Aureliya Qriqoriu: “Ermənilər məni ASALA terrorçuları ilə hədələyirlər”

22 Avqust 2013 12:04 (UTC+04:00)

"Təzyiqlər və qanunsuz hərəkətlər davam etsə, Azərbaycan hökumətinə müraciət edəcəyim istisna deyil"


Moldova ombudsmanı Aureliya Qriqoriuya qarşı ermənilər tərəfindən təzyiq və təhdidlər davam edir. Bu barədə  m'lumat  verən A. Qriqoriu bildirib ki, ermənilər bu dəfə onu ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) terror təşkilatının yaraqlıları ilə tanış edəcəkləri ilə hədələyiblər.

Ombudsman əlavə edib ki, təhdidlərdən əlavə onu və vəkilini izləməyə başlayıblar: "Eyni zamanda EDİTURA STATİSTİCA adlı dövlət qurumu mənim özəl vəkil büroma qarşı qanunsuz təzyiq kampaniyasına başlayıb, mənim ombudsman olduğum dövr ərzində həmin müəssisənin fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Həmin qurumun rəhbəri olan dövlət məmur atdıqları addımların mənim İrəvanda səsləndirdiyim fikirlərlə bağlı olduğunu gizlətmir. Həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı yazdığım müraciətlərə isə baxılmayıb. Bütün bu faktlar dövlət qurumlarının hüquqlarımı bərpa etmək niyyətində olmadığını göstərir".

Moldova baş prokurorunun təhdidlərlə bağlı məsələni araşdırmağa göstəriş verməsinə gəldikdə, A. Qriqoriu bildirib ki, bu insidentlə bağlı cinayət işinin başlaması barədə qərar qəbul olunmayıb: "Buna görə də dövlət tərəfindən təhlükəsizliyimin təmin edilməsi üçün formal əsaslar yoxdur. Baş prokuror Kişinyov bələdiyyə prokuroruna Rışkan komissarlığın müfəttişi Mixail Vasluyanın mənə və anama qarşı etdiyi hərəkətləri ilə bağlı verdiyim şikayətimi araşdırmağı tapşırıb. Prokurorluqdan yekun qərar olmasa da, məndə olan məlumata görə, Daxili İşlər Nazirliyi və bələdiyyə prokuroru tərəfindən yoxlamalar keçirilib və həmin müfəttiş artıq anamı narahat etmir".

A.Qriqoriyu həmçinin Azad Qarabağ Uğrunda Alyansın ona Azərbaycanda siyasi sığınacaq verilməsi ilə bağlı təklifinə də münasibət bildirib. O Azərbaycan xalqına verdiyi dəstəyə görə öz minnətdarlığını bildirib: "Mən çox ümid edirəm ki, buna ehtiyac qalmayacaq. Lakin polis, yerli idarəetmə orqanları və dövlət qurumları tərəfindən qeyri-adekvat hərəkətlər məni bu sual barədə düşünməyə vadar edib. Üstəlik müəyyən orqanlar tərəfindən mənə qarşı kompromat axtarmağa başlayıblar. Sual yaranır: bu, kimə və nə üçün lazımdır? Ona görə, son qərar hələlik qəbul etməmişəm. Amma təzyiqlər və mənə qarşı qanundan kənar hərəkətlər davam edərsə, Azərbaycan hökumətinə müvafiq müraciət edəcəyimi istisna etmirəm".(APA.AZ)