Kəmaləddin Heydərov Qazaxıstan səfirini qəbul edib

26 Avqust 2013 13:54 (UTC+04:00)

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qazaxıstanın Azərbaycana təyin olunmuş yeni səfiri Amangeldi Jumabayevi qəbul edib.


Mövqe.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazir, ilk növbədə, cənab Jumabayevi Azərbaycanda diplomatik fəaliyyətə başlanması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı nazir qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Nazir, həmçinin, hər iki ölkənin fövqəladə hallar nazirlikləri arasında mövcud əməkdaşlıq əlaqələrindən razılığını ifadə edib.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və gələcəkdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.