Xəzərin bioresursu üzərində böyüyən təhlükə

24 Avqust 2013 12:10 (UTC+04:00)

Dünyadakı nərə balıq ehtiyatlarının ən böyük hissəsinə malik olan Xəzər dənizində bu növün sayında azalmalar hökm sürməkdədir. Mütəxəssislərin sözlərinə görə, nərə cinsində olan balıqların azalmasına əsasən antropogen amillər təsir edir. Antropogen amillərlə yanaşı onun sayının azalmasına təsir edən amillərdən biri də qidasının azalmasıdır.

Hansı ki, Xəzər dənizinə yeni daxil olduğu bildirilən daraqvari meduza nərə cinsinin qidasının azalmasına çox böyük təsiri var. Amma bununla yanaşı, Xəzəryanı ölkələrin hamısında balıqartırma zavodları fəaliyyətdədir. Misal olaraq, ölkəmizdə 4 belə zavod fəaliyyət göstərir. Elə sonuncu dəfə Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 1 006,1 min manat sərf olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur. Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 230,4 milyon ədəd balıq körpələrinin 221 milyon ədədi çəkikimilərin, 5,5 milyon ədədi bitki ilə qidalanan balıqların, 3,8 milyon ədədi nərəkimilərin, 0,1 milyon ədədi isə qızıl balıqların payına düşdüyü qeyd olunur.

Zoologiya İnstitutunun İxtiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Xəzər dənizində nərə balıqlarının azalmasına təbii amillərdən çox, antropogen amillər təsir edir: "Neftin çıxarılması, çaylar üzərində bəndlərin, su anbarlarının tikilməsi onları kürütökmə yerlərindən məhrum edir. Ona görə də dövlət bir çox şəhərlərdə nərə balıqlarına dəymiş zərəri aradan qaldırmaq üçün zavodlar tikib. Həmin zavodlar vasitəsi ilə nərə balığını süni sürətdə artırıb Xəzərə buraxırlar. Bundan başqa, neft ilə çirklənmə və qanunsuz balıq ovu da nərə cinsinin azalmasına səbəb olur. Artıq onlardan bir növü - qaya balığı Azərbaycanın Qırmızı Kitabına daxil edilib".

Namiq Mustafayev qeyd etdi ki, Xəzərdə nərənin azalmasının digər bioresurslara təsiri olmur: "Əksinə, digər bioresursların azalması nərə balığına təsir edir. Onlar qida zəncirində axırıncı pillədə durdurqlarına görə onlarla başqa canlılar qidalana bilmir. Körpələri ilə qidalansalar da, iri fərdləri ilə qidalana bilmirlər. Məsələn, kilkə balıqlarını nərə cinsinin qida obyektidir. 1990 - cı ildən sonra kilkənin miqdarında azalmalar olmuşdu. Amma sonradan öz yerini tuta bildi. Yəni, kilkələrin azalması onların azalmasına təsir edir".

İnstitutunun elmi işçisi onu da bildirdi ki, Xəzəryanı ölkələrdən nərə balığına ən çox hansı ölkənin ziyan vurmasını demək çətindir: "Amma onların süni surətdə artırılmasına görə Xəzəryanı ölkələr içərisində birinci yerdə İran durur. Elə nərə balığının ovlanması üçün də ən böyük kvota - 40%-dən yuxarı İrana verilib".

Balıqçılıq təsərrüfatı İnstitunun direktor müavini Tariyel Məmmədli də bildirdi ki, Xəzərdə nərə balığının azalmasına ən çox antropogen amillər təsir edir: "Burada ən az təsir Türkmənistan tərəfindən olur. Çünki, Türkmənistanda şirin sulu çaylar yoxdur. İlk təsir su elektrik stansiyalarının, bəndlərin, hidrotexniki qurğuların tikilməsindən oldu. Bunlar balıqları təbii artım yerindən məhrum etdi. Bu, həmçinin qızıl balığı da birdəfəlik yox etdi. Bundan başqa, Xəzərdə 1962-ci ilə qədər açıq dənizdə sənaye üsulu ilə nərə cinsli balıqları ovlayırdılar. Üçüncü səbəb, Xəzərdə neft sənayesinin inkişafı ilə bağlı oldu. Digər səbəb, məişət tullantı sularının təmizlənmədən Xəzərə axıdılması idi. Beşinci səbəb, kənd təsərrüfatında istifadə olunan gübrələrin normadan artıq olması və onların açıq havada qalması oldu. Ən nəhayət qanunsuz balıq ovudur. Amma bunun qarşısını almaq üçün balıqartırma zavodları tikilib. Eyni zamanda Sovet İttifaqı dağılana qədər Xəzərdə balıq ehtiyatlarının artırılması, qorunması istiqamətində ümumi bir siyasət var idi. Sovet İttifaqı dağılandan sonra isə Xəzərdə ümumi bir siyasət olmadı. Bu da Xəzərin hüquqi statsunun qəbulundan asılı idi. Bununla da qanunsuz balıq ovunda miqyas çox böyüdü".

Direktor müavini bildirdi ki, nərə balığının azalması digər bioresurslara təsiri olmur: "Çünki, onunla qidalanan yoxdur. Ancaq 1990 - cı ildə Xəzərə Qara və Azov dənizindən daraqvari meduza adlanan yabanı bir canlı düşüb. Bu gün onun mütləq kütləsi Xəzərdə olan bütün canlıların mütləq kütləsindən çoxdur. Bununla da bütün zooplanktonu, xüsusi ilə də kilkəni məhv etdi. Kilkə isə nərə balıqlarının əsas qidası hesab edilir. Yəni, Xəzər dənizi antropogen amillərlə yükləndi və mübarizə də zəif oldu ki, nərə cinsli balıqlar sənaye əhəmiyyətini tam itirdi. İndi yalnız elmi tədqiqat işləri üçün az tapmaq mümkündür".