“Milli Şuranın fatihəsi oxundu”

19 Avqust 2013 12:53 (UTC+04:00)
"Bu gün sürücülük məktəbinin qarşısında mitinq yox, piket keçirildi. Bu piketlə də Milli Şuranın fatihəsi oxundu". Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilmiş aksiyasını şərh edərkən deyib.

S. Novruzov bildirib ki, bu gün keçirilmiş aksiya ilə "Milli Şura adlı bir qurumun yekunlaşıb": "Azərbaycan xalqı həmişə olduğu kimi bu dəfə də öz müdrikliyini göstərdi və bu cür insanlara, ümumiyyətlə, ehtimad göstərmədiyini sübut etdi. Bundan əvvəl müxalifətin bu məkanda bir mitinqi oldu, orada təxminən 800 nəfər yığışmışdı, bu gün isə heç onun yarısı da olmadı. İstər təşkilati baxımdan, istər keçirilmə səviyyəsindən, ümumiyyətlə, bütün cəhətlərinə görə, bu piket, müxalifətin indiyə qədər keçirdiyi ən aşağı səviyyəli aksiya oldu".

S. Novruzov deyib ki, Milli Şurada problem olduğu bu gün də etiraf edilib:"Bugünkü piketlərində özləri də etiraf elədilər ki, Milli Şurada qeyri-müəyyənlik var. Azərbaycanda artıq 15 gündür ki, seçki prosesi gedir. Bunlar isə hələ də qeyri-müəyyənlik yaşayırlar, onlar bu qeyri müəyyənlikdən çıxanda artıq seçki prosesi başa çatmış olacaq. Ona görə də bunlar əvvəldən seçkiyə getməyəcəkləri barədə də bilirdilər, bu, planlı şəkildədir. Bu formada da öz fəaliyyətlərini davam elətdirilər. Bu gün onların sosial bazası yoxdur. Bu baxımdan da istər Rüstəm İbrahimbəyov gəlmədiyi təqdirdə başqa vahid namizəd seçsinlər, istərsə də ayrı – ayrı partiyalarla namizədlərini irəli sürsünlər, bizim üçün heç bir əhəmiyyəti yoxdu".