ABŞ Milli Təhlükəsizlik Agentliyi BMT-ni dinləyib
26 Avqust 2013 12:40 (UTC+04:00)
ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) BMT-nin
dinlənilməsi ilə məşğul olub. "Der Spiegel" jurnalının məlumatına
görə, MTA ABŞ-ın 80 ölkədəki diplomatik nümayəndəliklərində də
dinləmə mərkəzləri qurub. ANS PRESS Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, adıcəkilən
jurnalın məlumatına əsasən, MTA BMT-nin Nyu-Yorkda yerləşən
mənzil-qərargahının dinlənilməsi ilə məşğul olub.
Xüsusi xidmət orqanı 2012-ci ilin yayında mühafizə
kodunu sındıraraq təşkilatın video-konfrans sisteminə qoşulmağa
nail ola bilib. Almaniya jurnalı bu məlumatları yayarkən əlindəki
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenin
məxfi sənədlərinə istinad edir.
3 həftə ərzində MTA mütəxəssisləri BMT-də
keçirilən 458 video-konfransın kodunu açmağa müvəffəq olublar.
Dinləmə zamanı ABŞ xüsusi xidmət orqanı müəyyən edib ki, BMT-də
casusluqla Çinin müvafiq xüsusi xidmət orqanları da məşğul olur.
Dinləmələr qanunsuz olub, çünki BMT ilə indiyədək qüvvədə olan
razılaşma Birləşmiş Ştatlara beynəlxalq təşkilatla bağlı hər hansı
məxfi aksiyaları keçirməyi qadağan edir.
"Der Spiegel" qeyd edir ki, bundan başqa, ABŞ-ın
xarici ölkələrdəki 80-dən çox səfirlik və konsulluğunda yerli
hakimiyyət orqanlarının icazəsi olmadan "SpecialCollectionService"
adlı dinləmə mərkəzləri fəaliyyət göstərir. Xüsusilə bu mərkəzlərin
Frankfurtda və Vyanada olması vurğulanır. Amerikalılar bu
proqramları tam məxfi saxlayır, çünki bununla bağlı informasiyanın
yayılması ABŞ və mərkəzlərin fəaliyyət göstərdiyi ölkələr arasında
münasibətlərə çox mənfi təsir göstərə bilər.