LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

26 Avqust 2013 21:38 (UTC+04:00)

Zəngin təbiətə malik Azərbaycan regionları bu gün həm də böyük iqtisadi potensialları və onlardan səmərəli istifadə nəticəsində sürətli inkişaf yolundadır. Təbii ki, bunu şərtləndirən əsas səbəblərdən biri məqsədyönlü dövlət siyasəti və regionların inkişafı məqsədilə həyata keçirilən müvafiq dövlət proqramlarıdır. Qeyd olunanların real nümunələrindən biri qismində Astara rayonu çıxış edir. 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları da bunun əyani təzahürüdür.

Xatırladaq ki, Prezident İlham Əliyevin "Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" imzaladığı 15 iyul 2013-cü il tarixli Sərəncamı rayon sakinləri tərəfindən də böyük məmnunluqla qarşılanıb. Bu sərəncamla 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının asfaltlaşdırılması üçün 3,3 milyon manat vəsait ayrılıb. Son altı ayda rayonda abadlıq və quruculuq işləri geniş vüsət alıb. Heydər Əliyev prospektinin girişində genişləndirmə işləri aparılıb, yolun hər iki tərəfində yeni hasarlar hörülüb, 8500 kvadratmetr travertin materialından üzlüklər çəkilib. Şəhər 1 saylı tam orta məktəbin qarşısında genişləndirmə işləri aparılıb, yeni dizaynda bağ salınıb. Astara Uşaq Musiqi məktəbinin dam örtüyü dəyişdirilib, fasadı yenidən işlənib. S.Vurğun küçəsində 2, Z.Bunyadov küçəsində 3 ictimai yaşayış binasının dam örtüyü tam dəyişdirilib, Azərbaycan küçəsində 4 ictimai binanın fasadı yenidən qurulub. Nizami və Qum küçəsindəki hasarlar yenidən hörülüb, üzlüklər çəkilib, Bayraq meydanının ətrafında geniş abadlıq işləri aparılıb. Şəhərin küçə və meydanlarının işıqlandırılmasını daha da yaxşılaşdırmaq məqsədilə Heydər Əliyev prospektində elektrik dirəkləri yenisi ilə əvəz edilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Rayon Mərkəzi xəstəxanasının poliklinika şöbəsinin əsaslı təmiri davam etdirilir. Ərazidə yeni park salınıb, geniş abadlıq işləri görülüb. Şəhərin mərkəzində 9 mərtəbəli və sərhədçilər üçün 6 mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir. Tikinti-quruculuq, abadlıq işləri qəsəbə və kəndlərdə də sürətlə davam etdirilir. Dövlət Proqramının icrası ilə əlaqədar Telman, Sağlazüzə və Motlayataq kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilib. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq Astara rayonunda yeni məktəblərin inşası uğurla davam etdirilir.

Hazırda rayonda doqquz təhsil müəssisəsi - Şüvü kənd tam orta məktəbi üçün 480, Siyəkü, Vaqo və Hamuşam kənd tam orta məktəbləri üçün 360, Suparibağ və Əsxənəkəran kənd tam orta məktəbləri üçün 220, Rüdəkənar kənd ümumi orta məktəbi üçün 180, Amboba və Əzərud kənd ibtidai məktəbləri üçün 80 şagird yerlik yeni məktəb binaları tikilir. Yeni təhsil müəssisələrindən beşi - Şüvi, Siyəkü, Əsxənəkəran, Rüdəkənar və Suparibağ məktəblərinin binaları yeni tədris ilində müəllim və şagirdlərin ixtiyarına veriləcək. Dövlət Proqramlarının icrası nəticəsində Astara rayonunda 24 yeni məktəb binası tikilib, 13 təhsil ocağı və 1 məktəbəqədər tərbiyə müəssisəsi əsaslı təmir edilib.

Kijəbə qəsəbəsində Heydər Əliyev Parkı tikilib istifadəyə verilib, orada ulu öndərin büstü qoyulub. Lovayın su anbarının əsaslı təmiri, və Ərçivan qəsəbəsində boks idman kompleksinin tikintisi və yeni parkın salınması davam etdirilir. Ərçivan qəsəbəsində 1 km, Pensər kəndində 1,4 km, Şiyəkəran kəndində 1,6 km kənd ara yollarına asfalt döşənib. Rayon icra hakimiyyətinin dəstəyi ilə Hamoşam, Asxanakəran və Pəlikəş ərazi nümayəndəliklərinə və Ojəkəran-Pəlikəş-Şəvqo kəndləri istiqamətində gedən yolların təmiri başa çatdırılıb. Doli kəndinə elektrik enerjisi verilməsi təmin edilib.

Rayonda qaz xətlərinin yenidən qurulması və əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 2013-cü ilin birinci yarısında evlərə yeni qaz xətti çəkilib, təmir-bərpa işləri aparılıb. Şuvi, Sərək və Vəznəş kəndlərində təbii qazın verilməsi təmin edilib, Şahağac, Telman, Səlivə və Deqədi kəndlərində təbii qazın çəkilişi davam etdirilir. Siyaku kəndindəki yarımstansiyadan Şahağac kəndinə gedən qaz kəməri polietilen borusu ilə əvəz edilib. Təngərüd, Pensər, Bala.Şahağacı və Kakalos kəndlərinin ərazisində yeni yaşayış məntəqələrinə qaz xəttinin çəkilişinə başlanıb.

