Misirdəki bütün vətəndaşlarımız təxliyyə edildi-Eksklüziv

19 Avqust 2013 11:34 (UTC+04:00)

"Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyyə edilməsi üçün bütün müvafiq tədbirləri görüb". Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. E. Abdullayev bildirib ki, Azərbaycanın Misirdəki səfirliyində qeydiyyatda olan, təmasda olan bir Azərbaycan vətəndaşı belə, təxliyyə prosesindən kənarda qalmayıb: "Səfirliyimizdə qeydiyyatda olan, daim təmasda olan bütün vətəndaşlarımız təxliyyə ediib.  Təxliyyə tədbirləri cənab Prezident İlham Əliyevin Azərbaycan XİN-ə və Fövqəladə Hallar Nazirliyinə müvafiq  tapşırığı əsasında yerinə yetirilib".

Xatırladaq ki,  Azərbaycan vətəndaşlarının Misirdən təcili təxliyyə edilməsi üçün təyyarə göndərilmişdi. APA-nın xəbərinə görə, Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib.Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, bu gün Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb.