Təhsil Nazirliyi Azərbaycanda ali təhsil
müəssisələrinin distant təhsilə keçiddə ləngimənin səbəbini
açıqlayıb. Nazirlikdən Movqe.az-a verilən məlumata görə,
"Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən təhsilalma formalarından biri də
distant təhsildir. Lakin tədrisin distant formada icra mexanizmi
olmadığından respublikanın ali təhsil müəssisələrində distant
təhsilalma forması tətbiq edilməyib. Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzinin proqram rəhbəri Elmina Kazımzadə Movqe.az-a
bildirib ki, Azərbaycanda qiyabi təhsili distant təhsillə
əvəzləməzdən öncə kadr problemi həll olunmalıdır.E. Kazımzadənin
sözlərinə görə, distant təhsilə keçiddən öncə fikirləşmək lazımdır
ki, təhsil müəssisələrində qiyabi təlim metoduna alışan müəllimlər,
distant təhsil sistemini tətbiq edə biləcəklərmi? E. Kazımzadə
bildirib ki, qiyabi təhsil ləğv olunmazdan öncə, distant təhsilin
tətbiqi üçün kadr hazırlığı aparılmalıdır".
Qeyd edək ki,Azərbaycanda ilk dəfə distant təhsil 2001-ci ildə
Azərbaycan Dövlət İqtisad Universitetində İxtisasartırma və yenidən
hazırlama fakültəsində tətbiq olunub.
2015-ci ildən isə Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbulun dayandırılması nəzərdə tutulur. Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev mətbuata açıqlamasında bildirib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq: "Çünki bütün dünyada belə qəbul olunub. Keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra - 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar".