Film və serial çəkilişində rejissor, operator problemi

15 Avqust 2013 18:26 (UTC+04:00)
Əli İsa Cabbarov: "Təsadüfi insanlara serial çəkməsi üçün icazə verilir"

Yeni çəkilən film serialların səviyyəsinin tamaşaçını qane etməməsinin əsas səbəblərindən biri kimi ssenari, rejissor, operator, səsləndirmə bu qəbildən olan işlərin professionallıq baxımından zəif olması göstərilir. Hər halda belə filmə seriallara çəkilən əksər aktyor aktirsalar özləri bu fikirdədir.

Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən xalq artisti, tanınmış aktyor Tariyel Qasımov qeyd edir: "Bəli, bu gün tam razıyam ki, çəkilən serial və kinolarda operator və rejissor işi çox zəif olur. Amma dekorasiyanın bura dəxli o qədər də yoxdur. Bu səbəblərdən də çəkilən filmlər uğursuz alınır. Bilirsinizmi, get-gedə bu sektorda olan peşəkarlıq aşağı düşür. Bu sənətə qeyri- peşəkarlar yiyələnir. Çünki indi nə rejissorlar rejissordur, nə də ki, operatorlar bir fərli operatordur. İndi film çəkən 5-6 nəfər bir yerə yığışıb, ad olur film çəkirlər. Kimi çəksələr yaxşıdır? Nəsillərində, qohum-əqrabalarında kim varsa, onu da seriala çəkirlər. Pulları var, çəkirlər də, nə deyim… İndiki çəkənlər arasında əksəriyyəti savadsızdır. Amma bizim zamanımızda bu sənət sahibi olmaq istəyənlər gedib Moskvada təhsil alıb gəlirdilər. Hər cəhətdən bu işi öyrənirdilər, təcrübə keçirdilər və mükəmməl biliyə sahib olmağa çalışırdılar. Əslində isə, bu sənətlərə maraq orta məktəbdən, rəsm dərslərindən və s. kimi yerlərdən başlanmalıdır. Bunun üçün həmin kəslərdə savadla paralel istedad olmalıdır".

Azərbaycan Kinomatoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov isə bildirir: "Kinolarda və seriallarda keyfiyyət problemi birbaşa müvafiq qurumların apardığı düzgün olmayan siyasətlə bağlıdır. Pis film çəkən rejissorlar, prodüsserlər cəzalandırılmır. Zəif ssenarilər təsdiq olunur. Serialların zəif çəkilməsi ilə də problem ona görə yaşanır ki, təsadüfi insanlara serial çəkməsi üçün icazə verilir. Ancaq təsadüfi insanlar olmayanda Rövşən İsax və ya "SOY production" kimi peşəkarlar olanda o zaman uğurlu iş alınır, normal seriallar çəkilir. Mən şəxsən "Pərvanələrin rəqsi" və " Sirr" seriallarını izləmişəm və bəyənirəm. Kim pis film çəkdi, onu mütləq və sərt şəkildə cəzalandırmaq, həmçinin ona cərimə də təyin etmək lazımdır.

Seriallar şirkətlər arasında müsabiqə yolu ilə bölüşdürülür. Serial və kino təcrübəsi olmayan şirkətlər, rejissorlar müsabiqədə iştirak etməməlidirlər. Elələri var ki, seriala 7-8 min manat vəsait ayırırlar. Bu gülməli bir şeydir. Özünə hörmət edən rejissor bunu heç qəbul etməməlidir və etmir də... Ona görə də təsadüfi "rejissorlar" gəlir və bu cür seriallar çəkilir".