Tərcümə ədəbiyyatı hələ də tənəzzül dövrünü yaşayır

21 Avqust 2013 17:22 (UTC+04:00)

Cəlil Cavanşir: "Aşağı qonarar alan tərcüməçinin işi keyfiyyətsiz olacaq"


Vüsal Nuru: "Son dövrlər təcümə olunan kitablara baxanda adamın dilə yazığı gəlir"


Son illərdə ölkəmizdə tərcümə ədəbiyyatının durumunun elə də qənaətbəxş olmadığına dair çoxsaylı fikirlər səslənməkdədir. Həqiqətən, bəzi ədəbi tərcümələrə diqqət yetirəndə səslənən fikirlərin heç əd əbəs olmadığını sezmək olar. Mövqe.az-a açıqlamasında məsələyə münasibəi bildirən nasir, tərcüməçi Baba Vəziroğlu qeyd edir: "Tərcümə əsərlərinin indi bərbad olmasının səbələri bir çoxdur. Ancaq əsas məsələ maddi stimulun yoxluğu, ya da, zəifliyindən irəli gəlir. Daha sonra isə ümumiyyətlə, ciddi ədəbiyyata marağın azalması bu prosesə təkanverici addımlardandır. İndi tərcümə olunan az-çox kitablar da bazara hesablanmış və bədii ədəbiyyata dəxli olmayan çap zir-zibilidir. Falçılığa, dini didaktikaya, seksə dair broşüralar, dedektiv-kriminal nağıllar və s. bu kimi boş-boş zir-zibillərlə hər yer doludur. Hamısı bir yerdə bir qara qəpiyə dəyməyən makulaturadır. Nəinki, A.Çexovun bir hekayəsinə, bir cümləsinə... "

Bir sıra bədii əsərləri Azərbaycan dilinə tərcümə edən yazıçı Cəlil Cavanşir isə qeyd edir: "Sovet dövründə tərcümə edilən əsərin qonararına ucuzvari avtomobil almaq, və ya SSRİ-nin ən lüks sanatoriyalarında aylarla istirahət etmək mümkün idi. Tərcüməçiyə verilən qonarar onu işləməyə, daha məsuliyyətli olmağa vadar edirdi. İndi bir əsərin tərcüməsindən alınan pul, həmin əsərin tərcümə prosesində tərcüməçinin çəkdiyi siqaretin, içdiyi qəhvənin pulu deyil. Təbii ki, aşağı qonarar alan tərcüməçinin işi keyfiyyətsiz olacaq. Eyni zamanda müxtəlif qrupların, həvəskarların etdiyi tərcümələr də keyfiyyət baxımından qanedici deyil. Ümumilikdə isə, mən tərcüməçiləri, az qonararla böyük-böyük kitabları Azərbaycan dilinə tərcümə edən insanları qəhrəman hesab edirəm. Tərcümələrin keyfiyyətinin yüksəlməsi, tərcüməçiyə verilən qonarardan asılıdır. Keyfiyyətli tərcümə tələb etmək oxucunun haqqıdır. Oxucunu tərcüməçinin maddi durumu yox, oxuduğu kitabın keyfiyyəti maraqlandırır. Ona görə də nəşriyyatlar tərcüməçilər üçün nəzərdə tutulan qonararın yüksəldilməsi haqqında ciddi düşünməlidir".

Yazıçı, Prezident təqaüdçüsü Vüsal Nuru isə məsələyə belə münasibət bildirir: "Bu gün tərcümə əsərlərinin yaxşı səviyyədə olumamasının səbəbi tərcüməçilərin peşəkar olmadığndan irəli gəlir. Əvvəl bu sahə inkişaf etdirilirdi, xüsusi tərcümə mərkəzləri var idi. Tərcümə olunan əsərlər redaktorların nəzarətindən keçirdi, onların rəyindən sonra çap olunurdu. Daha sonra münsiflər baxırdı. İndi isə belə şeylər yoxdu. Kim istəsə, bir kitab götürüb, ağlına gələn kimi çevirir və çap elətdirir".


Vüsal Nuru indiki tərçüməçilərə verilən qonararın kifayət qədər bəs etdiyini də bildirdi: "Onların tərcümə səviyyiləri nə qədərdir ki, qonorları da nə olsun. Hələ o tərcümələr pul verirlərsə, deməli, naşirlər çox səxavətlidir. Son dövrlər təcümə olunan kitablara baxanda adamın dilə yazığı gəlir. Bəzi adamlar elə bilir ki, tərcümə etmək çox asandır və götürüb çevirirlər. Ən böyük məsuliyyət bu işdə nəşriyatların üstünə düşür. Onlar çox vaxt tərcümə olunmuş materialla tanış olmurlar. Müəllifin tanınmış adı və kitabın rezonans doğuran adı onlar üçün kifayət edir. Əksər oxucu məşhur yazıçınn və kitabın adını görüb alır. Sonrası, yəni kitabı vərəqləyəndən sonra həmin yazıçının - bizim tərcüməçinin (?) sayəsində nə qədər "bezdarnıy" biri olduğunu anlayır. Bu tərcümə işlərinə əsasən Tərcümə Mərkəzi baxmalıdır. Afaq Məsudun yalnız adı var. Əsilndə, ortada tərcümə mərkəzinin rəhbəri olaraq heç bir fəaliyyəti yoxdu. Bu iş Afaq xanımın oturduğu bina kimi öz ömrünü yaşayıb bitirib. Ümumiyyətlə, Afaq xanım bu saat rəhbəri olduğu qurumda nə işlər görür, məlum deyil. Ortada nəzərə çarpacaq heç bir iş yoxdur. O, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəridir. Amma nə xeyri? Hası ədəbi əlaqələrlə məşğuldur, hansı kitablarımızın xarici dildə tərcüməsi üçün çapa göstərir? Əslində, elə onlar bu tərcümə sahəsini kor günə qoyublar. Nə işləri var, nə də işləməyə enerjiləri.... Sadəcə məkan tutub, yer bərkidiblər. Nəticə isə göz qabağındadı".