“Milli Şuranın mitinqində 1000-dən çox adam olmayacaq”

16 Avqust 2013 16:41 (UTC+04:00)
"Bu mitinqdən heç bir uğur gözləmək olmaz. Milli Şuranın elektratı, sosial bazası yoxdur. Milli Şura ayr-ayrı partiyalar, İctimai Palata və bu kimi qurumların bənzəridir. Sadəcə olaraq adını dəyişiblər".

Movqe.az-in AzVision.az-a istinadən verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın 18 avqustda keçirəcəyi mitinqdən danışarkən deyib.

YAP rəsmisi hesab edir ki, adı çəkilən mitinqə yalnız 1 000-ə qədər insan toplaşa bilər: "Bir neçə dəfə mitinq keçiriblər, amma sosial bazanın olmamasının nəticəsi olaraq az adam toplaşıb. Sonradan mitinqləri icazə verilən yerdə deyil, icazə verilməyən yerdə keçirməyə başladılar. Bu dəfəki mitinqdə də 600-700 adam toplaşacaq, 1000-dən çox olmayacaq. Bir neçə mitinq keçirəndən sonra yenidən Fəvvarələr meydanı və başqa yerin seçilməsi haqqında fikir söyləməyə başlayacaqlar".

S.Novruzov vurğulayıb ki, 20-ci sahədə mitinq keçirmək üçün hər cür şərait var: "Həm şəhərin mərkəzidir, həm də təhlükəsizlik tədbirləri var. Buyurub keçirsinlər. Azərbaycanda həmişə sərbəst toplaşma azadlığı yerinə yetirilib. Sadəcə bəzi qüvvələr qanunun tələblələrini yerinə yetirmədən onu pozmağa çalışıblar".