Qızıl medal alanlar arasında 140 bal toplayanlarda varmış
24 Avqust 2013 11:08 (UTC+04:00)
İki dövlət qurumu - Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası arasındakı fikir ayrılıqlarına biri də əlavə olunub. Bu
dəfə problemə səbəb qızıl medalçıların bir çoxunun ali məktəblərə
qəbul imtahanlarında özünü doğrultmaması olub. Dövlət Komissiyası
məktəbi qızıl medalla başa vuranlar arasında aşağı nəticə
göstərənlərlə bağlı araşdırmalara başlayır. Movqe.az ANS-ə
istinadən xəbər verir ki, Qəbul Komissiyası, Təhsil Nazirliyinin
238 nəfərə verdiyi qızıl medalın bəzisini şübhə altına alır.
Komissiyanın sədri Məleykə Abbaszadə qızıl medalla təltif olunan
məzunların bəzilərinin qəbul imtahanlarında çox aşağı nəticə
göstərdiyini açıqlayıb: "Məzunlar arasında 443, 340, 543 yığanlar
var.600-dən yuxarı bal toplayanlar da var, amma 320, 226, hətta 140
bal toplayan bir abituriyent də var ki, biz bunları artıq Təhsil
Nazirliyinə təqdim etmişik".
Komissiya sədri qızıl medal alan, lakin qəbul imtahanında aşağı
nəticə göstərən abituriyentlərin nəticələrini Təhsil Nazirliyi ilə
birlikdə araşdıracağını açıqlayıb.Qeyd edək ki, qızıl medal
alanların qəbul imtahanlarında aşağı nəticə göstərməsi məsələsinə
isə Təhsil Nazirliyi hələlik mövqe bildirməyib.Xatırladırıq ki, Təhsil Nazirliyində baş verən "qızıl medal"
rüsvayçılığı ilə bağlı bir neçə dəfə yazılar dərc edilib. Sosial
şəbəkələrdə geniş müzakirələrə səbəb olan həmin yazılarda qəbul
imtahanı zamanı 473 bal toplayan Qədirli Fəridin müəmmalı şəkildə
"qızıl" medal alması haqqında söhbət gedirdi. Bildirilirdi ki,
Fəridin atası Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov,
anası isə məzunu olduğu 164 saylı məktəbin direktoru Kəmalə
Qədirovadır. Bununla belə, ehtimal olunurdu ki, onun qızıl medal
almasında valideynlərinin müstəsna "rolu" olub. Həmişə cəmiyyətə
açıq olan TQDK "medalçılar" barədə öz sözünü dedi. İndi qalır,
Təhsil Nazirliyinin məsələyə münasibəti...