“Elektron hökumət”dən kənarda qalanlar…

23 Avqust 2013 16:09 (UTC+04:00)

Razılaşın ki, indi bəzi dövlət qurumlarına işimiz düşəndə onu ən son tarixə qədər təxirə salmağa çalışırıq. Bəzi dövlət idarə və təşkilatlarında olan bürokratik mühit, saysız-hesabsız get-gəllər vətəndaşları bu qurumlardan uzaq salır. Amma necə deyərlər, "örkən nə qədər uzun olsa da, yenə gəlib doğanaqdan keçir". Biz vətəndaşlar da işimizin nəhayət ki, bu qurumlardan keçəcəyini yadımıza salıb, dövlət məmurlarının süründürmələrinə, əsassız get-gəllərinə dözməli oluruq. Bu yazını yazarkə n yadıma elə özümün yerli icra qurumlarından birindən əl boyda kağız parçasını almaq üçün üzünü turşudan məmurun zəhmli sifətinə gülümsəməyim, yekəxana davranışına dözərək, kobud şəkildə səsləndirdiyi sualları mülayimcəsinə cavablandırmağım düşdü. Yəqin ki, öz təcrübəmdə qarşılaşdığım bu mənzərə çoxunuza yad deyil. Bəlkə də, elə əksəriyyətiniz yazını oxuyarkən dövlət qurumlarında dəfələrlə rastlaşdığınız bu xoş olmayan situasiyaları yadınıza salıb, qanınızı qaraltdınız. Amma "Həmin o Myunhauzen" filminin məşhurlaşmış ifadəsini yadınıza salıb "gülümsəyin cənablar, gülümsəyin!"

 

"Gülümsəyin cənablar, gülümsəyin!"

 

Çünki, 2013-2015-ci illərdə daha da genişləndirilməsi nəzərdə tutulan "Elketron-hökumət" layihəsi yaxın gələcəkdə bizlərin canını dövlət qurumlarının qapısına ayaq döyməkdən, məmurlarla canlı təmasdan xilas edəcək.  Azərbaycanda "Elektron hökumət"in qurulması işi tam başa çatdıqdan sonra inkişaf etmiş ölkələrdə oluğu kimi, biz də bir çox problemlərimizi ayrı-ayrı təşkilatlara ayaq dəymədən, kompyuter arxasına keçməklə, yaxudda, elə mobil telefonlaca həll edəcəyik. Xatırladaq ki,  E-hökumət" layihəsi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)" əsasən işlənib hazırlanıb və  "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihənin məqsədi dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərini təkmilləşdirmək, ictimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şəraitin yaradılması, eləcədə hökumət orqanları ilə əlaqələrin daha sadə formada elektron üsullarla həyata keçirilməsindən ibarətdir. Qısası, "e-hökumət" İKT-dən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ və maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə formasıdır. Bu layihənin müsbət tərəfi ondadır ki, yaradılmış yeni mexanizm həm hökumətin, həm vətəndaşın, həmçinin də biznes sektorunun xeyrinədir. Artıq ölkəmizdə "e-hökumət"layihəsi çərçivəsində xeyli işlər görülüb. Ötən ildən istifadəyə verilən elektron hökumət portalı (https://www.e-gov.az) artıq səmərə verməkdədir. Ölkəmizdə elektron imzanın tətbiqinə başlanılıb. 

 

https://www.e-gov.az-a daxilolmalar artır,amma...

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) məlumatına görə, artıq əhali "e-hökumət" (https://www.e-gov.az)  portalından faydalanmağa da başlayıb. Bu ilin iyul ayı üzrə aparılan monitorinqlər portala 25 094 nəfərin daxil olduğunu göstərir. Belə ki, ay ərzində bu istifadəçilər tərəfindən 37 478 dəfə daxilolma həyata keçirilib və 73964 dəfə elektron xidmətlərdən istifadə edilib. 2013-cü ilin 7 ayı ərzində isə portala daxil olanların sayı 176495 nəfər təşkil edib. Eyni zamanda daxilolmaların sayı 288 853, istifadə edilmiş xidmətlərin sayı isə 341 306 ədəd, səhifələrə baxış sayı 986 813 ədəd olub. Bu rəqəmlərin artan xətt üzrə inkişafı ölkə əhalisinin elektron hökumətin imkanlarından yararlanmaqda maraqlı olduğunu göstərir. Bəs elektron hökumətin imkanları necə, əhalinin tələbatına cavab verirmi? 

