Baş Konsulluq Sankt-Peterbuqrdakı kütləvi zəhərlənmə ilə bağlı açıqlama verib

27 Avqust 2013 13:02 (UTC+04:00)

Sankt-Peterburqun "Pulkovo" aeroportunun yeni terminalındakı tikinti meydançasında kütləvi zəhərlənmə nəticəsində xəsarət alanlar arasında azərbaycanlılar yoxdur. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Konsulluqdan bildiriblər ki, tikintini həyata keçirən şirkətdə 5 azərbaycanlı çalışır, onlardan heç biri zəhərlənmə ilə bağlı şikayət etməyib.

 Qeyd edək ki, "İnterfaks"ın məlumatına görə, "IC Ictas-Astaldi" tikinti şirkətində çalışan 350 nəfər, o cümlədən Azərbaycan, Türkiyə və Tacikistan vətəndaşları toyuq ətindən zəhərləniblər. Zəhərlənənlər xəstəxanaya çatdırılıb, onların əksəriyyəti ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 15 nəfərin vəziyyəti ağır olaraq qalır, faktla bağlı cinayət işi başlanıb.