Azərbaycanda dəhşətli qəza

18 Avqust 2013 18:45 (UTC+04:00)
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 95-ci km-də baş vermiş avtoqəzada Şəki sakini Salahov Zabit Paşa oğlunun idarə etdiyi "Hyunday" markalı avtomobillə, Biləsuvar rayon sakini Seyfullayev Əlibəy Nəci oğlunun idarə etdiyi yanacaqdaşıyan maşın toqquşub. Nəticədə "Hyunday" markalı avtomobilin sürücüsü və onun həyat yoldaşı ilə nəvəsi hadisə yerindəcə dünyasını dəyişib. Sürücünün qızı isə ağır bədən xəsarətləri ilə əvvəlcə Oğuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ilk yardım aldıqdan sonra yaşadığı Şəkinin Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Qəza zamanı "Hyunday" markalı maşın deformasiyaya uğradıqdan sonra, sürücü və ölən sərnişinlər avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Onların cəsədlərini hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri yarım saatlıq xilasetmə əməliyyatından sonra çıxara biliblər. Qəzanın ilkin səbəbi kimi "Hyunday" markalı avtomobilin sürücüsünün düzgün sürət həddi seçməməsi və manevretmə qaydasını pozması ehtimal edilsə də, ürək xəstəsi olan sürücünün ani ürəktutmasının baş verməsi versiyası da nəzərdən keçirilir. Həkimlər hazırda Şəki xəstəxanasında müalicə alan Günay Salahovanın həyatına təhlükə olmadığını bildirirlər. Faktla əlaqədar BDYP-nin İstintaq Bölməsi tərəfindən araşdırmalar aparılır.