Təhsil Nazirliyindən kişi müəllimləri ilə bağlı açıqlama

20 Avqust 2013 15:03 (UTC+04:00)

 Ümumtəhsil məktəblərində müəllimlərin əksəriyyətini qadınların təşkil etməsi bütün ölkələr, o cümlədən Azərbaycan üçün səciyyəvidir. Təhsil Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, bu amilin şagirdlərə, onların davranışına psixoloji təsirləri (müsbət və ya mənfi) barədə əsaslı tədqiqatlar aparılmayıb: "Ona görə də qadın müəllimlərin məktəblərdə üstünlük təşkil etməsinin birmənalı olaraq mənfi göstərici kimi qiymətləndirilməsi düzgün olmazdı. Kişi müəllimlərin azlığına əmək haqqı ilə yanaşı, digər amillər də təsir edir. Bunlar özəl sektorda çalışmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və bu kimi digər məsələlərlə bağlıdır".  

Hazırda Azərbaycanda müəllimlərin 76,27 faizi qadınlardır. Cari ildə işə qəbul üzrə müsabiqəyə müraciət edənlərin 70 faizi qadınlardır. Qeyd edək ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəllimlər üçün kompetensiya və nəticə əsaslı, diferensiallaşdırılmış əmək haqqı sisteminin yaradılması nəzərdə tutulub.