Orta məktəblərdə 16 şagirdə bir kompüter düşür

23 Avqust 2013 11:37 (UTC+04:00)

Son 8 ildə İKT sahəsində icra olunan dövlət proqramları çərçivəsində Azərbaycanda 4522 ümumtəhsil məktəbinin 83 faizi, 110 texniki peşə müəssisəsinin 84 faizi, 56 dövlət orta ixtisas təhsili müəssisəsinin və ali məktəblərin hamısı kompüter avadanlığı ilə təmin olunub. Bu barədə Movqe.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hazırda ümumtəhsil müəssisələrində V-XI siniflər üzrə 16 şagirdə, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompüter düşür.  

Məlumata görə, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması məqsədilə Məlumat və Resurs Mərkəzi yaradılıb, 1700 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə qoşulub. Eyni zamanda, xüsusi filtrasiya sistemi məktəblərə verilən internetin zərərli informasiyalardan təmizlənməsi kimi mühüm vəzifəni həyata keçirir. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə "1 şagird : 1 kompüter" layihəsinin sınaqdan keçirilməsi üçün bir sıra pilot məktəblər seçilib. Layihəyə 15 pilot məktəb (Bakıda 12 məktəb, Sumqayıtda 2 məktəb və Xaçmazda 1 məktəb) cəlb edilib. Bu məktəblərə, ümumilikdə 2000-dən çox  netbuk paylanılıb və məktəblərdə simsiz internetlə təmin edilib. Netbukların gündəlik dərslərə tətbiq edilməsi üçün onların paylanıldığı pilot siniflərdə dərs keçən müəllimlər xüsusi "1 şagird : 1 kompüter" tədris materialları əsasında təlimlərə cəlb olunublar. Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədi ilə "Elektron Məktəb" layihəsi 2008-ci ildən etibarən həyata keçirilir. Hazırda 50 təhsil müəssisəsi layihəyə cəlb edilib ki, onların da 43-ü orta ümumtəhsil məktəbləridir. "Elektron Məktəb" layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu vasitələrlə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elektron jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS vasitəsilə izləyə bilir.