Bu ilin ilk yarısında Azərbaycanda 59 min yeni iş yeri açılıb

21 Avqust 2013 13:30 (UTC+04:00)

Azərbaycanda 2013-cü ilin ilk yarım ili  ərzində 58 714 yeni, o cümlədən 44 748 daimi iş yeri açılıb.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

 Məlumata əsasən, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 2009-cu ilin yanvarın 1-dən bu ilin iyunun 1-nə qədər olan dövr ərzində  isə ümumilikdə 419 802 olmaqla, 320 022 da­imi iş yeri yaradılıb. Cari ilin yanvar-iyun aylarında açılmış daimi iş yerlərinin 10,2%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 14,8%-i mövcud müəssisə və təş­kilatlarda, 0,3%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 74,7%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

 

Yeni iş yerlərinin 72,7%-i regionların, o cümlədən 20,3%-i Aran, 16,0%-i Gəncə-Qazax, 8,2%-i Abşeron, 7,6%-i Lənkəran, 4,5%-i Dağlıq Şirvan, 4,7%-i Şəki-Zaqatala, 4,1%-i Quba-Xaçmaz, 3,7%-i Yuxarı Qarabağ, 2,3%-i Naxçıvan, 1,3%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

 

Yanvar-iyun ayları ərzində 95,5%-i özəl sektorda açılmış yeni iş yerlərindən daimi iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən, 6,6%-i tikinti, 4,2%-i emal sənayesi, 3,0%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,5%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,5%-i əhaliyə səhiyyə və sosial  xidmətlərin göstərilməsi, 0,8%-i peşə, elmi və texniki fəaliyyət, 1,0%-i maliyyə və sığorta fəaliyyəti, 0,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.