. İkinci variant olaraq isə, banklar bank olmayan kredit təşkilatlarına çevrilə bilərlər. Biz bilirik ki, banklardan başqa bank olmayan təşkilatlar da kredit verir. Belə bankların fəaliyyət çeşidi  bank olmayan təşkilatlara nisbətən daha çoxdur. Üçüncüsü isə, arzuolunmaz vəziyyətdir ki, bankdan lisenziya alınsın. Bu üç variantın, onlar arasında da yəqin ki ən çox ikinci variantın, bank olmayan təşkilatlara çevrilmək prosesinin daha çox başlama ehtimalı var. Belə olan halda, gözlənilir ki, gələn il  təxminən 6-7 bank bağlanacaq " .