Çingiz Qənizadə İlhamə Quliyevanı təbrik etdi: "İlhamə xanıma can sağlığı arzu edirəm"

17 Avqust 2013 15:24 (UTC+04:00)
Son zamanlar qalmaqalları ilə mətbuat səhifələrindən düşməyən xalq artisti İlhamə Quliyeva yenidən şou aləminin gündəmindədir. Ancaq bu dəfə qalmaqallarla, məhkəmə çəkişmələri ilə deyil, "Şərəf" ordeni ilə. Avqustun 14-də prezident İlham Əliyev İlhamə Quliyevanın Azərbaycanda mahnı ifaçılığı sənətinin inkişafında xüsusi xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin bu addımı istər-istəməz İ.Quliyeva ilə savaşanların mövqeyinə təsir edəcək və bu hadisə ölkə rəhbərliyi tərəfindən xalq artistinin rəqiblərinə "dur" komandası kimi dəyərləndirilir. Ölkə başçısının bu addımına münasibət bildirən İlhamə Quliyeva "Qafqazinfo"ya açıqlama verib: "Prezident məni yox, Azərbaycan xalqının mədəniyyətini mükafatlandırıb. Bu, mədəniyyətə verilən qiymətdir. Dünyanın ən yaxşı prezidentinin bu sərəncama imza atan əlindən öpürəm. Prezidentlə yanaşı, onun ailəsinin, həyat yoldaşı Mehriban xanımın da mənim sənətimə yüksək münasibəti var. Göyün yeddinci qatındayam".

Bir müddət əvvələdək İ.Quliyeva ilə aralarında ciddi qalmaqal yaşanan deputat Çingiz Qənizadə bu məsələyə münasibət bildirərkən "Yeni Müsavat"a dedi ki, xalq artisti ilə aralarındakı problem qarşı tərəfin canlı yayımda səsləndirdiyi ifadə ilə bağlı olub: "Cənab prezidentin qəbul etdiyi qərara biz necə münasibət bildirə bilərik? Bu, prezidentin hüququdur. O, İlhamə xanımın müəyyən xidmətlərini, yaşını nəzərə alaraq onu "Şərəf" ordeni ilə təltif edib. Bu haqda mən heç nə deyə bilmərəm. Ancaq onun məni məhkəməyə verib-verməməyi "Şərəf" ordeni ilə bağlı deyil ki. Əslində bəlkə də, mən onu məhkəməyə verə bilərdim. Amma ümumilikdə götürdükdə, bu qalmaqal iki insan arasında olan fikr mübadiləsi, söz savaşı idi. Mən sadəcə İlhamə Quliyevanın konkret bir çıxışına münasibət bildirmişdim. Onun sənətini, fəaliyyətini və s . qiymətləndirməmişdim və bu fikrdə də deyiləm. Bu qalmaqalın yaranmasına da əsas səbəb canlı yayımda İlhamə Quliyevanın emosiyalara qapılıb qeyri-etik ifadələr işlətməsi idi. Ancaq bu o demək deyil ki, mən İlhamə Quliyevaya qarşı düşmənçilik mövqeyindəyəm və ya o mənə qarşı belə bir mövqedədir. İndi cənab prezident belə hesab edirsə ki, o, 70 illik yubleyində "Şərəf" ordeni ilə təltif olunmalıdır, mən də bu münasibətlə onu təbrik edirəm. İlhamə xanıma can sağlığı arzu edirəm. Eyin zamanda öz mövqeyimdə də qalıram ki, ölkənin musiqi aləmində tanınan insanlar telekanallarda öz hərəkətlərinə, danışıqlarına fikir verməlidirlər. Bu mənim mövqeyimdir və hesab edirəm ki, belə də olmalıdır, hər kəs öz danışığına, davranışına fikr verməlidir. Bu həm İlhamə Quliyevaya, həm Çingiz Qənizadəyə, həm də digərlərinə aiddir. Bütün bunlara, yaranmış qalmaqallara baxmayaraq, mən İlhamə xanımı 70 illik yubleyi və "Şərəf" ordeni alması münasibəti ilə təbrik edirəm. Bu hər şeydən əvvəl bir mədəniyyət göstəricisidir".