Elə bu suala cavab tapmaq üçün öncə hökumətin neçə elektronlaşdığını araşdırmağa çalışdıq. Əvvəlcə 43 qurumun "elektron hökumət" portalına inteqrasiya etdikləri xidmətlərin nə dərəcədə səmərəli və e-hökumət portalından istifadə edən vətəndaşların işinə yaradığını üzə çıxartmağa çalışdıq.

 

Elektron-hökumətin "şərəf" lövhəsi...

 

Elektron hökumət bulleteninin 8-ci sayının verdiyi məlumata görə, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş 43 dövlət qurumunun portala inteqrasiya edilməsi üçün 417 e-xidmət təsdiqlənib. Amma indiyədək bircə xidmətini belə e-hökumət portalına inteqrasiya etməkdə aciz qalan dövlət qurumları var. Bu siyahıya başçılığı Xarici İşlər Nazirliyi edir. Üz qaraldan siyahıda nə qədər təəccüblü olsa da Maliyyə Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin,Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin, Satınalmalar üzrə Dövlət Agentliyinin, Dövlət  Mülki Aviasiya Administrasiyasının da adı var. Sadaladığımız qurumlar elektron-hökumətə keçidin hələ də astanasında ilişib qalıblar. Adıçəkilən qurumların üz qaraldan işi isə, beləcə Azərbaycan hökumətinin elektronlaşmasını ləngidir. E-hökumət portalının 8-ci bülletenindəki məlumatlar təsdiqləyir ki, NK-nın müvafiq qərarı ilə təsdiqlənmiş 417 elekrton xidmətdən portala indiyədək 238-i yerləşdirilib. Halbuki, təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı 327-dir.  Maraqlıdır ki, təsdiq olunmuş e-xidmətlərdən bu qurumların öz saytlarında yerləşdirilənləri olsa belə, həmin elektron xidmətləri e-hökumət portalına inteqrasiya etməkdə hələdə gecikirlər.  Bəs görəsən bunun səbəbi nədədir? Elə bu sualı hələdə elektronlaşa bilməyən qurumların özlərinə ünvanladıq. Aldığımız cavab isə təxminən eyni oldu: "Elektron-hökumətə keçid üçün işlər görülür". Amma bu işlərin nəticəsindən, yəni elektron xidmətləri  e-hökumət portalında ölkə əhalisinin nə vaxt istifadə edəcəyini isə, söyləməkdə çətinlik çəkdilər. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyir ki, nazirliyin müvafiq xidmətlərinin "e-hökumət"portalına inteqrasiyası yaxın vaxtlarda gerçəkləşəcək. Onun sözlərinə görə, yaxın vaxtlarda nazirliyin adı hələ də e-hökumət portalına xidmətlərini inteqrasiya edə bilməyən qurumların siyahısından çıxacaq.  Mədəniyyət və Turizm Nazirliyinin də yaxın vaxtlarda xidmətlərini  e-hökumət portalına inteqrasiya etdirməsi gerçəkləşəcək. Nazirlikdən deyirlər ki, indiyədək qurumun elektron saytındakı xidmətləri e-hökumət portalına inteqrasiya etdirməkdə gecikməsinin səbəbi maliyyə ilə bağlıdır. Nazirliyin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov deyir ki, qurumların öz xidmətlərini e-hökumətə inteqrasiya etdirməsi maliyyə tələb edir. Şöbə müdiri deyir ki, maliyyə olmadan bu portala xidmətlərin inteqrasiyası ləngiyir: "Portala inteqrasiya üçün proqram işlənib hazırlanmalı, bunun üçün mütəxəssislər işə cəlb olunmalıdır". Şöbə müdiri digər səbəb kimi isə elektron xidmətlərin Ədliyyə Nazirliyi tərəfindən reqlamentinin təsdiq olunmasının, reyesterə salınmasının zaman apardığını əsas gətirir. Bununla belə Nazirlik rəsmisi yaxın vaxtlarda elektron saytlarında yerləşdirilən bütün xidmətlərin e-hökumət portalına inteqrasiya ediləcəyini söyləyir. E-hökumət portalına bircə xidmətlərini belə inteqrasiya etdirə bilməyən digər qurumlar da bu işi tezliklə görəcəklərinə vəd edirlər. Vəd öhdəliyin hələ yerinə yetirilməsi demək olmasa da, bəzi qurumlardan elektron hökumətə keçidlə bağlı aldığımız cavablarla müqayisdə təsəlli ola bilər. Məsələn, rayon icra hakimiyyətlərindən aldığımız cavablarla müyasisədə...

