Rabitə müəssisələri payız-qış mövsümünə hazırlıqlara başlayıb

19 Avqust 2013 13:04 (UTC+04:00)

Azərbaycan regionlarında fəaliyyət göstərən rabitə müəssisələri payız-qış mövsümünə hazırlıqla əlaqədar ilkin işlərə başlayıb. Birinci mərhələ kimi işlərə dağlıq və dağətəyi bölgələrdə start verilib. İşlər payız yağışlarının başlanılmasına qədər intensiv şəkildə davam edəcək.

 Mövqe.az-ın Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, əhalinin dayanıqlı rabitə ilə təmin olunması, rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə işlər tədbirlər planına uyğun aparılır. Qəza hallarının qarşısını almaq üçün ehtiyat hissələrinin əldə edilməsi bütün il boyu nəzarətdə olmasına baxmayaraq, mövsümdə elektrik kəsintiləri,  normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

 

Gərginliyin dəyişməsinə ani reaksiya verən rele qurğuları, stabilizatorlar, abunə qutuları, arabağlantı xətləri üçün qoruyucu bloklar tətbiq edilib.


Bundan başqa, xətt təsərrüfatının normativə uyğunlaşdırılması, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələri qaçılmaz olan yerlərdə yeraltı keçid, yaxud rezin borulardan istifadə edilməsi, rayon mərkəzlərində və kəndlərdə abadlıq işləri ilə əlaqədar yeraltı rabitə qurğularının tikilməsi ilə rabitə xətlərinin yer altına keçirilməsi həm kabellərin istismar müddətinin xeyli yüksəlməsinə, həm də qəza hallarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

 

Qış aylarında generatorlara və akkumulyatorlara ehtiyac artdığından bir neçə ildir ki, bu avadanlıqlara mərkəzləşmiş qaydada ixtisaslı mütəxəssislər tərəfindən xidmət göstərilir. Avadanlıqlara vahid mərkəzdən xidmət edilməsi, qeyri-peşəkar müdaxilənin qarşısının alınmasına və nəticədə avadanlıqların daim saz olmasına, daha uzun müddət istismar edilməsinə şərait yaradıb.