Azərbaycanda işğal günlərinin qeyd edilməsi ilə bağlı yeni təkliflər hazırlanır

23 Avqust 2013 14:17 (UTC+04:00)

Əli Həsənov: "Dünya ictimaiyyəti mütəmadi məlumatlandırılmalıdır ki, beynəlxalq aləm erməni şovinizmi haqda bilgili olsun"

"Azərbaycan rayonlarının işğalı günlərində tədbirlərin keçirilmə metodologiyasını dəyişmək lazımdır. Belə günlərdə ermənilərin törətdiyi əməllərə qarşı böyük aksiyalar təşkil olunmalıdır." Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Həsənov deyib.


Ə.Həsənovun sözlərinə görə, işğal günlərində Ermənistanın separatçı-şovinist siyasətinə qarşı dünya miqyasında aksiyalara start verilməlidir: "Azərbaycan hökuməti tərəfindən də belə bir təklif hazırlayacağıq. Hesab edirəm ki, işğal günlərində Azərbaycanın xaricdəki səfirlikləri, diaspora nümayəndələri, Azərbaycan ictimaiyyəti bütün dünyaya səs salan təbliğat aparmalıdır. Dünya ictimaiyyəti mütəmadi məlumatlandırılmalıdır ki, beynəlxalq aləm erməni şovinizmi haqda bilgili olsun".


Əli Həsənov qeyd edib ki, işğal günlərinin bu şəkildə qeyd olunması daha düzgün, effektli və təsirli olar.


Qeyd edək ki, bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının erməni silahlıları tərəfindən işğalından 20 il ötür.