 

Rayon İcra Hakimiyyətləri yerində sayır

 

Belə ki, apardığımız araşdırma zamanı yerli icra hakimiyyətlərinin ümumiyyətlə yaxın vaxtlarda  e-hökumət portalına inteqrasiya etmək fikrində olmadıqları üzə çıxdı. Məlum oldu ki, e-hökumət portalına keçiddə ən çox "axsayan" yerli icra hakimiyyətləri orqanlarıdır. Gülünc səslənsə də, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH)  indiyədək bir xidmətini belə e-hökumət portalına inteqrasiya etdirə bilməyib. Bundan da acınacaqlısı isə Meriyada bircə nəfərin belə bu sistemə keçidin nə vaxt baş tutacağından bixəbər olmasıdır. BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nuranə Əliyeva Movqe.az-a açıqlamasında etiraf edib ki, təmsil olunduğu qurumun nə vaxt xidmətlərini e-hökumət portalına inteqrasiya etdirəcəyini bilmir. İstiqamətləndirdiyi Beynəlxalq Əlaqələr şöbəsinin Ramil adlı əməkdaşı da bu sualın cavabını bilmədiyini söylədi. BŞİH-nin bu yarıtmaz fəaliyyətindən nümunə götürən Bakı Şəhərinin Rayon İcra Hakimiyyətləri də, hələki xidmətlərinin e-hökumət portalına inteqrasiyası barədə  düşünmürlər. Məsələn, Xətai rayon İcra Hakimiyyətindən   Movqe.az-bildirdilər ki, hələki İcra Hakimiyyətinə  e-hökumətə keçidlə bağlı təlimat gəlməyib. Maraqlıdır ki, icra hakimiyyətinin elekton saytında elektron xidmətlər üçün ayrılmış bölmə boşdur. Elekron saytda qeyd olunmuş elektron müraciət bölməsində isə hansı müraciətlərin elektron formada edilməsinin mümkün olduğu göstərilməyib.

Sabuncu RİH-nin elektron saytında da elektron xidmətlər bölməsinə bircə xidmət belə əlavə edilməyib. İcra Hakimiyyətindən e-hökumət portalına inteqrasiya üçün iş aparıldığını söyləsələr də, hansı xidmətlərin bu portala intqerasiya ediləcəyi sualına cavab verə bilmədilər. Hələ öz elektron saytlarında elektron xidmətlər təklif etməkdə aciz qalan rayon İH-lərinin yaxın vaxtlarda e-hökumətin sıralarına qatılacaqlarını gözləmək yersizdir. 

 

Xalq e-xidmətləri gözləyir, RİH-lər isə təlimatı...  

 

 

Baxmayaraq ki, RİH-lərinin xidmətlərinin elektron hökumət portalına inteqrasiyası, əhalinin ən səbirsizliklə gözlədiyi xidmət sahələrindəndir. Həmsöhbət olduğumuz Mələk  Gülalıyeva deyir ki, yaşadığı rayonun İcra Hakimiyyətinə getməkdən ayaqlarının altı qаbаr olub. Amma indiyədək ev növbəsində adının neçənci olduğunu bilmir: "Mən istəyirəm ki, RİH-lər mənzil növbəsinə qeydiyyatı elektronlaşdırsınlar. Kimin adamı var onu siyahıda qabağa salırlar. Mənim kimiləri isə illərlə ev növbəsinin nəhayət ki, ona çatacağı günü gözləyir".

RİH-lərdə şəffaflığı təmin etmək üçün əhali əksər xidmətlərin e-hökumət portalına inteqrasiya etməsini istəyir. 8 aydır ki, yaşadığı Binəqədi rayonu  ərazisində uşağını qoymağa bağça tapmadığından şikayətlənən Günel Məmmədova isə deyir ki, hansı bağçanın qapısını döyürsə, ona "yer yoxdur" cavabını verirlər: "RİH-lərin bu xidməti də e-hökumət portalına inteqrasiya etsə əla olar. Yaxşı olar ki, BŞİH-nin Uşaq Evləri və Bağçalar İdarəsi bütün bağçalarda yerlərin, uşaqların sayı barədə məlumatları elektron formada hazırlayıb portala qoya. Bizdə, bağça üçün müraciəti elektron formada edib uşağımızı qoymağa hansı bağçada yer olduğunu öyrənə bilərdik". 

