AMİP bəyanat yayıb

19 Avqust 2013 15:56 (UTC+04:00)

Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi, namizəd olaraq seçkilərdə iştirak etməsi ilə bağlı məsələ artıq qapanıb. Bu barədə Trend-ə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuman Əlizadə bildirib:

"Nə qədər proqnozlar verilsə də, mən o proqnozlara inanmıram və hesab edirəm ki, Rüstəm İbrahimbəyov namizəd olaraq seçkilərdə iştirak etməyəcək".

Milli Şuranın digər vahid namizədinin müəyyənləşdirilməsi məsələsinə münasibət bildirən A.Əlizadə bu prosesin də ciddi çətinliklərlə üzləşəcəyini deyib: "Milli Şuranın vahid namizədi yalnız Rüstəm İbrahimbəyov ola bilərdi. Digər şəxsin orada cəmləşən bütün qüvvələr tərəfindən vahid namizəd olaraq qəbul olunması, inandırıcı görsənmir. Ona görə, çox güman ki, orada təmsil olunan siyasi partiyalar, qüvvələr hər biri öz namizədi ilə iştirak etmək məsələsinə üstünlük veriləcək və sonda isə həmin namizədlər son ərəfədə bir-birinə güzəştə getməklə vahid namizədin müəyyənləşdirməsi prosesi baş verəcək".

Ancaq A.Əlizadə bunun da inandırıcı olmadığını söyləyib: "Bu da çox inandırıcı görsənmir və şəxsən mən həmin namizədlərin kiminsə digərinə güzəştə getməsi ilə bağlı məsələyə bir qədər nikbin baxmıram".

A.Əlizadə onu da əlavə edib ki, ümumiyyətlə Milli Şura ideyası cəlbedici olsa da ümumi müxalifət düşərgəsinin gözlədiyini vermədi və buna ancaq təəssüf etmək olar: "Biz əvvəldən də demişdik ki, bizim Milli Şuranın təşkil olunması, Rüstəm İbrahimbəyovun vahid namizədliyinin irəli sürülməsi ilə bağlı ciddi suallarımız var və bizim proqnozlarımız da özünü doğrultdu".

AMİP baş katibinin fikrincə, Milli Şura çox ciddi vaxt itgisinə yol verib, çünki 40 min imza toplanmalıdır: "Nə qədər də deyilsə də ki, bu, müxalifət düşərgəsində əsas aparıcı güc olan siyasi partiyalar üçün bir o qədər də ciddi maneə deyil, mən hesab edirəm ki, bu çox ciddi məsələdir. Ölkənin 60-dan çox dairəsindən 40 min seçici imzasının toplanması asan məsələ deyil. Bu mənada Milli Şuranın təmsilçiləri olaraq ayrı-ayrı fərdlərin, ayrı-ayrı siyasi partiyaların namizəd irəli sürdükdən sonra imza toplanması ilə bağlı çox ciddi problemlər yaşana bilər".