Maaş artımı işbazları yenidən hərəkətə gətirə bilər

21 Avqust 2013 19:14 (UTC+04:00)

Ruslan Atakişiyev: "Bunun qarşısı müvafiq şəkildə, yəni bazar iqtisadiyyatına uyğun şəkildə alınsa…"


Məlum olduğu kimi ölkə başçısının verdiyi sərəncama əsasən, növbəti aydan büdcədən maliyyələşən bəzi işçilərin  əmək haqqları artırılacaq. Adətən əmək haqqları artanda bu bazar iqtisadiyyatına da təsir göstərir. Belə ki, maaşların artırılmasına müvafiq olaraq, bazarlarda da qiymətlər ticarətçilər tərəfindən süni şəkildə artırılır. Növbəti ayda da bu hal təkrarlanacaqmı? Əmək haqlarının artırılmasının inflyasiyaya nə dərəcədə təsir göstərəcəyi barədə araşdırma apardıq.

 İqtisadçı-ekspert Ruslan Atakişiyev isə məsələ barədə Mövqe.az-a verdiyi açıqlamasında  deyib: "Növbəti ayda dövlət büdcə təşkilatlarında işləyənlərin maaşlarının silsilə şəkildə artırılması mütamədi olaraq həyata keçirilir. Bəzi hallarda, sadəcə olaraq, bunun mətbuatda geniş şəkildə araşdırılması, cəmiyyətə bildirilməsi çox vaxt müəyyən bazarlarda ona müvafiq olaraq qiymət artımına gətirib çıxarır. Amma, əslində bu artımlar, əksər hallada 25-50%  baş versə də, bundan istifadə edən bəzi işbazlar növbəti dövrdə bundan istifadə edərək bazarda qiymətləri artırırlar. Hesab edirik ki, geniş ictimaiyyətin bu qədər məlumatlandırılması ilə qiymət artımının həyata keçirilməsi bir sıra hallarda iş adamları və müəyyən ticarətçilər tərəfindən bazarda qiymət artımına meyillilik yaradır. Buna görə də,  qiymət artımının baş verməməsi üçün işçilərin stimullaşdırılması məqsədilə maaşlarının addım-addım  artırılması, həvəsləndiricilərin verilməsi, onların yüksək maaşla təmin olunmasının dövlət müəssisələrinin daxilində həyata keçirilməsi daha məqsədəuyğundur. Çünki, belə olduğu halda,  ictimaiyyətə geniş şəkildə məlumat verilməsə də,  bu həmin müəssisənin daxilində həyata keçirilir və bu da ticarətçilərin, iş adamlarının psixoloji olaraq qiymətin artırılmasına ehtiac duymaqlarına şərait yaratmır.. Amma, belə götürəndə, müəyyən ticarətçilərin, iş adamlarının psixoloji olaraq hər hansı bir elandan sonra qiymət artımına getməsi düzgün olan bir hal deyil. Amma bunun qarşısı müvafiq şəkildə, yəni bazar iqtisadiyyatına uyğun şəkildə alınsa, maaşların 25-50% artırılması inflyasiyaya heç bir təsir göstərməz".