Sorğu apardığımız respondentlərin mütləq əksəriyyəti RİH-lərinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin bütün xidmətlərinin e-hökumət  portalına inteqrasiyasının tərəfdarı olduqlarını söylədilər. İcra Hakimiyyətlərindən isə deyirlər ki, e-hökumətə xidmətlərin inteqrasiyası üçün hələ təlimat gözləyirlər.

 

 

Bələdiyyələr hələ də, elektron-hökumətə bələd deyil

 

Apardığımız araşdırma göstərir ki, e-hökumətə keçiddə ləngiyən qurumların siyahısında rayon icra hakimiyyətləri ilə yanaşı yerli özünü idarəetmə orqanlarının-bələdiyyələrin də adı var. Hətta yerli özünü idarəetmə orqanlarını bu mənada ən pis nümunə hesab etmək olar. Bələdiyyələrin elektronlaşması hesabatlılıq, şəffaflıq və yerli özünü idarə etmədə ictimai iştirakçılığı təmin edəcək əsas şərtlərdən sayılsa da, bələdiyyələr arasında hələ elektron saytı belə olmayanlar var. Halbuki, elektronlaşma ilə bələdiyyələrin ön və arxa ofislərinini işinin təkmilləşməsi, səmərəliliyin artırılması və insan amilinini minimuma endirilməsi mümkündür. Amma reallıq göstərir ki, hazırda elektronlaşma həyatın bütün istiqamətlərini əhatə etsə də, bələdiyyələr bu prosesdən kənarda qalıblar. Binəqədi qəsəbə sakini Nuriyeva Esmira adlı həmsöhbətimiz deyir ki, bələdiyyələrdə sakinlərin yerli özünü idarəetmə orqanlarına ödədikləri əmlak vergisinin elektron sistemi yoxdur: "Gündə qapımızı döyüb əmlak vergisi istəyirlər. Əgər qəbzi itirsən bələdiyyədə elektron sistem yoxdur ki, gedib qəbzi yenidən çıxartdırasan. Bələdiyyələrin xidmətləri e-hökumət  portalına inteqrasiya etmədiyindən, elektron xidmətləri olmadığından, torpaq sahələrinin kadastr sənədini almaq üçün bu iki qurumun arasında qalırıq". 

Sakinlər həmçinin deyirlər ki, vətəndaşların rəy və şikayətlərini əhatə edən bələdiyyələrin elektron sənəd dövriyyəsi sistemi yaradılmaldır. Bələdiyyələr isə bu prosesə hazırlıq mərhələsində olduqlarını söyləyirlər. Suraxanı rayonun Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov deyir ki, bu istiqamətdə işlərə başlanılıb. Amma bələdiyyə sədri bələdiyyələrin nəhayət ki, elektron xidmətlərinin yaradılaraq e-hökumət portalına inteqrasiyasının nə vaxt mümkün olacağını söyləməkdə çətinlik çəkdi. Mövcud vəziyyət göstərir ki, yuxarıda adlarını sadaladığımız bu orqanların xidmətlərinin heç olmasa bir qismini yaxın vaxtlarda e-hökumət portalında görmək xülyadır. Odur ki, əhali hələki bu portala inteqrasiya etmiş xidmətlərlə kifayətlənməlidir. 

 

Yarımçıq inteqrasiya?

 

Amma apardığımı kiçik araşdırma üzə çıxartdı ki, e-hökumət portalına inteqrasiya edən xidmətlərin də heç də hamısı əhalinin işinə yaramır. Üstəlik bu qurumların təklif etdiyi e-xidmətlərin sayı çox azdır. Olanları isə elə xidmət sahələridir ki, ya vətəndaşlar çox nadir hallarda o xidmətlərə müraciət edir, yaxud da müraciət etsələr belə bu xidmətdən yararlana bilmirlər. 

