Böyüyən demoqrafiya problemi

17 Avqust 2013 08:46 (UTC+04:00)

Demoqrafiya, daha doğrusu cinsi seleksiyanın Azərbaycanda getdikcə ciddi problemə çevrilməsi barədə dəfələrlə deyilib. Lakin son mənzərənin təhlili qeyd olunan sferada yaranan problemin hələ də həllini tapmadığını göstərir. Bunu ABŞ-da mənzillənən, cinsi və reproduktiv sağlamlıq üzrə ixtisaslaşan Quttmaxer İnstitutunun araşdırmaları da təsdiq edir. İnstitutun əməkdaşları tərəfindən aparılan araşdırma üzə çıxarıb ki, Azərbaycanda qızların 10%-i dünyaya göz açmadan məhv edilir.

Təbii cins nisbətinin 100 qadına 105 kişi olduğunu nəzərə alsaq, 2010-cu ildə Azərbaycanda 84 min 890 qadın doğulardı - qeydə alındığından 8 min 381 nəfər çox.

Bu araşdırmadan o da bilinib ki, Azərbaycanda cinsə görə selektiv abort geniş yayılıb. Müəlliflər özəlliklə ultrasəs müayinəsinin tətbiqindən sonra bəzi postsovet ölkələrində selektiv abortların artdığını vurğulayır.

Tədqiqat 3 postsovet ölkəsində - Ermənistan, Azərbaycan və Gürcüstanda 2005-2009-cu illərdə 100 qıza azı 116 oğlan düşdüyünü üzə çıxarıb Bu rəqəmlər Çin və Hindistanla müqayisə olunur. Bənzər fenomenə başqa postsovet ölkələrində, məsələn, Qazaxıstan, Moldova və Ukraynada rast gəlinməyib. Azərbaycanda hər 100 qıza 115 oğlan düşür. Araşdırma müəllifləri problemi önləmək üçün ailə planlaşdırması və qanuni müdaxilələrin gərəkli olduğunu vurğulayırlar. Ötən il Dünya Bankı da Azərbaycanda hər yeni doğulan 100 qıza 115 oğlan düşdüyünü bildirirdi.

Ölkə rəsmiləri də son illər ölkədə qız uşaqlarının azalmasından narahatlıqlarını dilə gətiriblər. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu yaxınlarda mediaya bildirmişdi ki, ultrasəs müayinəsi nəticəsində indi ölkədə 5-6 qız uşağı olan ailələrə rast gəlinmir, çünki "o doğulacaq bacılar indi abort olunur. Ana yalnız birini dünyaya gətirir".

Komitə sədri parlamentdə "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müzakirə olunacağını da deyirdi: "Cinsi fərqliliyə gətirib çıxaran məsələyə mütləq baxılacaq. Məsələ qanunvericilikdə əks olunmalıdır. Onda biz biləcəyik ki, hələ doğulmayan qız uşaqları dövlət tərəfindən qorunur. Bu, çox ciddi məsələdir".

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin böyük məsləhətçisi Aynur Veysəlova "Azadlıq" radiosuna açıqlamasında yeni doğulan oğlan uşaqlarının sayca qızlardan bir az çox olduğunu desə də, hələlik durumun böhran həddinə çatmadığını bildirir. Onun fikrincə, tədbirlər görülməzsə, 20-30 ilə ciddi fəsadlar törənə bilər. Veysəlova maarifləndirmə işinə, özəlliklə uşağın cinsiyyətinin qadından deyil, kişidən asılı olduğunun cəmiyyətə aşılanmasına, eləcə də arzuolunmaz hamiləlik məsələsinə diqqət ayırmaq zərurətini vurğulayır: "Övladlarımızı planlı şəkildə dünyaya gətirsək, bu məsələ öz-özlüyündə həllini tapar. Doğulan uşağın sağlamlıq məsələləri də gündəmdədir. Strateji məsələ olduğundan həm parlamentdə, həm Səhiyyə Nazirliyində, həm komitəmizdə bu müzakirələr aparılır".

Hələ bir müddət öncə Azərbaycanda ultrasəs müayinəsi zamanı uşağın cinsinin açıqlanmasını yasaqlamaq barədə təkliflər səslənirdi. Ölkənin qoşulduğu konvensiyalara görə, 12 həftəliyə qədər dölün abortuna icazə verilir. 12 həftəlikdən sonra bu, ancaq tibbi göstərişlə həyata keçirilir. İslam dininə görə, yalnız ananın həyatına risk olarsa, yaxud südəmər uşaqlı qadın yenidən hamilə qalarsa və onun körpəsinə süd anası tutmağa imkanı olmazsa, aborta icazə verilir. Oğlan və ya qız olduğuna görə abort etdirmək İslam tərəfindən bəyənilmir.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova cəmiyyətdə qız uşağının istənilən olmamasının başlanğıc səbəbini ailədaxili stereotiplərlə izah edir: "Ana özü də hamilə vaxtı daha çox oğlan uşağı istəyir. Fikirləşir ki, bu halda ailədəki yerini möhkəmlədər. Axı o, nəslin davamçısını dünyaya gətirmiş olur. Bu halda ona daha hörmətlə yanaşacaqlar".

Mətanət Əzizovanın fikrincə, oğlan uşaqlarının daha çox arzulanması qadının cəmiyyətdəki rolu ilə də bağlıdır: "Oğlan uşağı daha önəmli olan bir cəmiyyətdə, üstəlik, qadınlara ikinci sort kimi baxıldığı cəmiyyətdə oğlan uşağı dünyaya gətirməyə meylli olurlar. Əgər qızların gələcək təhsilində, cəmiyyətdə öz sözünü deməsində, statusunda problem olmasaydı, istər-istəməz, insanlarda şüuraltı bir dəyişiklik olar və seçim etməzdilər".

Mətanət Əzizova ultrasəs müayinəsi zamanı dölün cinsinin açıqlanmamasını və ya abortu qadağan etməyi çıxış yolu saymır. Axı bu halda ya kriminal abort, ya da rüşvət arta bilər. O, problemin həllini qadının cəmiyyətdəki statusunun artırılmasında, müxtəlif təlimlər, maarifləndirmə kampaniyaları aparmaqda görür. Əvvəllər qadınlar ölkə əhalisinin 51, kişilərsə 49 faizini təşkil edirdisə, indi əksinədir, ikincilər 51 faizdir, zərif cins nümayəndələri isə 49 faizə düşüb. Hesab edilir ki, seleksion abortlar davam etdikcə bu nisbət kişilərin xeyrinə daha da çoxalacaq.