AMİP prezident seçkilərində iştirak etməyəcək

26 Avqust 2013 13:45 (UTC+04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirak etməyəcək. Bu barədə APA-ya AMİP-in baş katibi Arzuxan Əlizadə məlumat verib.

 

A. Əlizadə bildirib ki, prezident seçkilərə qədər AMİP-in qurultayı çağırılmayacaq. Qurultayın yalnız seçkilərdən sonra keçirilməsi nəzərdə tutulur: "Bu ərəfədə qurultayın çağırılmasına ehtiyac yoxdur. Çünki partiyanın Siyasi Şurasında aparılan müzakirələrin nəticəsi kimi, AMİP-in seçkilərdə öz namizədi iştirak etməməsi barədə qərar qəbul olunub: "Hazırda seçkilərdə partiyanın hansı formada iştirakı ilə bağlı məsələni qətiləşdirmək üçün, Siyasi Şura Mərkəzi Şuranın çağırılmasını məqsədəuyğun hesab edib. Mərkəzi Şuranın yaxın günlərdə çağırılması nəzərdə tutulur".

 

Partiya funksioneri qeyd edib ki, namizəd olmasa da, AMİP-in prezident seçkilərində iştirakı birmənalıdır: "Partiyanın seçkilərdə hansı formada iştirakı, Milli Şuranın namizədini dəstəkləyib-dəstəkləməyəcəyi barədə qərarı Mərkəzi Şura verəcək".