Məsələn, götürək e-hökumət portalına inteqrasiya etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini. Hazırda bu Nazirliyin aşağıdakı xidmətləri e-hökumət portalına intqerasiya edib: 

İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyətı dövlət strukturuna məlumatların verilməsi

İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu

Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu

Məşğulluq orqanları vasitəsilə iş axtarışı

Müavinətlər üzrə axtarış

Tibbi sosial ekspertiza üzrə axtarış

Ünvanlı sosial yardım üzrə axtarış

Amma ƏƏSMN-nin portala inteqrasiya etdirdiyi bəzi xidmətlərin quruca adı var. NK-nın müvafiq qərarında göstərilir ki, ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu e-hokumət portalı vasitəsilə mümkün olmalıdır. Yəni bu xidmət portala inteqrasiya etməlidir. Amma nazirliyin portaldakı  Ünvanlı sosial yardım üzrə axtarış xidmətindən ancaq ünvanlı sosial yardım üçün müraciət edənlər faydalana bilər. Çünki nazirlik portala ünvanlı sosial yardım üçün müraciət edənlərin baza məlumatlarını inteqrasiya edib ki, bununla da ancaq ünvanlı sosial yardım almaq üçün müraciət edənlər öz PİN kodlarını daxil etməklə məlumat ala bilərlər. Halbuki ünvanlı sosial yardımların verilməsi vətəndaşların çoxsaylı şikayəti ilə müşahidə olunan xidmət sahələrindəndir. Ünvanlı sosial yardım almaq üçün ƏƏSMN-nin yerli Sosial Müdafiə Mərkəzlərinə müraciət edən vətəndaşlar süründürməçiliyə, əsassız get-gəllərə görə çox vaxt bu xidmətdən ehtiyacları olsa belə yararlana bilmirlər. Vətəndaşların giley-güzarı da göstərir ki, nazirlik piroitet sayılan xidməti, ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu xidmətini e-hökumət portalına inteqrasiya etdirməyib. Halbuki nazirliyin öz elektron saytında bu elektron xidmət var. Əhalinin həssas təbəqəsinin çoxsaylı narazılıq və şikayətləri ilə müşahidə olunan daha bir xidmət sahəsi əlilliyin müəyyən edilməsi xidmətidir. Bəllidir ki, bəzən iki gözü kor, bir ayağı şikəst olan insanın belə əlillik alması ona  həyatda əlilliyin verdiyi əzab-əziyyəti yaşamaqdan çətindir. Sirr deyil ki, əlillik dərəcəsi almaq üçün Tibbi Sosial Eksepert Komissiyalarının (TSEK) qapısında növbə gözləyən yüzlərlə fiziki qüsurlu insan var. Şikəst vəziyyətdə hər ayın 10-15 gününü əlillik almaq üçün TSEK-lərə gedib gələn bu insanlar illər sonra 3-cü qrup əllik dərəcəsini ancaq ala bilirlər. Odur ki, əlilliyin müəyyən edilməsi üçün müraciətin və sənədlərin qəbulu xidmətinin təxirə salınmadan e-hökumət portalına inteqrasiyası zəruridir. ƏƏSMN tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu xidmətlərinin  də e-hökumət portalına  inteqrasiyasını ləngidir. Nazirlik sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyatorı da e-hökumət portalına inteqrasiya etməyib. Apardığımız kiçik araşdırma göstərir ki, ƏƏSMN adını elektron-hökumət portalına inteqrasiya olunmayan dövlət qurumların siyahısından çıxartsa da, sosial baxımdan önəmli olan, daha çox narazılıq və şikayətlərlə müşahidə olunan xidmətlərin nədənsə e-hökumət portalına inteqrasiya etməsində maraqlı deyil. Nazirlikdən isə Movqe.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, ƏƏSMN tərəfindən göstərilən elektron xidmətlərin Elektron Hökumət portalına inteqrasiya olunması işləri davam etdirilir: "Bununla bağlı olaraq, Nazirliyin fəaliyyət sahələri üzrə əhaliyə xidmətlər zamanı müvafiq məlumatların əldə edilməsi üçün aidiyyatı dövlət orqanlarının elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi məqsədilə həmin orqanlara məktublar ünvanlanıb. Azərbaycan Respublikasının Daxili İşlər, Rabitə və İnformasiya Texnologiyaları, Ədliyyə  nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu ilə artıq razılıq əldə olunub. Digər dövlət orqanlarının elektron informasiya ehtiyatlarından istifadə olunması üçün müvafiq texniki işlər görülür".