Astara Elektrik Şəbəkəsi tərəfindən transformatorlar təmir edilib, köhnə dirək yenisi ilə əvəz olunub, hava xətlərində xeyli naqil və SİP kabellər yenisi ilə əvəz edilib. Şəhər əhalisini narahat edən əsas məsələlərdən biri olan içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasına yaxın günlərdə başlanması nəzərdə tutulub. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində də uğurlar qazanılıb. Çay plantasiyalarından, tərəvəz, taxıl, kartof sahələrindən bol məhsul yığılıb. Ötən illə müqayisədə 188 ton buğda, 2904 ton tərəvəz, 372 ton kartof, 9 ton yaşıl çay yarpağı çox istehsal edilib. Astara rayonunda yetişdirilən tərəvəz məhsulları ekoloji təmizliyi ilə seçilir. Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi rayonda aqrar bölmənin digər sahələri kimi, tərəvəzçiliyin inkişafı üçün də geniş imkanlar açıb. Fermerlər və torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları yerli bazarlarda və Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsulları yarmarkalarında satırlar. Bu il Astarada 2771 hektar sahədə tərəvəz məhsulları yetişdirilib, hər hektarın məhsuldarlığı 135 sentnerə çatdırılıb. Məhsul istehsalçıları ötən əsrin 70-80-cı illərində rayonda tərəvəzçilik sahəsində qazanılmış uğurların təkrarlanması üçün real imkanların olduğunu bildirirlər. Ümumiyyətlə, bu il rayonda 45 mindən çox tərəvəz məhsullarının istehsalı nəzərdə tutulub. Astara rayonunda çəltik yığımına başlanılıb. Ağır zəhmət tələb edən çəltikçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri ötən il 215 hektar sahədə çəltik yetişdirdikləri halda, bu il həmin rəqəmi 250 hektara çatdırıblar.

Əkin mövsümündə məhsul istehsalçılarına dövlət tərəfindən subsidiyaların verilməsi rayonda bu sahənin inkişafına marağı artırıb. Fermerlər bu il havaların əlverişli keçməsi nəticəsində çəltik sahələrində məhsuldarlığın 20 faiz artdığını bildiriblər. Ötən il olduğu kimi, bu il də ən çox çəltik Səncərədi icra nümayəndəliyinin əhatə etdiyi ərazidə əkilib. Rayonda çəltikçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri daha çox "Haşimi", "Həsəni", "Sədri" , "Xəzər", "Çin" və "Şaban" növlərindən olan toxumlara üstünlük verirlər. Məhsul istehsalçıları çəltikçilikdə yüksək məhsuldarlıq əldə etmək üçün yeni toxumların əkilməsini və mini texnikadan istifadəni vacib şərt hesab edirlər. Çəltik əkinində mineral gübrələrdən istifadə olunmadığından Astara rayonunda istehsal edilən düyü ekoloji cəhətdən ən təmiz məhsul hesab edilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Ulu Öndərimiz Heydər Əliyevin və görkəmli alim, dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevanın 90 illik yubileyləri ilə əlaqədar rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun şəhər, qəsəbə və kənd ərazi nümayəndəliklərində, bütün təşkilatlarda, o cümlədən təhsil, səhiyyə və mədəniyyət müəssisələrində tədbirlər keçirilib. Fərəhli haldır ki, rayonda ilk dəfə olaraq Rusiya, Türkiyə, Özbəkistan və Hindistandan gəlmiş tanınmış alimlərin və Azərbaycanın görkəmli elm xadimlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "İKT və Qloballaşma" mövzusunda konfrans keçirilib.

Astarada turistlərin böyük maraq göstərə biləcəyi çoxlu turist obyektləri var. Astara tarixi-mədəni abidələrlə, mənzərəli təbiət guşələri və istirahət yerləri ilə zəngindir. Rayonun ərazisindəki "Şindan qalası", "Divəkə" mağarası, "Gəlin qayası" dolmen abidələri, Azərbaycan dövlətçiliyinin banilərindən biri Şah İsmayıl Xətainin Ərçivan kəndində olduğu yerlər, həmin kənddəki "Şəhərgah" və "Xangəldi" əraziləri haqqında maraqlı məlumatlar var və bu barədə əhali arasında çoxlu əfsanələr söylənilir. Prezidentin sərəncamı ilə yaradılmış Hirkan qoruğunun böyük bir hissəsi də Astaranın ərazisindədir.

Rayonun dağətəyi ərazisində ilin bütün fəsillərində bitib-tükənməyən bulaqlar mövcuddur. Osman bulağı, Ərçivan kəndinəki "Yanar bulaq", "Savalan" ticarət mərkəzinin ətrafındakı bulaqlardan sızılan suların tayı-bərabəri yoxdur. Sım, Ağ körpü və Alaşa kəndlərindəki bulaqların suyu isə müalicə əhəmiyyətlidir. Ümumiyyətlə, rayon ərazisində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 102 tarix və mədəniyyət abidəsi yerləşir ki, onların da əksəriyyəti memarlıq abidələridir. Astara şəhərindəki XIX əsrə aid olan "Qum", Ərçivan kəndindəki Məhəmməd Hənəfiyyə, Giləkəran, Pensər, Şiyəkəran kənd məscidləri, Pensər və Ərçivan kəndlərindəki hamamlar, Ərçivan, Şiyəkəran, Səncərədəki Ləmlər qədim yaşayış yerləri, türbələr, ziyarətgahlar buna misal ola bilər. "Şindan", "Savalan", "Xəzər" və Gömrük mehmanxanaları, "Abşeron" və "Sahil" istirahət mərkəzləri isə müasir tələblərə cavab verən şəraitləri ilə il boyu turistlərin xidmətindədir. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.