Real vəziyyət göstəriri ki, elektron hökumət portalına inteqrasiyası vacib hesab edilən sosial yönümlü qurumların adlarını bu portalda tapmaq mümkün olsa da, xidmətlərinin əksəriyyətinə portalda rast gəlmək olmur. Məsələn, Dövlət Sosial Müdafiə Fondu bu günədək Sığortaedənin (hüquqivə fiziki şəxs) və sığortaolunanın onlayn uçota alınması, bankda və ya digər kredit təşkilatında hesabın açılması üçün sığortaedənə şəhadətnamənin verilməsi ilə bağlı müraciətin eləcədə  sənədlərin qəbulu, məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi, əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısının təqdim edilməsi, hamiləliyə və doğuma  görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi,uşağın anadan olmasına  görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətlərin və sənədlərin qəbulunu və sair xidmətləri elektron-hökumət portalına inteqrasiya etdirməyib. Maraqlıdır ki, DSMF-nin elektron saytında bu elektron xidmətlər mövcuddur.

Vergilər Nazirliyinin e-hökumət portalına inteqrasiya edən xidmətlərinin də sayı, öz elektron saytındakı elektron xidmətlərdən dəfələrlə azdır.  Elektron bəyannamənin qəbulu, fərdi sahibkarların onlayn qeydiyyatı,fiziki və hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası, fiziki və hüquqi şəxsin fəaliyyətinin, hüquqi şəxsin filialının,nümayəndəliyinin fəaliyyətinin onlayn dayandırılması kimi,eləcə də cağrı mərkəzlərinin xidmətlərinin elektron variantı nazirliyin elektron saytında yerləşdirilib. Amma bu xidmətlərin hələki elektron hökumət portalında tapmaq mümkün deyil. Elektron –hökumət portalına xidmətlərin inteqrasiyası prosesində geridə qalan qurumlardan biri də Təhsil Nazirliyidir. NK-nin Təhsil Nazirliyi üçün təsdiq etdiyi elektron xidmətlər arasında təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu kimi vacib xidmətlər olsa da, hələki bu xidmətlərin heç birinə e-hökumət portalında rast gəlmək mümkün deyil. İnkişaf etmiş ölkələrdə 1-ci sinfə qəbul, arayış formaları təhsil müəssisələrinə, Təhsil Nazirliyinə elektron formada göndərilsə də, bizim regionlardakı orta ümumtəhsil müəssisələrinin, elə paytaxtın ucqar sayılan qəsəbəsindəki məktəblərdə işləyən müəllimlərimiz bir arayışı Nazirliyə gətirmək üçün uzun məsafəni qət etmək məcburiyyətində qalırlar. Təhsil Nazirliyinin zəruri xidmətlərini eletronlaşdırması bəzən valideynlərlə məktəb direktorları arasında narazılıqların yaranmasına, rüşvət ittihamlarına belə gətirib çıxardır. Ölkəmizdə elektron xidmətlərin tətbiqinə başlanılmasından xeyli zaman keçsə də, hələ bu günədək 1-ci sinfə qəbulu elektronlaşdırmaq mümkün olmayıb. Amma yuxarıda adlarını çəkdiyimiz qurumlar yaxın gələcəkdə bu xidmətlərin e-hökumət portalında vətəndaşların istifadəsinə veriləcəyini vəd edirlər. Elektron-hökumətin sıralarında  Daxili İşlər Nazirliyi də var. Amma nazirliyin  e-hökumət portalında cəmi-cümlətani iki xidməti vətəndaşların ixtiyarına verilib. Halbuki NK-nın təsdiqlədiyi qərarla DİN-nin 24 xidməti e-hökumət portalına inteqrasiya etməlidir. Bunların arasında vacib hesab olunan  sürücülük vəsiqəsinin, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, vətəndaşların şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportlarının dəyişdirilməsi üçün müraciətlərin və sənədlərin qəbulu kimi aktual xidmətlər var. Vətəndaşlar da DİN-nin müvafiq idarələrinin tabeliyinə verilən bu xidmətlərinin elektronlaşmasının tərəfdarıdırlar. Tahir Məmmədov adlı sürücü deyir ki, hər il  avtomobilini texniki baxışdan keçirmək üçün aidiyyatı instansiyanın qarşısında növbə gözləyir. Sürücü deyir ki, avtomobilini texniki baxışdan keçirmək istəyənlər müəyyən çətinliklərlə qarşılaşdıqlarından bəzən rüşvət belə vermək məcburiyyətində qalırlar. Odur ki, vətəndaşlar DİN-nin Yol Polisi İdarələrinin səlahiyyətində olan xidmətlərin e-hökumət portalına daha tez inteqrasiyasının tərəfindədirlər.  DİN-nin mətbuat Xidmətindən isə Movqe.az-a bildirdilər ki, NK-nın təsdiqlədiyi elektron xidmətlərin Elektron hökumət portalına inteqrasiyası istiqamətində işlər aparılır. 

 

Məhkəmələr də gecikir...

 

Atalar "adamın işi bir həkimə, bir  də hakimə düşməsin" desələr də, təbii ki heç birimiz məhkəmə instansiyalarının qapısını döyəcəyimizdən sığortalanmamışıq. Odur ki, məhkəmə və prokurorluq orqanlarının xidmətindən yararlanan əhalinin də işi asanlaşdırılmalıdır. Bu gün məhkəmənin qərarlarını almaq üçün vətəndaş mütləq həmin məhkəmə instansiyasına getməlidir. Məhkəməyə gedən ərizə və vəsadətlər də şəxsən vətəndaş tərəfindən çatdırılır. Mövcud vəziyyət göstərir ki, tezliklə bu sistemin də kağız variantlarının elektrin daşıyıcılara köçürülməsi vacibdir. Amma etiraf etmək lazımdır ki, bu gün məhkəmələrdə  vətəndaşlara elektron xidmətlərin səviyyəsi aşağı səviyyədədir. Bəzi məhkəmələrin elektron saytlarında elektron xidmətlər olsa da, bu xidmətlərdən məhkəmələrə müraciət etmək istəyən vətəndaş yararlana bilmir. Yalnız bir-iki məhkəmənin elektron saytı vasitəsilə keçiriləcək məhkəmələrin vaxtını izləmək mümkündür. Həmsöhbət olduğumuz vəkil Zülfiyyə Bayramova deyir ki, vətəndaşlar məhəmənin qərarını almaq üçün saatlarla vaxt itirib məhkəmənin qarşısında gözləyirlər: "Halbuki, onlar elektron yolla cox rahat şəkildə məhkəmənin qərar və qətnamələrini ala bilərlər. Vətəndaşlar məhkəmələrə ərizə və digər sənədləri də vermək üçün vaxt itirirlər. Bunları da elektron şəkildə göndərmək mümkündür. Amma məhkəmə instansiyalarının xidmətlərinin elektronlaşmaması vətəndaşları əl boyda kağız üçün məhkəmələrin qapısına qədər getməyə məcbur edir. Biz ərizə və vəsadətləri ən yaxşı halda poçtla göndəririk. Elə sənədlər ola bilər ki, məhkəmələr həmin ərizə formasını tərtib edib elektron formada portala yerləşdirməklə vətəndaşlara yardımçı ola bilərlər".

Hüquqşunas prokurorluq orqanlarının da istintaq sirri istisna olmaqla e-hökumət portalına qoşulmasının vacib olduğunu söyləyir. Onun sözlərinə görə,  hüquq mühafizə orqanlarına edilən şikayətlərin hansı müstəntiqin araşdırdığını öyrənmək üçün vətəndaşlar kabinetləri bir-bir gəzməli olurlar. Hüquq mühafizə orqanları, rayon Polis İdarələri e-hökumət portalına qoşulsa şikayətin, məktubun nömrəsi ilə işin hansı müstəntiqə verildiyini və sair məlumatları elektron şəkildə əldə etmək olar". 

Ədliyyə nazirliyindən isə bildirirlər ki, ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı 17 elektron xidmət növündən əksəriyyəti artıq istifadəyə verilib: "Eyni zamanda, Məhkəmə-Hüquq Şurası ilə birgə məhkəmələr tərəfindən elektron xidmətlərin göstərilməsi işində mobil operatorların və internet resurslarının imkanlarından geniş istifadəsi üzrə tədbirlər görülmüş, məhkəmə prosesi tərəflərinə SMS vasitəsilə bildirişlərin göndərilməsi təcrübəsi pilot layihə qaydasında Bakı şəhəri Yasamal və Binəqədi rayon məhkəmələrində tətbiq olunur".

 

e-hökumətə keçiddə örnək sayılacaq qurumlar da var

 

E-hökumət portalına xidmətlərinin inteqrasiyasını yarımçıq həyata keçirən nazirlik və təşkilatlar olsa da, bu işdə fəaliyyətinə  "bərəkallah" düşən dövlət qurumları da var. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi e-hökumətə keçiddə digər dövlət qurumlarına örnək sayıla bilər.  Amma mövcud vəziyyət göstərir ki,adları elektron hökumətə keçiddə "qara" siyahıya düşən qurumlar nədənsə bu təşkilatlardan nümunə götürmək istəmirlər. 

 

ənənəvi bəhanə...

 

MHM-in direktoru Nail Mərdanov da hesab edir ki, hazırkı dövrdə "Elektron hökumət" portalının fəaliyyətinin daha da aktivləşdirilməsi üçün zəmin yaranıb: "Portal bir vasitə, bir platformadır, artıq onun mövcudluğu populyarlaşmaqda və tanınmaqdadır. Bu fonda xidmət təminatçılarımızın daha praktik elektron xidmətlər təqdim etmələri və mövcud xidmətlərin portala inteqrasiya olunmalarını sürətləndirməyin əsl vaxtıdır".

N. Mərdanov e-hökumət portalına öz xidmətlərini inteqrasiya etməkdə ləngiyən dövlət strukturlarının əsas kimi maliyyə və sair problemləri göstərməsini bəhanə adlandırır. N. Mərdanov deyir ki, dövlət qurumlarının istəyi olsa direktoru olduğu quum belə onlara bu işdə yardımçı olmağa hazırdır: "Elə qurumlar var ki, özləri bizə müraciət edib onlara proqram təminatında köməklik göstərilib. Mənim fikrimcə, qurumların öz xidmətlərini e-hökumət portalına inteqrasiya etdirməsi üçün lazım olan başlıca amil onların bunu istəməsidir. Axı elə qurumlar var ki, öz elektron saytlarındakı hazır elektron xidmətlərini belə portala inteqrasiya etdirmirlər. Buna ki, elə böyük məbləğdə maliyyə tələb olunmur". 

 

"Bəzi qurumların İT departamentləri, İKT ilə bağlı kadrları yoxdur"

 

 

"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də  hələdə əksər dövlət qurumlarının E-hökumətə keçidində ləngimə olduğunu təsdiqləyir. Onun sözlərinə görə, son bir ildə e-hökumətə keçid istiqamətində xeyli irəliləyiş olsa da, e-hökumətə keçid prosesindən tam razı qalmaq olmaz: "Hazırda elektron xidmətlərdən istifadə ilə bağlı ikili vəziyyət yaranıb. Bəzi xidmətlər qurumların elektron saytlarında var, amma elektron hökumət portalında yoxdur. Bu isə portalın oturuşmmasını ləngidir. E-xidmətlərdən bir pəncərə sistemi ilə istifadəni mümkünsüz edir. İkinci çatışmazlıq dövlət qurumlarındadır ki, hələ də bəzi qurumların İT departamentləri, İKT ilə bağlı kadrları yoxdur. Bələ qurumlardan yaxın vaxtlarda e-hökumətin sıralarına qoşulmağı gözləmək, xülyadır. Çünki, hələdə bəzi qurumlar öz elektron saytlarında belə düz-əməlli elektron xidmətlər göstərə bilmirlər".

 

"e-hökumət"in hədəfi- vahid informasiya fəzası...

 

Qeyd edək ki, Azərbaycanda elektron hökumətin qurulub başa çatmasına bəzi səbəblər maneə olsa da, dövlətin hökumətin elektronlaşmasından böyük gözləntiləri var. 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı da bu işə xüsusi qayğının göstəriləcəyindən xəbər verir. Beləki bu proqram vasitəsilə  "elektron hökumət"in inkişafına və dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə şərait yaradan normativ hüquqi baza formalaşdırılacaq. Dövlət orqanlarının informasiya ehtiyatlarının elektron formaya keçirilməsinin sürətləndirilməsi təmin ediləcək. Bir sözlə,  Azərbaycanda hökumətin elektronlaşması vasitəsilə vahid informasiya fəzası formalaşdırılacaq. İndi dövlət qurumlarının üzərinə düşən iş bu fəzada yer tutmaqdır.                 Zülfiyyə Quluyeva